Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
3005
02 Jun 2025 | 13:16

“Rüşvət verməyə, yalançılığa, saxtakarlığa məcbur olanda iyrənirsənmi?..”-ŞƏXSİYYƏT-MƏMUR TESTİ

Əgər sən  rüşvət verməyə, yalan deməyə, saxtakarlığa məcbur olanda iyrənmirsənsə, deməli, bir insan kimi şəxsiyyət yox, şəxsi ət tuluğusan və yaşadığın məmləkətdə, cəmiyyətdə, dünyada hansısa neqativ hadisədən, haqsızlıqdan, ədalətsizlikdən şikayət etməyə haqqın yoxdur...”
 
“...İşə qəbul imtahanlarında, müsabiqəsində, yaxud işə davam etmək üçün keçirilən sertifikasiya imtahanlarında öncə namizədlərin elm, bilik və bacarıqlarını yox, onların niyyətlərini yoxlamaq gərəkdir. Bunun üçün onları xüsusi şəxsiyyət-məmur testindən keçirmək lazımdır...”

"Babat vəzifədə olan, yaxud külli miqdarda var-dövlətə malik birinin cinayətkar, saxtakar, dələduz, korrupsioner olduğunu bilə-bilə onunla görüşməkdən, onunla yanaşı foto, selfi, video çəkdirməkdən qürurlanırsanmı?.."
 
-FİKİR SAVAŞI...-
 
Son onilliklərdə məmləkətdə müxtəlif yaş və təbəqədən, müxtəlif peşə, ixtisas sahibi olan milyonlarla insan üçün minlərlə nəzəri və praktiki bilik imtahanları, o cümlədən testlərdən keçirilib. Həmin insanlar, vətəndaşlar arasında imtahanlardan yetərincə uğurla keçənlər, o cümlədən testlərdən maksimum bal toplayan şagirdlər, abituriyentlər, müəllimlər, alimlər və s. olub. Onların adları media, telekanallar tərəfindən hay-küylə işıqlandırılıb. Ancaq buna rəğmən istər elm, istər təhsil, istər iqtisadiyyat, istər səhiyyə, istər sənaye, istər kənd təsərrüftatı və s. sahələrdə dünya səviyyəsində qiymətləndirilə bilən və xalqın rifah halının yüksəlməsinə gətirmiş xüsusi göstəricilərə nail olmamışıq. Bəs əgər bu qədər biliklimiz, peşəkarımız varsa, niyə bütövlükdə ölkə olaraq gözə çarpan uğurlar qazana bilmirik? Yəni fərdi uğurlarımız varsa, kollektiv uğurlara niyə nail ola bilmirik? Bunun səbəbi nədir? Heç düşünmüsünüz?..
 
Hesab edirəm ki, bunun əsas iki səbəbi var. Əvvəla, dövlət qurumları tərəfindən xüsusi bilik, savad və istedada malik vətəndaşlara gərəkli diqqət göstərilməməsi, bir sıra hallarda rüşvətxorluq, qohumbazlıq, klanbazlıq, yerlibazlıq və s. ictimai, “milli” xəstəliklərimiz səbəbindən onların yetərincə yiyələndikləri ixtisasları üzrə işə qəbul edilməmələri və ya irəli çəkilməmələridir. Nəticədə müxtəlif sahələrdə on minlərlə gənc və ya peşəkar kadrlar öz yerlərini tuta bilmir, yaxud qaldıqları yerdə “paslanır”. Beləliklə, yüksək keyfiyyətli kadrların potensiallarından ölkənin, dövlətin inkişafı, xalqın rifah halının yüksəlməsi naminə istifadə olunmur...
 
İkinci əsas səbəb isə azsaylı olsa da, test, yaxud müsabiqələrdən, praktiki imtahanlardan uğurla keçmiş və qanuni şəkildə, yaxud rüşvət, “day-day” vasitəsilə öz ixtisasına uyğun işə, vəzifəyə yiyələnə bilmiş və ilbəil daha yuxarı pillələrə yüksələ bilmiş kadrların öz bilik və bacarıqlarından doğru, dürüst niyyətlərlə yararlanmamalarıdır . Başqa sözlə, yetərincə bilikli, savadlı, ixtisaslı, peşəkar olsalar da, bir insan kimi şəxsiyyət olmamalarıdır. Təbii ki, belə kadrlar işlədikləri sahələrdə sırf peşələri, ixtisaslarıyla bağlı işləri düzgün görsələr də, yanlış, bəd niyyətləri ilə ümumdövlət, ümumxalq maraqlarına zərbə vuracaqlar.  Yəni məsələn, işə qəbul imtahanından, yaxud sertifikasiyadan uğurla keçmiş yetərincə savadlı, bilikli, istedadlı müəllim  işə yenicə, yaxud yenidən başlayanda şagirdlərdən valideynlərdən rüşvət alırsa, yaxud almaqda davam edirsə, onun bu biliyi, elmi, savadı həmin uşaqlara da, xalqa da, dövlətə də xeyirdən çox zərbə vuracaq... Eyni işi gənc, yaxud yaşlı həkim edirsə, yəni xəstələrdən rüşvət alırsa və ya xəstəni mümkün qədər əlində saxlayıb ondan daha çox pul qoparmaq məqsədi ilə ona yanlış müalicələr, əlbir olduğu apteklərdə satılan saxta, keyfiyyətsiz dərmanlardan ibarət reseptlər yazırsa, dövlətə də, xalqın sağlamlığına da böyük zərərlər vurmuş olur... Gənc, yaxud yaşlı hakim və ya müstəntiq cinayət işini apardığı məhkuma, qanunlara uyğun ədalətlə cəza kəsəcəyi və bununla yanaşı, hüquqlarını da tapdalamayacağı insan, vətəndaş kimi yox,  qazanc obyekti, yaxud daha vəzifəli və ya daha varlı birinin sifarişi ilə istədiyi cəzanı kəsə biləcəyi bir məxluq kimi baxırsa, bu daha dəhşətli fəsadlar verir... Mərkəzi, yaxud dairə seçki komissiyasında çalışan kifayət qədər savadlı, bilikli biri yuxarı qurumların, yaxud deputatlığa və ya prezidentliyə namizədlərdən birinin pullu sifarişi ilə çəkinmədən seçkilərin nəticələrini saxtalaşdırırsa, o, minlərlə, bəlkədə yüz minlərlə seçicinin, vətəndaşın səsini oğurlayaraq bütövlükdə xalqın və dövlətin gələcəyini  böyük təhlükə altında qoymuş olur....
 
Bu cür bariz “nümunə”lərin sayını yetərincə artırmaq olar...
 
Bəs belə məmurların, müəllimlərin, hakimlərin, həkimlərin ölkədə mümkün qədər az olması üçün nə etmək gərəkdir? Təbii ki, öncə müvafiq qurumlar bunun qarşısını almağı istəməlidir! Əgər istək, məqsəd olarsa, qarşısını almaq mümkündür. Hesab edirəm ki, uşaq bağçalarından, məktəblərimizdən, xəstəxanalarımızdan tutmuş polisimizə, prokurorluğumuza, məhkəməmizə, ordumuza, iqtisadi, elmi, mədəni və s. qurumlarımıza niyyətləri nə yollarla olursa-olsun, çirkli qazanc əldə etmək olan məxluqların doluşmasının qarşısını almaqdan ötrü hər hansı bir quruma işə qəbul imtahanlarında, müsabiqəsində, yaxud işə davam etmək üçün keçirilən sertifikasiya imtahanlarında öncə namizədlərin elm, bilik və bacarıqlarını yox, onların niyyətlərini yoxlamaq gərəkdir. Bunun üçün onları xüsusi şəxsiyyət-məmur testindən keçirmək lazımdır. Özü də yalan dedektoru vasitəsilə...
 
Həmin testdə 4 variantlı yox, iki variantlı cavablar olmalıdır: konkret olaraq ya “hə”, ya “yox”...
 
Suallar təxminən aşağıdakılar tipli olmalıdır:
 
- Rüşvət verməyə məcbur olanda iyrənirsənmi?
A) “hə” B) “yox”...
 
-Yalan danışmağa məcbur olanda iyrənirsənmi?
.....
 
-Saxtakarlıq etməyə məcbur olanda iyrənirsənmi?
.... ....
 
-Hər hansı bir məsələdə öz maraqlarının təmin olunması üçün iş yoldaşının, tanışının və ya başqa birisinin haqqını yeməkdən çəkinirsənmi?
.....
 
-Pul, ev, maşın, vəzifə müqabilində həqiqət bildiyin bir şeyin əksinə söyləməkdən çəkinərsənmi?
.... ....
 
-İlk günlərdən mütəmadi olaraq yalan danışmağa, saxtakarlıq etməyə, rüşvət verməyə məcbur edildiyiniz işdən, vəzifədən tərəddüd etmədən istefa verərsinizmi?
... ...
 
-Babat vəzifədə olan, yaxud külli miqdarda var-dövlətə malik birinin cinayətkar, saxtakar, dələduz, korrupsioner olduğunu bilə-bilə onunla görüşməkdən, onunla yanaşı foto, selfi, video çəkdirməkdən qürurlanırsanmı?
.... 
 
Əlbəttə, belə sualların sayını artırmaq və daha da mükəmməlləşdirmək olar. Bu sadəcə kiçik bir nümunədir.
Və sözsüz ki, əksəriyyət testdən, müsabiqədən keçib işə, vəzifəyə yiyələnmək üçün belə suallara qeyri-səmimi cavablar verməyə çalışacaq. Odur ki, burada yalan detektorundan istifadə mütləqdir. Və çağdaş dövrdə elə mükəmməl detektorlar var ki, onları yalnız dünyanın ən güclü xüsusi xidmət orqanlarının ən peşəkar, bacarıqlı əməkdaşları aldada bilər... Deməli, belə şəxsiyyət-məmur testləri vasitəsilə çox böyük ehtimalla dürüst cavablar almaq mümkündür...
 
O halda, bu testlər nəticəsində məsələn, rüşvət verməyə, yalan deməyə, saxtakarlığa məcbur olanda iyrənmədiyi bəlli olan məxluqların heç bir özünə hörmət edən, bu gününü və gələcəyini düşünən dövlət müəllim, həkim, hakim, polis, məhkəmə, hərbçi, məmur və s. kimi işə götürülməsinə imkan verməz. Və təbii ki, əksinə, bir dövlətin başında məhz yalandan, rüşvətdən, saxtakarlıqdan  və s. iyrənməyən biriləridirsə, o halda sadalanan davranışlardan iyrənənləri işə. vəzifəyə götürəcəklər...
 
Bu cür testlər vasitəsilə nəinki işə, vəzifəyə düzələn, istənilən hər bir insan özünü səmimi şəkildə yoxlaya bilər. Məsələn, əgər sən  rüşvət verməyə, yalan deməyə, saxtakarlığa məcbur olanda iyrənmirsənsə, deməli, bir insan kimi şəxsiyyət yox, şəxsi ət tuluğusan və yaşadığın məmləkətdə, cəmiyyətdə, dünyada hansısa neqativ hadisədən, haqsızlıqdan, ədalətsizlikdən şikayət etməyə haqqın yoxdur... Çünki məmləkəti, dünyanı dəyişmək üçün öncə özünü dəyişməlisən...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər