Ekskluziv
3456
30 Aug 2025 | 09:48

"Netanyahu hakimiyyəti müvəqqətidir... Xalqlarımız arasında isə tarixən qarşılıqlı inam və əməkdaşlıq var...”

“İsrail hökuməti belə addımlarla Türk dünyasını özündən uzaqlaşdırır, etimadı zədələyir. Halbuki, Türkiyə olmadan Yaxın Şərqdə heç bir dayanıqlı proses baş tutmaz".
 
Siyasi şərhçi Əli Orucov Moderator.az-a açıqlamasında İsrailin baş naziri Benyamin Netanyahunun “erməni soyqırımı”nı tanıması ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib. O, bu bəyanatın nə tarixi ədalətə, nə də regional sülhə xidmət etdiyini vurğulayıb:
 
"Netanyahunun bu açıqlaması qəzəb, kin və qisasçılıqdan başqa bir şey deyil. Bu, Ankaranın qəti mövqeyinə qarşı bir cəza cəhdidir", – deyə Ə.Orucov bildirib.
 
O qeyd edib ki, Fələstin məsələsində ən sərt və prinsipial mövqeni tutan dövlət məhz Türkiyədir. Ankara, Netanyahunun Qəzzada yaratdığı humanitar fəlakətə qarşı çıxmaqla beynəlxalq miqyasda Təl-Əvivi çətin duruma salır və bu, İsrail rəhbərliyini narahat edir:
 
"Türkiyə İsrailin gələcək işğalçı planlarına qarşı dayanan yeganə güclü dövlətdir. Netanyahu isə düşünür ki, 1915-ci il hadisələrini “soyqırım” kimi tanımaqla Türkiyəni haqlı mövqeyindən çəkindirə bilər. Amma bu, mümkün deyil", – deyə o əlavə edib.
 
Ə.Orucov, həmçinin Ermənistanın belə bu iddialardan geri çəkildiyini xatırladıb:
 
"Paşinyan özü etiraf edib ki, “soyqırım” iddiaları SSRİ tərəfindən Türkiyəyə təzyiq vasitəsi kimi uydurulub. Bu iddialar nə Ermənistan dövlətinə, nə də erməni xalqına sülh və rifah gətirməyib. Netanyahunun bu addımı isə nə erməni xalqına, nə də yəhudi xalqına fayda verir. Əksinə, xalqlar arasında münasibətləri pozur".
 
O bildirib ki, bu bəyanat İsrailin strateji tərəfdaşı olan Azərbaycanla da münasibətlərə zərər vura bilər.
 
"Netanyahunun açıqlaması Azərbaycan cəmiyyətində də narazılıq doğurur. İsrail və Azərbaycan dövlətləri və xalqları arasında tarixən qarşılıqlı inam, rəğbət və əməkdaşlıq var. Bu cür açıqlamalar həmin münasibətlərə xələl gətirə bilər. Bu etimadı sarsıtmaq cəmiyyətdə daha çox narazılıq yaradacaq və heç bir dövlətin maraqlarına xidmət etməyəcək. Netanyahu hakimiyyəti müvəqqətidir. Onun reytinqi sürətlə düşür. Qarşıdakı parlament seçkilərində qalib gələcəyi və hakimiyyətini qoruya biləcəyi şübhə doğurur. Ancaq yəhudi xalqı ilə Azərbaycan və Türkiyə xalqlarının tarixi əlaqələrini və dostluğunu pozmağa uğursuz təşəbbüs etməklə Netanyahu daha çox öz xalqına zərər vurmuş olur”, -deyə həmsöhbətimiz diqqətə çatdırıb.
 
Əli Orucovun fikrincə, bu addım həm də İslam coğrafiyası ilə münasibətləri normallaşdırmaq məqsədi daşıyan “İbrahim Sazişi” proseslərinə mənfi təsir göstərir:
 
"İsrail hökuməti belə addımlarla Türk dünyasını özündən uzaqlaşdırır, etimadı zədələyir. Halbuki, Türkiyə olmadan Yaxın Şərqdə heç bir dayanıqlı proses baş tutmaz".
 
Siyasi şərhçi vurğulayıb ki, İsrailin Yaxın Şərqdə gərginliyi artıran fəaliyyəti, xüsusən də Suriyaya yönəlik hücumlar, Colan təpələri və kürd qüvvələrinə dəstək kimi addımlar regionda yeni münaqişə riskini artırır:
 
"İsrailin bu təxribatçı addımları yeni böyük qarşıdurmalara təkan verə bilər. Ankaranın iştirakı olmadan regionda heç bir sabitlik mümkün deyil. Türkiyə sadəcə regional deyil, qlobal aktordur və NATO-nun ABŞ-dan sonra ən güclü ordusuna sahibdir".
 
O, İsrailin Aralıq dənizindəki addımlarını da diqqətə çatdıraraq bildirib:
 
"Təl-Əvivin Yunan Kiprində hərbi mövcudluğunu artırması da Ankara ilə münasibətləri gərginləşdirir. Türkiyə bu bölgədə öz maraqlarını qorumaq gücündədir və qoruyacaq da".
 
Sonda isə Əli Orucov ümidvar olduğunu bildirib ki, gələcəkdə yeni siyasi iradə və real diplomatik təşəbbüslərlə İsrail və Türkiyə münasibətlərində gərginlik aradan qaldırıla bilər:
 
"Netanyahu, öncə dediyimiz kimi müvəqqəti hakimiyyətdir. Əgər Tramp və ya digər beynəlxalq aktorlar səmimi vasitəçilik etsələr, bu iki güclü dövlət ortaq dil tapa bilər".
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər