Ekskluziv
2135
30 Aug 2025 | 13:40

"Cəbhədə vəziyyət, təhlükəsizlik zəmanətləri və "bufer zona" haqqında" - Zelenski

 
Ukrayna prezidenti jurnalistlər üçün brifinq keçirib
 
Ukrayna prezidenti Vladimir Zelenski avqustun 29-da keçirdiyi brifinqdə ölkənin hərbi vəziyyəti, təhlükəsizlik zəmanətləri ilə bağlı danışıqlar və Rusiya ilə mümkün təmas barədə açıqlamalar verib. O, həmçinin gənclərin ölkədən çıxışı ilə bağlı qəbul edilən yeni qərarı izah edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "tsn.ua" nəşri yazıb.
 
Cəbhədə vəziyyət
 
Zelenski bildirib ki, Rusiyanın işğalçı ordusu əsas qüvvələrini Pokrovsk istiqamətində cəmləşdirib, burada təxminən 100 min əsgər toplanıb. Onların hücuma hazırlaşdığını vurğulayan prezident Ukrayna tərəfinin bu hazırlığı izlədiyini və nəzarətdə saxladığını qeyd edib.
 
Xarkov və Sumı istiqamətlərində Ukrayna ordusu aktiv əməliyyatlar aparır, Zaporojyedə isə rus qoşunlarının hava-desant qüvvələrini toplayaraq böyük qruplaşma yaratdığı bildirilib.
 
"Bufer zona" mübahisələri
 
Son günlər Avropa mediasında səslənən 40 kilometrlik bufer zona təkliflərinə toxunan Zelenski belə zonanın artıq faktiki olaraq mövcud olduğunu deyib. Onun sözlərinə görə, pilotsuz uçuş aparatlarının intensiv istifadəsi nəticəsində ciddi hərbi texnikanın 10 kilometrlik məsafədən irəli çıxması mümkünsüzdür.
 
"Kim bufer zona istəyirsə, Rusiyanın özü işğal etdiyi ərazilərin dərinliyinə çəkilə bilər. Bizim üçün əlavə şərtlər, vaxt uzatmaları lazım deyil. "Ölü zona", yəni ağır texnikanın mövcud ola bilmədiyi sahə artıq var," - Zelenski bildirib.
 
Təhlükəsizlik zəmanətləri
 
Zelenski Ukraynanın təhlükəsizliyinin üç əsas blok üzərində qurulmalı olduğunu vurğulayıb:
 
- Ordunun həm daxili istehsal, həm də Avropa və ABŞ-dan alınan silahlar hesabına saxlanılması və silahlanması;
 
- Əgər Alyansa qəbul mümkün olmazsa, NATO-ya alternativ müdafiə mexanizmləri öhdəlikləri daşıyan formatlarda Ukraynanın qorunması;
 
- Sanksiyalar və Rusiyamın dondurulmuş aktivləri- Rusiyanın yeni təcavüzü halında sərt iqtisadi basqılar və həmin aktivlərin Ukraynanın bərpası üçün istifadəsi.
 
Prezident əlavə edib ki, təhlükəsizlik zəmanətlərinə həm də Ukraynanın Avropa İttifaqına üzvlüyü daxildir. Onun fikrincə, bu, yalnız siyasi deyil, həm də iqtisadi sabitlik anlamına gəlir.
 
ABŞ və Avropa ilə danışıqlar
 
Zelenski yaxın həftələrdə Avropada bir sıra liderlərlə təhlükəsizlik zəmanətləri barədə görüşlər keçiriləcəyini açıqlayıb. ABŞ-la müzakirələrdə isə silah proqramları, infrastrukturun müdafiəsi və investisiya imkanları gündəmdə olacaq.
 
Gənclərin ölkədən çıxışı
 
Prezident son qərara əsasən 18-22 yaşlı kişilərin ölkədən çıxışına icazə verilməsinin ordunun müdafiə qabiliyyətinə mənfi təsir etməyəcəyini vurğulayıb. Əksinə, bu qərarın məqsədi gənclərin təhsilini tamamlamağa şərait yaratmaqdır:
 
"Ən böyük risk odur ki, məktəbi bitirməmiş uşaqlar ölkədən çıxarılır və artıq Ukrayna ilə bağlarını itirirlər. Biz istəyirik ki, onlar təhsillərini və həyatlarının əsas mərhələlərini doğma ölkədə keçirsinlər".
 
Rusiya ilə mümkün görüş
 
Moskva ilə görüş məsələsinə də toxunan Zelenski Kreml tərəfinin eyni anda həm görüş ehtimalını nəzərdən keçirdiyini, həm də onun qarşısını almağa çalışdığını bildirib. O, Peskovun səsləndirdiyi "denasifikasiya" tipli tələbləri isə köhnə ritorika və cəmiyyətin radikallaşdırılması üçün alət adlandırıb.
 
Zelenskinin son açıqlamaları göstərir ki, Kiyev bir tərəfdən cəbhədə vəziyyəti sabit saxlamağa, digər tərəfdən isə Qərblə təhlükəsizlik zəmanətlərini konkretləşdirməyə çalışır. Ukraynanın gələcək təhlükəsizliyi həm ordunun gücü, həm də beynəlxalq dəstək üzərində qurulacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər