“Putin 30 milyon sakininin hələ də normal tualeti olmayan Rusiya üçün “qalib” obrazı yaratmağa çalışır...”
Ekskluziv
3844
20 Aug 2025 | 14:34

“Putin 30 milyon sakininin hələ də normal tualeti olmayan Rusiya üçün “qalib” obrazı yaratmağa çalışır...”

“İnanıram ki, bunu artıq Rusiyada insanların bir qismi  başa düşür, qalan hissəsi də tezliklə anlayacaq və soruşacaqlar ki, Ukraynadakı bu itkilər nədən ötrüdür, hansı məqsədlədir...”
 
Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Moderator.az əməkdaşı ilə qısa söhbətində son dönəmlərdə dünya siyasətindəki ən mühüm mövzulardan biri olan Rusiya-Ukrayna müharibəsinə dair dərin təhlilini bölüşüb. O, müharibənin yalnız ərazilərin əldə edilməsi məsələsi ilə bitmədiyini, əksinə, işğalçı Rusiya diktatoru Vladimir Putin üçün əsas məqsədin  özünün uydurma “qalib” obrazınl yaratmaq olduğunu vurğulayıb. Zülfüqarov həmçinin ABŞ prezidentinin bu vəziyyətdə necə mövqeyini bildirdiyini və Ukraynanın da daxili çətinliklərlə üzləşdiyini qeyd edib. Bu müsahibə müharibənin gerçək mənzərəsini və siyasətçilərin strategiyalarını daha yaxşı anlamağa imkan verir.
 
-Tofiq müəllim, Zelenski ilə Tramp arasında Ağ Evdəki son görüşü necə dəyərləndirirsiniz? Putinlə üç tərəfli, ikitərəfli görüşlər də baş tutacaqmı?
 
-Zelenski ilə Tramp arasındakı görüşün müəyyən əhəmiyyəti olduğunu düşünürəm. Amma bu görüşlərdə hansısa konkret mövzular əsas müzakirə obyekti deyil; kim hansısa torpaqları nəzarət altında saxlayacaq, kim saxlamayacaq. Məsələ ondadır ki, Zelenskinin Ukrayna Konstitusiyanı pozmaq və hansısa əraziləri Rusiyaya təhvil vermək üçün nə niyyəti, nə də imkanı var. Deməli, Putin üçün bu görüşlərin əsas məqsədi  Rusiya üçün bir "qalib" obrazı yaratmaqdır. Və əslində hazırda Rusiyanın əsas istəyi, o cümlədən diplomatik hədəfi bununla bağlıdır. Putin bununla gələcəkdə öz hakimiyyətini sığortalamaq niyyəti güdür. Onsuz da hamı başa düşür ki, bu görüşlərin arxasında Rusiya dayanır. Moskvadakıların hədəfi öz mövqelərini gücləndirmək və qalib kimi təqdim etməkdir. Çünki Tramp özü də deyir ki, bu görüşdən sonra Putinə zəng edəcəm... Bu, təbliğatın bir parçasıdır və Putin, dediyim kimi, bu şəkildə Rusiyanın, əslində özünün qalib obrazını yaratmağa çalışır. Lakin bu, mümkün olan bir şey deyil. Məntiqə uyğun olmayan bir məsələdir.  Putin Ukraynaya bu hücumlar nəticəsində ölkəyə yüz minlərlə canlı itki,  trilyonlarla maddi itki verib. Rusiyanın ordusu demək olar ki, dağıdılıb, ölkə dağılır, böyük çətinliklərlə qarşı-qarşıyadır. Bütün bu itkilər müqabilində Ukraynanın bir neçə yerlə yeksan edilmiş  vilayətinin bir hissəsini özünə qatıb. Və mən inanıram ki, bunu artıq Rusiyada insanların bir qismi  başa düşür, qalan hissəsi də tezliklə anlayacaq və soruşacaqlar ki, Ukraynadakı bu itkilər nədən ötrüdür, hansı məqsədlədir. Çünki Rusiyanın daxili problemləri çox böyükdür. Təxminən 47 milyon insan normal yaşayış şəraitindən, istilik sistemindən məhrumdur. 30 milyon insanın isə hələ də normal tualeti yoxdur. Putin belə bir ölkə üçün “qalib” obrazı yaratmağa çalışır... Bütün bu daxili çətinliklər, Rusiya üçün ciddi problemlər yaradacaq və bu, onların beynəlxalq səhnədəki mövqelərinə də mənfi təsir göstərir. İqtisadi vəziyyəti və infrastruktur problemlərini daha da dərindən düşünmək lazımdır. Bu gün infrastruktir baxımından Moskva, Sankt-Peterburqu çıxmaq şərti ilə qalan şəhər, qəsəbə və kəndlər pis gündədir. Bunu ruslar özləri deyir. Və onların da başa düşəni anlayır ki, Ukrayna savaşına xərclənən trilyonlar Rusiyanın özünə xərclənsəydi, bəlkə də belə iqtisadi-sosial problemləri həll etmək olardı.
 
Yəni, bir daha deyirəm, Kreml üçün, Putin üçün son görüşlərdəki əsas məsələ "qalib gəlmək" deyil. Bu, məntiqsiz bir görüntü yaratmaqdır ki, sanki Rusiya müharibədə qalib gəlib. Hanı sənin qələbən, kimə qalib gəlmisən?
 
-Belə çıxır ki, Birləşmiş Ştatlar lideri Donald Tramp onu Alyaskaya- Amerika torpağına dəvət etməklə Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən həbsinə order verilmiş və bir çox dünya ölkələrinə getmək imkanı olmayan işğalçı Rusiya diktatoru Vladimir Putinə “qalib” obrazı yaratmaqda,  “izqoy”-səfil durumundan çıxmaqda dəstək vermiş oldu...
 
-Bilirsiz, Trampın da ayrı yolu yoxdur. O, müharibənin dayandırılması üçün məcburdur ki, hər iki tərəfin, yəni həm Rusiya, həm də Ukraynanın istəklərini bir araya gətrisin... 
 
-Həm də Nobel Sülh Mükafatı almaq niyyəti güdür...
 
-Bəli, Nobel mükafatı da almaq istəyir. Amma o başqa məsələdir. Sizə deyim ki, 
bu vəziyyətdə Ukraynanın tərəfini tutan dövlətlər əslində ona bu dəstəyi lazımi səviyyədə vermirlər. İkincisi,  Ukraynada da artıq vəziyyət çox ağırdır. Xalqın böyük bir hissəsi cəbhəyə cəlb edilib, üstəlik, xeyli bir hissəsi də ölkəni tərk edib. Və orduya yeni qüvvələr səfərbər edilməsi də ciddi problemdir. Yəni Ukrayna bunu polis gücünə etməyə məcbur olur. Rusiyadakı həddə olmasa da, korrupsiya halları da var. Bir sözlə ölkədə daxili durum o qədər də stabil deyil...
Yəni bir var təbliğatın bizə təqdim etdiyi xəbərlər, şəkillər, mənzərə,  bir də var, gerçəklik... Müharibədə hər şey olur: qəhrəmanlıq da, satqınlıq da... Lakin biz başa düşməliyik ki, Ukraynanın da imkanları hədsiz deyil. Və demək olar ki, əslinə qalsa, Rusiya ilə Ukrayna ümumilikdə eyni vəziyyətdədirlər...
 
-Yəqin ki, bundan sonra Trampın təşkilatçılığıyla Putin-Zelenski görüşü baş tutsa da, Rusiya diktatorunu Ukrayna və dünya üçün ədalətli bir qərar verməsinə gətirib çıxarmağa vadar etmək mümkün olmayacaq?
 
- Yenə deyirəm, buradakı əsas məqsəd, sadəcə hansısa ərazilərin nəzarət altına alınması deyil. Putin üçün məqsəd qalib obrazının yaradılmasıdır. Sabah atəşkəs elan ediləndən sonra o, tribunaya qalxıb Rusiya xalqına nə deyəcək?  Deyəcək ki, biz Ukraynadakı rusları xilas etmişik, NATO-nu məhv etmişik. Və sairə kimi cəfəng fikirlər söyləyəcək.  Fəqət insanların həyatı üçün əhəmiyyət kəsb edən iki əsas əşya var: televizor və soyuducu. Bu ikisi arasında müqayisə aparanda ruslar da Putindən soruşacaq ki, bəs nə oldu, hanı bizə vəd etdiyin qələbə və firavan həyat?.. 
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər