Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
4431
30 Jun 2025 | 11:24

Rusiyadakı azərbaycanlıların Vətənə dönüşü üçün proqram: həm də Qarabağın tezliklə məskunlaşdırılması üçün strateji fürsət...

"Bu gün Rusiyaya qarşı emosional və sərt çıxışlardan daha çox, ölçülmüş, ağıllı və strateji dövlət yanaşmasına ehtiyac var…"
 
"Azərbaycanın əsil müxalifəti Rusiyadadır?.."
 
"Rusiyanın xalqımıza, dövlətimizə, o cümlədən o ölkənin ərazisində yaşayan həmvətənlərimizə təzyiqlərini azaltmaq üçün öncə bu işğalçı, imperialist xislətli dövlətin Azərbaycana qarşı təzyiq və təhdid vasitələrini mümkün qədər zərərsizləşdirmək gərəkdir…"
 
"Əlbəttə, əgər quru sərhədlərimizin bağlı qalması doğrudan da təhlükəsizliyimiz üçün vacibdirsə, son günlər İsrail-İran savaşı ilə bağlı xarici vətəndaşlar üçün etdiyimiz kimi, həmin sərhədlərin mərhələ-mərhələ yalnız Rusiyadan gələn həmvətənlərimiz üçün açılması da mümkündür..."
 
-FİKİR SAVAŞI…-
 
Son dövrlərdə Rusiya Federasiyasında yaşayan azərbaycanlılara qarşı təzyiq, təqib və hüquqsuzluq halları ciddi şəkildə artmaqdadır. Yekaterinburqda “FSB”, “OMON” və s. tərəfindən guya hansısa 24 il öncəki cinayət işinin araşdırılması zamanı bəzi məlumatlara görə, 5 həmvətənimizin öldürülməsi, onlarla insanımızın amansız, vəhşi işgəncələrə məruz qalması bunun bariz nümunəsidir. Hazırkı vəziyyət Azərbaycan üçün sadəcə qəzəb və emosional reaksiya zamanı deyil. Bu, ölkənin diasporuna münasibət, vətəndaşlarının təhlükəsizliyi və Rusiya ilə münasibətlərin real dəyərləndirilməsi üçün bir sınaq nöqtəsidir...
 
Azərbaycan dövləti balanslı, lakin açıq və tələbkar siyasət yürütməli, həm beynəlxalq aləmdə, həm də Rusiya daxilində hüquqi və diplomatik resurslarını tam səfərbər etməlidir... 
 
Onu dərk etmək vacibdir ki, “FSB” tərəfindən Rusiyada yaşayan yüz minlərlə soydaşımıza qarşı həyata keçirilən məqsədli həbslər, işgəncə xəbərləri, əsassız deportasiyalar təkcə ayrı-ayrı insanların hüquq problemi deyil – bu hadisələr artıq milli təhlükəsizlik və strateji dövlətçilik məsələsinə çevrilməkdədir və bu, dövlətçiliyimizin sabahı məsələsidir...
 
Ən əsası isə – əgər bu proses nəzarətsiz qalarsa, Rusiya azərbaycanlılarından ölkəmizə qarşı təzyiq aləti kimi istifadə oluna bilər. Bu səbəbdən indi emosional və sərt çıxışlardan daha çox, ölçülmüş, ağıllı və strateji dövlət yanaşmasına ehtiyac var...
 
Rusiyanın xalqımıza, dövlətimizə, o cümlədən o ölkənin ərazisində yaşayan həmvətənlərimizə təzyiqlərini azaltmaq üçün öncə bu işğalçı, imperialist xislətli dövlətin Azərbaycana qarşı təzyiq və təhdid vasitələrini mümkün qədər zərərsizləşdirmək gərəkdir. Həmin vasitələr isə əsasən bunlardır:
 
1. "Beşinci kolon" – ölkə daxilində Rusiyapərəst ideologiyanı yayan, dövlətin qərarlarına təsir etməyə çalışan siyasi-ictimai qüvvələr.
 
2. Agentura şəbəkələri və “FSB” bağlantılı şəxslər – ictimai, media və siyasi dairələrdə fəaliyyət göstərən, Rusiyanın maraqlarını qoruyan şəxslər.
 
3. Rusiyada yaşayan Azərbaycan vətəndaşları (miqrantlar) – Kremlin “deportasiya təhdidi” vasitəsilə Azərbaycana təzyiq göstərmək üçün istifadə edə biləcəyi sosial və demoqrafik resurs.
 
4. Rusiyada olan azərbaycanlı iş adamlarının biznes maraqları – iqtisadi rıçaq vasitəsi ilə Bakıya təsir etmək imkanı.
 
5. Enerji və nəqliyyat asılılığı – bəzi istiqamətlər üzrə (xüsusən də Şimal-Cənub nəqliyyat dəhlizi) Moskvanın geosiyasi nəzarəti.
 
6. Kiber müharibə və informasiya sabotajı:
 
Dövlət qurumlarına, bank sisteminə, media platformalarına və strateji infrastruktur obyektlərinə yönəlmiş haker hücumları.
 
Azərbaycana qarşı dezinformasiya kampaniyaları, saxta sənədlər və montaj videolar.
 
Sosial şəbəkələrdə troll və bot şəbəkələri ilə ictimai narazılığın yönləndirilməsi, millətlərarası və siyasi ziddiyyətlərin qızışdırılması.
 
7. İnformasiya müharibəsi – Rusiyayönlü media, YouTube kanalları, Telegram səhifələri vasitəsilə Azərbaycanda ictimai rəyə təsir cəhdləri.
 
8. Təhsil və ideoloji təsir alətləri – rusdilli məktəblər və Rusiya təhsil müəssisələri vasitəsilə uzunmüddətli təsir siyasəti.
 
9. Gələcəkdə Qarabağ məsələsində Ermənistanı müdafiə rıçaqları – Ermənistan vasitəsilə Azərbaycanı geo-siyasi təzyiq altında saxlamaq cəhdləri…
 
Bu təzyiq-təhdid vasitələri milli(!), müstəqil(!) dövlətimiz tərəfindən mümkün qədər aradan qaldırılmalıdır. İnşəAllah, yaxın gələcəkdə onların hər birinin ayrl-ayrılıqda aradan qaldırılması yolları haqda ətraflı yazmağa çalışacağıq. 
 
Bu gün hələlik gündəmdə olan Kremlin “deportasiya təhdidi kimi dəyərləndirilən Rusiyada yaşayan Azərbaycan vətəndaşlarının (miqrantlar) təzyiq vasitəsinə çevrilməsinin qarşısını almağın yollarından danışacaq və bu istiqamətdə qısa bir proqram təqdim etməyə çalışacağıq:
 
Azərbaycanın əsil müxalifəti Rusiyadadır?..
 
Hələ 1990-cı illərin sonlarında yazırdım ki, Azərbaycanın əsil müxalifəti Rusiyadadır. Bəli, müxalifət deyəndə söhbət siyasi təşkilatlardan getmir. Söhbət daha dərindən gəlir...
 
Rusiyada, uzaqbaşı, bəzi məlumatlara görə 3 milyon nəfərə yaxın azərbaycanlı yaşayır. Onlardan Rusiya vətəndaşlığı alanların sayı təxminən 1,5 milyondur, təxminən 330 000 Azərbaycan vətəndaşı rəsmi miqrant statusundadır, onlardan 122 568 nəfər rəsmi qeydiyyatlıdır. Bundan əlavə, təxminən 739 000 qeyri-leqal miqrant var və onların arasında da azərbaycanlılar yer alır.
 
Şimal qonşumuzun ərazisində yaşayan həmvətənlərimizin böyük əksəriyyəti 1990-cı illərdə ölkədəki işsizlik, sosial-iqtisadi çətinliklər, maaş və pensiyaların yetərsizliyi, uşaq pulunun olmaması(bir müddət çox cüzi miqdarda ayrılsa da, sonradan o da ləğv edildi) səbəbindən bu ölkəyə üz tutmuş insanlardır. Bu insanlar arasında cəmiyyətin sosial-siyasi baxımdan fəal, ictimai şüuru oyanmış təbəqəsi üstünlük təşkil edir...
 
İndi təsəvvür edin: bu şəxslərdən 50–100 min nəfər Kreml tərəfindən qəfil bir qərarla Azərbaycana qaytarılır. Lakin burada onlar:
 
Nə iş tapa bilirlər,
 
Nə dolanışıq qaynağı əldə edə bilirlər,
 
Nə də sosial müdafiə şəbəkəsinə qoşula bilirlər.
 
O zaman onlar, təbii olaraq, narazı yerli təbəqələrlə birləşib sosial partlayış riski doğura biləcək etiraz aksiyalarına qoşulacaqlar…
 
Rusiyadakı azərbaycanlılar arasında Qarabağın bərpası üçün real insan və kapital resursu var…
 
Fəqət bu təhlükəni fürsətə çevirmək mümkündür. Yəni problemə yox, proqrama çevirmək.
 
Sözümün canı  ondadır ki, bu, sadəcə humanitar addım deyil, həm də siyasi təhlükənin qarşısını almaqdır!
 
Bəli, bu həm də daxildəki sabitliyi qorumaq üçün önləyici zərbədir. Çünki yuxarıda dediyimiz kimi, Rusiya bir gün bu insanları öz geo-siyasi təzyiq alətinə çevirə bilər...
 
Ancaq biz onları əvvəlcədən planlı(əlbəttə ki, könüllülük əsasında) şəkildə Vətənə qaytarsaq, onların enerjisini, imkanlarını və potensialını vətənə, torpağa, iqtisadiyyatımıza yönləndirə bilərik. Rusiyadakı imkanlı iş adamları üçün Qarabağda sərmayə təşviqləri tətbiq etmək də bu layihənin mühüm tərkib hissəsi olmalıdır…
 
Əlbəttə, əgər quru sərhədlərimizin bağlı qalması doğrudan da təhlükəsizliyimiz üçün vacibdirsə, son günlər İsrail-İran savaşı ilə bağlı xarici vətəndaşlar üçün etdiyimiz kimi, həmin sərhədlərin mərhələ-mərhələ yalnız Rusiyadan gələn həmvətənlərimiz üçün açılması da mümkündür...
 
Azərbaycan dövləti Rusiya azərbaycanlılarının qayıdışı ilə Qarabağın bərpası, məskunlaşdırılması və iqtisadi dirçəlişini birləşdirən genişmiqyaslı strateji proqram həyata keçirə bilər. Bu proqram aşağıdakı hədəfləri özündə cəmləyə bilər:
 
1. Soydaşların könüllü və mərhələli şəkildə qayıdışı
-Onlara güzəştli ipoteka, torpaq sahəsi, müvəqqəti sosial evlər və iş imkanları təklif edilməlidir.
 
-Ənənəvi yaşayış yerlərinə və xüsusilə işğaldan azad edilmiş bölgələrə yerləşdirilməlidirlər.
 
2. Rusiyadakı imkanlı azərbaycanlılara Qarabağda sərmayə şəraiti yaradılması
 
-Onlar üçün vergi güzəştləri, inzibati sadələşmə, tikinti icazələri və s. istiqamətlərdə xüsusi paket hazırlanmalıdır.
 
-Sənaye, kənd təsərrüfatı, xidmət və turizm sektoru üzrə investisiya layihələri təşviq edilməlidir.
 
3. Diaspor potensialının daxili gücə çevrilməsi
 
-Bu şəxslər sadəcə “qayıdan miqrant” yox, təcrübəli sahibkar, usta, mütəxəssis, ictimai fəal kimi Azərbaycan cəmiyyətinə inteqrasiya edilməlidirlər.
 
-Onların təşkilatlanmış potensialı lokal iqtisadi inkişaf və milli həmrəylik üçün ciddi güc mənbəyi ola bilər.
 
Sabitlik üçün ilkin şərt: ölkə daxilində islahat…
 
Bunu da deyim, qardaşlar, bacılar... Bu insanlar Vətənə qayıdıb burada yenə rüşvət, haqsızlıq, ədalətsizlik, “sən kimsən?” yanaşması ilə üzləşəcəklərsə, onda bu işin heç bir mənası qalmır!..
 
Əvvəlcə ölkə daxilində qanunlar işləməlidir. İnsan haqları qorunmalıdır. Rüşvətə, yerlibazlığa, qohumbazlığa, tayfabazlığa ölüm hökmü verilməlidir – ən azı mənəvi cəhətdən…
 
Yəni bütün bunlar yalnız bir halda uğurlu ola bilər: əgər ölkənin daxilində real sosial-siyasi islahatlar həyata keçirilərsə. Əgər qayıdan insan bu suallara cavab tapa bilmirsə, o zaman heç bir proqram işə yaramayacaq:
 
“Hüququm pozulsa, məhkəmə işləyəcəkmi?”
 
“Rüşvət vermədən biznes qura biləcəyəmmi?”
 
“Uşaqlarımı məktəbə rahat göndərəcəyəmmi?”
 
Xülasə, soydaşlarımızın qayıdışını həyata keçirməmişdən öncə Azərbaycanın daxilindəki əhalinin rifah halının yaxşılaşdırılması, ölkədə qanunların işləməsi, insan haqlarının qorunması üçün təcili, radikal tədbirlər görülməlidir.
 
Bəli, bunu 2005–2015-ci illərdə – neft pulları ölkəyə axdığı zaman – daha rahat etmək mümkün idi. Amma bu gün də gec deyil… Və Əgər dediyimiz kimi, düzgün, bürokratiya və korrupsiyadan uzaq, optimal iqtisadi-siyasi strategiya tətbiq edilərsə, bu proqram həm iqtisadi dirçəlişə, həm sosial sabitliyə, həm də milli birliyə töhfə verə bilər…
 
Rusiya ilə gərginlik: təzyiqlərə cavabın yolu soydaşlarımızın gücləndirilməsidir
 
Kremlin təzyiqlərinə emosional reaksiya vermək, ya da etinasız qalmaq Azərbaycan dövlətçiliyi üçün risklidir. Amma düzgün düşünülmüş, diplomatik və sosial-iqtisadi cəhətdən əsaslandırılmış "Vətənə qayıdış və Qarabağın bərpası, məskunlaşdırılması" proqramı həm geopolitik cavab, həm də daxili sabitlik layihəsidir...
 
Bu layihə bir siyasi jest deyil — Azərbaycanın gələcəyini formalaşdıracaq real strategiyadır...
 
Nəticə əvəzi:
 
Rusiya Azərbaycanlılarının vəziyyəti artıq bir şəxsi miqrasiya məsələsi deyil. Bu, həm insan hüquqları, həm dövlət təhlükəsizliyi, həm Qarabağın inkişafı, həm də cəmiyyətin sabitliyi məsələsidir.
 
Bu gün atılacaq doğru addımlar, sabahı xilas edə bilər. Soydaşlarımızın qayıdışını planlı, mərhələli və insani şəkildə həyata keçirmək — sosial partlayışı fürsətə çevirmək deməkdir...
 
Bu gün doğrunu etsək, sabah Rusuyadakı həmvətənlərimiz mitinqə yox, torpağa dönərlər...
 
Bu gün doğru strategiya ilə bu soydaşlarımızı iş, ev, torpaq, dəyər hissi ilə qarşılasaq, onlar meydanlara yox, torpağa, işə, gələcəyə dönərlər.
 
Əks halda... gələnlər meydanlara toplaşanda gec olacaq...
 
İndi buyur, dəyərli fəhlə, süpürgəçi, müəllim, həkim, mühəndis, hərbçi, məmur, nazir, başçı və s. timsalında olan oxucu, düşün: biz bu millətin xaricdə üzən milyonları ilə neyləyəcəyik? Onları siyasi alətəmi çevrilməyə buraxacağıq, ya da öz milli gücümüzəmi qatacağıq?..
 
Cavab bu gün verilməlidir. Yoxsa sabah artıq qayıdanlar meydanlara toplananda cavab verməyə imkan olmayacaq...
 
Sultan Laçın
 
Top xəbərlər
Link kopyalandı!
Son xəbərlər