Yazar
Sultan Laçın
Bütün yazılar
ekskluziv
2928
30 May 2025 | 11:41

"Allah Azərbaycanı, azı, 10 milyon insanın nəfsinə, niyyətinə uyğun idarə edir...”

“Uca Yaradanın yolunu qoyub öz nəfslərinə, arzularına uyaraq Şeytanın yoluyla gedənlərin dünyadan, zəmanədən, xalqdan, millətdən, cəmiyyətdən, hakimiyyətdən şikayət etməyə haqqı varmı?..”
 
“Nə gəlirsə başımıza, haqqdandır; 
Lakin gəlişin səbəbi, haqqdan ayrılmaqdandır...” – Nəcib Fazil Qısakürək
 
“Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz...”- Qurani-Kərim
 
-FİKİR SAVAŞI...-
 
Son dönəmlər aşağıdakı sualların, demək olar ki, bütün planet boyu olduğu kimi, Azərbaycanda da verilmə tezliyi artıb:
“Dünya niyə bu gündədir? Niyə çox yerdə münaqişələr, müharibələr, qətliamlar, soyqırımlar gedir? Nədən haqsızlıq, ədalətsizlik, cinayətlarlıq, oğurluq, saxtakarlıq, rüşvətxorluq gündən-günə artır?  Niyə hara gedirik, rüşvət istəyirlər?  Niyə hər şey günü-gündən bahalaşır? Nədən qidalarımız, ərzaqlarımız, geyimlərimiz saxta və keyfiyyətsizdir?” Və s. və i.a. 
 
Və əksəriyyətimiz rastlaşdığımız bütün problemlərə görə başqalarını qınayır; dünyanı idarə etməyə çalışan gücləri, super dövlətləri, Rusiyanı, Amerikanı, Avropanı, öz ölkəsindəki dövləti, hökuməti, prezidentləri, nazirləri, region başçılarını, məmurları, oliqarxları, biznesmenləri və s.  Ən sonda isə Allahın varlığına bir az inancı olanlar da, əstəğfürullah, Onu- Yaradanı suçlamağa qalxırlar və sanki öz şübhələrini başqalarına da yeritməyə çalışırlar: “Bəs  Allah varsa, dünyanı idarə edirsə, bütün bu haqsızlıqlara niyə dözür? Niyə bu haqsız müharibələr aparan, onlara rəvac verən Rusiya, Amerika, İsrail, İran, Hindistan və s. başçılarını cəzalandırmır? Nədən bu xalqının qanını içən rüşvətxorlara, korrupsionerlərə cəza vermir?..” 
 
 Nə yazıqlar ki, çox nadir bəndələr ətrafındakı pisliklərə görə özünü, öz nəfsini qınamağa təftiş etməyə çalışır. Halbuki, həm dünyadakı, həm ölkəmizdəki, həm şəhərimizdə, rayonumuzda, kəndimizdəki, küçəmizdəki, binamızdakı, evimizdəki, ailəmizdəki problemlərin kökü məhz öz nəfsimizdən, öz arzu və niyyətlərimizdən başlanır...
 
Ailəmizdəki, ölkəmizdəki, dünyadakı pisliklərdən öncə öz nəfsimizin, niyyətlərimizin və ardınca əməllərimizin nöqsanlarına, çatışmazlıqlarına, çirkinliklərinə baxırıqmı?..
 
Allahın yolunu qoyub öz nəfslərinə, arzularına uyaraq Şeytanın yoluyla gedənlərin dünyadan, zəmanədən, xalqdan, millətdən, cəmiyyətdən, hakimiyyətdən şikayət etməyə haqqı varmı?..
 
Müdriklər belə deyir: “Dünyanı dəyişmək istəyirsənsə, öncə otağını səliqə-sahmana sal” və yaxud “Dünyanı dəyişmək istəyirsənsə, öncə öz iç dünyanı dəyiş, ətraf aləmə baxışını dəyiş”...
 
Başqa sözlə, cəmiyyətin dəyişməsi hər birimizin nəfsimizi, niyyətlərimizi dəyişməmizdən asılıdır. Və bu məntiqlə, deməli, Allah dünyanı, hər bir regionu, ölkəni, ailəni məhz ayrı-ayrı fərdlərin nəfslərinə, niyyətlərinə, əməllərinə görə idarə edir...  Təsəvvür edin ki, dünya 8 milyarddan çox, Azərbaycan Respublikası isə azı 10 milyon insanın nəfsinə, niyyətinə uyğun idarə olunur.  Yəni belə düşünək ki, nəhəng bir bilgisayarda dünyada, ölkədə yaşayan hər bir insanın qəlbindəki niyyətlər, arzular, hədəflər, onları həyata keçirmək, reallaşdırmaq yolları, başqaları haqqında düşüncələri, imanlı, səmimi, ixlaslı, vicdanlı, namuslu, insaflı olub-olmaması, hansısa niyyətinə çatmaq üçün çoxüzlülük, riyakarlıq, yaltaqlıq, məddahlıq edib-etməməsi, bu yolda saxtakarlığa, dələduzluğa, oğurluğa, rüşvətə və s. əl atıb-atmaması, şəxsi marağını, ictimai, milli, bəşəri maraqlardan üstün tutub-tutmaması və s. dəqiqliklə hesablanır(Əslində bunların hesabı Allah dərgahında, lövhi-məhfuzda çoxdan bəllidir). Yer üzündəki hər bir insanın, hər bir toplumun, hər bir xalqın, hər bir ölkənin, dövlətin bundan sonra başına gələcək xeyir və şər işlər də həmin hesablara uyğun müəyyənləşir...
 
Bəs görəsən, dünyadakı 8 milyard, ölkəmizdəki 10 milyondan çox bəndənin neçəsi Allahın göstərdiyi yolla getməyə, yalnız Allah rizası üçün yaşamağa, işləməyə çalışır... Bax, həm dünyanın, həm də ölkəmizin, xalqımızın güzəranı həmin saydan çox asılıdır... 
 
Sən haqq-ədalət istəyirsən- özün haqlı, ədalətlisənmi?..
 
Sən doğruluq istəyirsən – özün sözündə, əməllərində dürüstsənmi?..
 
Sən  rüşvətdən, korrupsiyadan, saxtakarlıqdan bezmisən – özün vəzifədə olsan, rüşvət, korrupsiya, saxtakarlıq hesabına varlanmaq, yağ-bal içində yaşamaq yolundan çəkinə bilərsənmi? 
Yaxud çətin bir işə düşəndə rüşvət verib, “tanış-tunuş”, “day-day” tapıb onu qanunsuz yollarla asanlaşdırmağa çalışırsanmı? 
 
Sən yalanın, dələduzluğun həddini aşmasından danışırsan? – Özün bu gün neçə adama, neçə yalan danışmısan?..
 
Və s. kimi suallarla hər kəs özünü təftiş etməyi bacarmalı, sonra ətrafındakı olay və prosesləri təhlil etməyə girişməlidir.  
 
Əgər hər hansı bir ölkənin əksər sakinləri özlərinin rahat, yağ-bal içində yaşamaları xatirinə harama, yalana, fırıldağa, rüşvətə, oğurluğa, saxtakarlığa meyillidirlərsə, onları idarə edənlərdən öz haqq-hüquqlarını tələb etmək əvəzinə bir-birlərini aldatmağa, talamağa və s. çalışırlarda,  yəni Allahın yolundan yayınıb Şeytanın yoluyla gedirlərsə, onda Allah yoluyla getməyə çalışanların belə ölkənin başına, rəhbərliyinə gəlməsi, təbii ki, çox çətin olacaq və hətta belə rəhbər gəlsə, belə, cəmiyyətin çirkabı onun da təmiz, vicdanla işləməsinə imkan verməyəcək...
 
Beyninizdə xəyali bir hesablama aparın: Azərbaycanda yaşayan 10 milyondan çox insanın, vətəndaşın(!) neçəsi öz həyatında səmimi olaraq, ixlasla Allah yoluyla getməyə çalışır? Müşahidələr göstərir ki, bütün dünyada olduğu kimi, Vətənimizdəki adamların da əksəriyyəti niyyət və əməllərində Allah yoluyla getməyə çalışmırlar. Bunun əksi olsaydı, bir çox problemlərimiz həllini tapardı. Deyə bilərsiz ki, axı son illər namaz qılanların, oruc tutanların, Həccə gedənlərin sayı artır. Əvvəllər də demişəm, bir daha təkrar edirəm: əgər bütün namaz qılanlar, oruc tutanlar, Həccə gedənlər əsil müsəlman olsaydı, onda heç 14 əsr öncə İmam Hüseyn və tərəfdarları qətlə yetirilməz, bu gün isə haqsız olaraq çox az insan zülmlərə, həbslərə, repressiyalara məruz qalardı... 
 
Rəbbimiz əbəs yerə Qurani-Kərimin  “Şura” surəsinin 30-cu ayəsində "Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) ucbatındandır. (Bununla belə) Allah (günahlarınızın) çoxunu bağışlayır" – deyə buyurmur.  
 
Türkiyənin böyük ədibi Nəcib Fazil Kısakürək də buna uyğun olaraq belə deyir:
 
“Nə gəlirsə başımıza, haqqdandır; 
Lakin gəlişin səbəbi, haqqdan ayrılmaqdandır...”
 
Bizsə belə deyirik: bu həyatda yaşadığımız zülmlər Allaha asi olub öz ruhumuza etdiyimiz zülmlərin dünyadakı əksidir...
 
Başqa bir ayədə isə Uca Yaradan bu cür buyurur:
 
“Hər hansı bir tayfa öz tövrünü (nəfsində olanları) dəyişmədikcə (pozmadıqca), Allah da onun tövrünü (onda olanları, onun əhvalını) dəyişməz. Əgər Allah hər hansı bir qövmə bir pislik yetirmək istəsə, onun qarşısı heç cür alına bilməz və Ondan başqa onların heç bir hamisi də olmaz" (Qurani-Kərim, Rəd surəsi, 11-ci ayə).
 
Bu o deməkdir ki, dünyanı, ölkəni dəyişmək mümkündür. Bunun üçün hökmdar və ya nüfuzlu bir şəxs olmaq lazım deyil - özünüzə təsir etməyi öyrənmək kifayətdir. Və ya heç olmasa, otağınızı, həyətinizi təmizləyin, heç olmasa zibilləri yaşadığınız binanın həyətinə, avtomobillə getdiyiniz küçəyə atmayın, qonşunuzu, qohumunuzu aldatmayın, şərləməyin, onların qeybətini etməyin, işdə səhlənkarlıq edib müdirinizə yalançı hesabatlar verməyin, hətta evdə qardaş-bacınız, qonum-qonşunuz, işdə müdiriniz, yoldaşlarınız gündəlik yalana, fırıldağa, saxtakarlığa və s. əl atırlarsa, sən Allaha, vicdanına sığınıb belə yollarla getmə...
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər