“Onların Kreml, Putin üçün üstünlüyü həmin şəbəkə və “kalon”lar 30-35 ildir, fəaliyyət göstərdikləri ölkələri daxildən həm siyasi, həm hərbi, həm iqtisadi, həm sosial, həm elmi, həm tibbi, həm mədəni və s. cəhətlərdən sarsıtmağa və onlarda öz xalqlarına layiq müstəqil dövlət qurmalarına imkan verməmələrindədir...”
“Və əgər biz postsovet ölkələri olaraq SSRİ miqyasında imperiyasının bərpasını, yəni ölkələrimizin yenidən birbaşa Rusiyanın daxilində bir subyektə, özü də artıq respublika yox, əyalət, quberniya kimi bir subyektə çevrilməsini istəmiriksə, o halda mütləq öz aramızda gizli-açıq danışıqlarla birləşərək aşağıdakıları etməliyik...”
“Bu anti-Rusiya birliyinə NATO-da ikinci böyük və güclü orduya malik Türkiyənin də qoşulması vacibdir... Çünki bu gün SSRİ çərçivəsində imperiya bərpa edilərsə, sabah Moskva sovet dövründən yarımçıq qalmış arzularını, yəni Türkiyədə də “inqilab” edərək onu ən azı birbaşa öz təsir dairəsinə salmağa və deməli, gələcəkdə I Pyotrun vəsiyyətinə uyğun olaraq İstanbulu(“Konstantinopol”) ələ keçirməyə cəhd edəcəkdir...”
"Məsələnin ciddiliyinin daha aydın anladılması üçün ABŞ-ın sabiq Dövlət katibi Entoni Blinkenin hələ 2022-ci ilin yanvarında, yəni Rusiyanın Ukraynaya təcavüzündən xeyli əvvəl “CNN” kanalına müsahibəsində söylədiyi bu fikirləri xatırladırıq: “Rusiya Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir. Bu, Rusiya Prezidenti Vladimir Putinin məqsədlərindən biridir. Bu isə Kremlin əvvəllər Sovet İttifaqının tərkibində olmuş ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir...”
-FİKİR SAVAŞI...-
Bu günlərdə bir çox keçmiş müttəfiq respublikaların media vasitələri “Putin SSRİ-ni dirildir!” deyə həyəcan təbili çalır... Siz əsil gerçəkləri gizlədərək, xalq kütlələrinin şüurunda manipulyasiya edərək, sifarişli yazılar yazaraq dolayısıyla Kremlə, Putinə işləyəndə, əlbəttə, Putin ruhlanıb keçmiş Sovet İttifaqı miqyasında imperiyanı bərpa etmək haqda düşünəcək...
Yazırlar ki, işğalçı Rusiya diktatoru Vladimir Putinin müşaviri Anton Kobyakov SSRİ-nin hələ də mövcud olduğunu və onun dağıdılmasının hüquqi əsasının olmadığını deyib. Kobyakov Sankt-Peterburq Beynəlxalq Hüquq Forumunun yekun mətbuat konfransında bildirib ki, Sovet İttifaqı dağılanda guya “hüquqi prosedur pozulub, yəni SSRİ hələ də mövcuddur”. Onun sözlərinə görə, bu, Ukraynadakı müharibənin “daxili proses” olduğunu söyləməyə imkan verir. Kobyakov qeyd edib ki, SSRİ Xalq Deputatları Qurultayının qərarı ilə yaradılıb, ona görə də yalnız həmin qurumun qərarı ilə ləğv edilə bilərdi. Bunun ardınca isə Rusiya Federasiyası Kommunist Partiyasının Mərkəzi Komitəsinin üzvü, Dövlət Dumasının komitə rəhbəri Nina Ostanina “TASS”-a bildirib ki, SSRİ-nin dağılması “qanunsuz” olub, onun hüquqi statusunun nəzərdən keçirilməsinə ehtiyac var və deputatlar bu məsələni gündəmə gətirməyə hazırdır... Bunun da ardınca Rusiya Hüquqşünaslar Assosiasiyasının sədri, sabiq baş nazir Sergey Stepaşin də SSRİ-nin ləğvi prosedurunun hüquqi baxımdan pozulduğunu bəyan edərək bildirib ki, hüquqi baxımdan Kobyakov haqlıdır...
Göründüyü kimi, artıq “SSRİ-nin dirilməsi ilə bağlı” hansısa Duqin, Solovyov, Simonyan kimi Kreml ideoloq və təbliğatçıları deyil, birbaşa indiki və keçmiş rəsmi şəxslər – Rusiya dövlət başçısının müşaviri, Dumanın kommunist deputatları hərəkətə keçirlər... Ölkənin müxtəlif şəhərlərində Stalinin heykəlləri dirçəldilir... Moskva metrosunda Stalinə abidə qoyulur və onun qarşısına nəinki gül-çiçək düzülür, həm də önündə mövcud Rusiya hakimiyyətinə qarşı etiraz(?) aksiyası keçirilir... Putin Volqoqrad Beynəlxalq Hava Limanına “Stalinqrad” adının verilməsi haqqında fərman imzalayır... Hələ 2014-cü ildə o, Volqoqradın adının yenidən Stalinqrad adlandırılması ilə bağlı refenrendumun keçirilməsini vacib hesab etdiyini bildirmişdi... SSRİ-nin “dirilməsi”nə həvəs özünü keçmiş sovet respublikalarında da göstərir: müstəqil(!) Azərbaycan Respublikasının İmişli rayonunda 9 may “qələbə” günündə SSRİ bayrağı qaldırılır, sinələrə Rusiya imperiyasının rəmzi olan “georgi” lentləri taxılır...
Öncə onu deyək ki, çoxları yanlış anlayır ki, guya Kreml ideoloqları SSRİ-ni olduğu kimi eyni iqtisadi bazis, yəni şəxsi mülkiyyətin yox, sosialist mülkiyyətinin, fəhlə-kəndli sinfinin diktaturası əsasında bərpa etməyə çalışırlar. Xeyr, əsla belə deyil. Məqsəd sadəcə hazırkı Rusiya imperiyasının sərhədlərini keçmiş sərhədlərinədək geniləndirməkdəm, yəni ən azı, Baltikyanı dövlətlər istisna olmaqla digər postsovet respublikalarının da ərazisini zəbt edərək bu ərazidəki talançılığı birbaşa Mosvadan- “qanuni” və mərkəzləşdirilmiş formada həyata keçirməkdən gedir... Bu məkrli ideyanı isə bir yandan qorxu, xof, təcavüz, zorakılıqla, digər yandan da bütün postsovet məkanındakı yoxsul əksəriyyətin başını yenidən kommunizm şüarlarına bənzər şüarlarla aldatmaqla həyata keçirməyi planlaşdırırlar... Əslində Putin Ukraynanın dinc sakinlərini gündəlik amansız bombardmana, atəşə məruz qoymaqla Avropadan öncə postsovet respublikalarının xalqlarını da qorxutmağa çalışır...
SSRİ-nin dağılmasının yox, əslində yaradılmasının qanunsuz olması mövzusunu hələlik kənara qoyaq... Onsuz da bunu faşist xislətli Rusiya rəhbərliyinə sübut edə bilməyəcəyik... Bəs Putini keçmiş SSRİ sərhədləri çərçivəsində imperiyanı de-yure və de-fakto bərpa etməyə ruhlandıran, ona güc verən digər amillər hansılardır?
Əvvəlcə qeyd edək ki, son aylarda işğalçı Rusiya diktatorunu ruhlandıran həm də onun Ağ Evdə əyləşən həmkarı, bir sıra keçmiş çekistlərin açıqlamalarına görə, guya keçmiş “KQB”-nin “Krasnov” ləqəbli agenti olan Donald Trampdır. Əvvəla, Tramp hakimiyyətə gələn gündən həm ölkədaxili, həm xarici siyasətdə sırf işğalçı, avtoritar, despot xislətli liderlərə xas bir sıra bəyanatlar verdi və bir neçə konkret addım atdı... Məsələn, dedi ki, Qrenlandiyanı, Kanadanı ABŞ-a birləşdirəcəm, Panama kanalını nəzarətə götürəcəm... Birləşmiş Ştatlarda azad mətbuat və sözə qarşı hücumlara başladı, o cümlədən “Azadlıq” və “Amerikanın səsi” radiolarının maliyyələşdirilməsinin dayandırılması haqda qərarlar verdi... Yaxşı ki, ABŞ məhkəməsi həmin qərarların icrasını dayandırdı...
Tramp Ağ Evdə brifinqlər, görüşlər keçirdiyi ilk günlərdən ona sərbəst, tənqidi suallar verən jurnalistlərə açıq şəkildə hücuma keçməyə, onları təhqir etməyə başladı... Belə olaylardan biri də son günlər baş verdi... Bu olaylar da dünyadakı Putin, Si Tzinpin kimi diktatorları və onlara sığınan bala diktatorları söz azadlığını daha həvəslə boğmağa, ümumiyyətlə, cəmiyyətə hansısa problem barədə sual vermək qadağası qoymağa ruhlandırdı...
Digər tərəfdən, Tramp Rusiyanın Ukraynaya təcavüz aktını hüquqi cəhətdən açıq şəkildə qiymətləndirmir və nəinki Rusiyanı, Putini təcavüzkar adlandırmır, əksinə, bu savaşın başlanmasında Ukraynanı, onun lideri Zelenskini günahlandırır. Eyni zamanda əlində yetərincə resurslar ola-ola rus diktatorun Ukraynada savaşı durdurmasına açıq və ciddi cəhd etmir və sanki bilərəkdən atəşkəs barədə danışıqları uzadır...
Bir sözlə, ABŞ liderinin davranış və bəyanatları İsraili Qəzzadakı soyqırımı davam etdirməklə paralel Livan, Suriya, İraq torpaqlarına birbaşa təcavüz etməyə, Çini Tayvana və həttta Vyetnama hücuma, Hindistanı Pakistana təcavüz etməyə və s. ruhlandırdığı kimi, Rusiyanı da nəinki Ukraynanın işğalını tamamlamağa, eyni zamanda bundan sonra digər keçmiş sovet respublikalarını da zor-xoşla öz tərkibinə qatmağa, başqa sözlə, SSRİ-ni “diriltmə”yə ruhlandırır...
Elə məhz Putin və Trampın mayın 19-da gecəki son telefon danışığından dərhal sonra – ertəsi gün Rusiyanın baş diplomatı Sergey Lavrovun postsovet məkanının həssas nöqtələrindən olan Ermənistana səfər etməsi və onun dolayısıyla revanşist erməniləri Qarabağ ocağını yenidən körükləməyə çağırışları həm də Kremlin “keçmiş Sovet məkanı bizimki olub və olacaq” mesajı verməsidir...
Bu gün bir çox şərhçilər deyir ki, SSRİ miqyasında imperiyanın bərpası üçün Putinin, Rusiyanın əlində kifayət qədər resursu yoxdur... Bu, bilərəkdən, ya bilməyərəkdən Kremlin xeyrinə edilən manipulyasiyadır... Yalandır...
Məsələnin ciddiliyinin daha aydın anladılması üçün ABŞ-ın sabiq Dövlət katibi Entoni Blinkenin hələ 2022-ci ilin yanvarında, yəni Rusiyanın Ukraynaya təcavüzündən xeyli əvvəl “CNN” kanalına müsahibəsində söylədiyi bu fikirləri xatırladırıq:
“Rusiya Sovet İttifaqı dövründə mövcud olan nizamın bərpasına nail olmaq istəyir. Bu, Rusiya Prezidenti Vladimir Putinin məqsədlərindən biridir. Bu isə Kremlin əvvəllər Sovet İttifaqının tərkibində olmuş ölkələr üzərində təsir dairəsini bərpa etmək deməkdir...”
Və bu məqsədlərini həyata keçirmək üçün Putinin, Rusiyanın əlindəki ən böyük resurs, bilirsiz, nədir? Total əxlaqsızlıq, vicdansızlıq, insafsızlıq, həyasızlıq, qəddarlıq, özləri demişkən, “bespredel”, qanunsuzluq, heç bir nə hüquqi, nə bəşəri, nə milli, nə maddi, nə mənəvi dəyər, nə də beynəlxalq qanun, nizam tanımaq, məqsədə çatmaq üçün insan həyatını, hərbçi itkilərini heçə saymaq... Rusiya imperiyası 1917-1922-ci illərdə Birinci Cahan savaşından çıxıb bərbad iqtisadiyyata, dağılmış orduya malik olanda da belə həyasız idi. Və məhz həmin həyasızlıq, vicdansızlıq, qəddarlıq, üstəgəl ac kütlələrə sırınan yalançı sosializm, kommunizm ideyaları hesabına təkərləri tamamilə sıradan çıxmış, kuzovu, kabinəsi dağılmış, sürücüsünün əlində yalnız sükanı qalmış nəhəng bir avtomobilin qarşısına çıxanları əzə-əzə istədiyi ünvana çatmasına bənzər bir gedişlə Rusiya imperiyası cildini dəyişərək SSRİ-yə çevrildi... Və yarandıqdan cəmi 23 il sonra qəddarlıqda özündən geridə qalan Hitler faşizmi üzərində qələbə çaldı... Amma Qərbin, ABŞ-ın ciddi dəstəyi ilə... Bu gün isə həmin imperiyanın qalan hissəsi 70 illik sovet dövrü və 34 illik Federasiya dövründə əsasən canlı qüvvə və texnika, dağıdıcı raketlər və s. sayı baxımından daha da gücləndirdiyi ordusu və ən əsası, nüvə raketləri və bombaları hesabına daha da həyasızlaşıb və azğınlaşıb. Bax, Qərbdə, Avropada, ABŞ-da, bir sözlə, demokratik dünyada çatışmayan əsas bu resursdur, yəni yetərincə həyasız, qanun-qayda, beynəlxalq nizam tanımayan ola bilməməkdir...
İkincisi, beyinləri onsuzda saxta “vətənpərvərlık”, “Böyük Rusiya” şüarlarıyla yuyulmuş, yeyilmiş əksər Rusiya sakinlərinin necə yaşaması, yeməyə çörək tapıb-tapmaması, lap acından ölməsi nə Putinin, nə Medvedevin, nə də Lavrovun vecinədir... Əslində bu da çox “böyük” resursdur... Deməli, manqurtlaşmış əhalinin əksəriyyətinin bir stəkan “vodka”, bir parça çörək tapıb onların nəhəng işğalçı planlarını dəstəkləyəcəklərini bilirlər...
Üçüncüsü, Baltikyanı ölkələr, Ukrayna, xeyli dərəcədə Moldova istisna olmaqla, digər postsovet respublikalarının əksəriyyətində Putinin, Kremlin iki əsas resursu var:
1) Həmin ölkələrdə çar Rusiyası dövründən bəri formalaşmış və de-yure müstəqillik illərində “KQB” arxivlərinin açılmaması və talanan sərvətlər sayəsində daha da güclənmiş agentura şəbəkələri və “5-ci kalon”lar...
2) Həmin ölkələrin yeraltı, yerüstü sərvətlərindən ona da pay, xərac verə biləcək “KQB”-“FSB”-korrupsiya şəbəkəsi;
Əslində postsovet ölkələrindəki “KQB”-“FSB”-korrupsiya şəbəkələri Rusiyanın agentura şəbəkələri və “5-ci kalon”larıyla çuğlaşıb və iç-içədir, artıq vahid bir sosial-siyasi orqanizmə çevrilib. Onların Kreml, Putin üçün üstünlüyü həmin şəbəkə və “kalon”lar 30-35 ildir, fəaliyyət göstərdikləri ölkələri daxildən həm siyasi, həm hərbi, həm iqtisadi, həm sosial, həm elmi, həm tibbi, həm mədəni və s. cəhətlərdən sarsıtmağa və onlarda öz xalqlarına layiq müstəqil dövlət qurmalarına imkan verməmələrindədir...
Putin Rusiyasının postsovet məkanındakı üçüncü resursu kimi həmin ölkələrin bir çoxundakı etnik rus və rusdilli icmalarını da göstərmək olar. Amma o var ki, digər keçmiş ittifaq respublikalarında olan rus və rusdillilərin xeyli hissəsinin Putinin, ümumiyyətlə, hazırkı Rusiya rəhbərliyinin siyasətini dəstəklədiklərini söyləmək çətindir. Birbaşa SSRİ xiffəti ilə yaşayanlar isə yalnız 50 yaşından yuxarı insanların bir qismi ola bilər... Lakin Kreml rus və rusdillilər resursundan başqa cür də yararlana bilər- şantaj predmeti kimi... Məsələn, deyək ki, sabah Qazaxıstanda, yaxud elə Azərbaycanda yüzlərlə rus və rusdilli azərbaycanlı və ya digər milliyyət nümayəndələri “Biz keçmiş Sovet İttifaqının bərpasını istəyirik, bizə belə müstəqillik lazım deyil!” şüarıyla icazəsiz mitinq keçirir və polis onların etiraz aksiyasını zorakılıqla dağıtmağa məcbur olur. Bu halda Moskvadan həmin ölkələrdə rusdilli əhaliyə qarşı zorakılıq, diskriminasiya edilməsi barədə bəyanatlar gəlir və ardınca Dövlət Duması Rusiya qoşununun o ölkələrin ərazisinə yeridilməsi haqda qərar verir...
Onu da vurğulamaq gərəkdir ki, Putinin rəhbərliyi ilə son 25 ildə ölkə sərvətlərinin talanması və korrupsiya hesabına əldə edilən külli miqdarda gəlirlər sayəsində Rusiyanın nəinki keçmiş SSRİ məkanında, postsosialist məkanı olan Şərqi Avropa, eləcə də Böyük Britaniya, Fransa, Almaniya, İtaliya və s. kimi aparıcı Qərb dövlətlərində, hətta ABŞ-ın özündə, həmçinin Cənubi Amerikada, Türkiyə və İranda, bir sıra ərəb ölkələrində, habelə İsraildə, eləcə də Afrika ölkələrində nəhəng agentura şəbəkələri, kiber bandaları, haker qrupları formalaşdıra bilib. Məhz onların sayəsində Rusiya Fransada, Almaniyada, Birləşmiş Ştatlarda belə, parlament, prezident seçkilərinə yetərincə müdaxilə edə bilir... Bu mövzuda bir çox rəsmi bəyanatlar səslənib... Bu günlərdə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi Braziyada formalaşdırılaraq ABŞ və Avropada kəşfiyyat, təxribat işləri aparan belə bir Rusiya şəbəkəsini ifşa edib... Ancaq təəssüf ki, Trampın Birləşmiş Ştatların kəşfiyyat və xüsusi xidmət orqanlarının zəiflədilməsi üçün atdığı son addımlar bu cür ifşaların çoxunun qarşısını almaqdadır...
Dördüncüsü, əsasən xammal hesabına dolanan Rusiyanın iqtisadiyyatı sırf xalqın rifahı baxımından çox bərbad durumda olsa da, dünyanın 1/8-ni tutan bir ölkədə brendə çevrilə biləcək heç bir ciddi məhsul, müasir texnologiya yaradılmasa da, rubl can versə də(öncə dediyimiz kimi, bunlar Putin heç vecinə də deyil), keçmiş SSRİ-dən qalma bir “KQB”-Piter bandasının yiyələnib idarə etdiyi bu dövlət planet ərazisinin dünya üzrə təsdiqlənmiş resurslarının təxminən 21 faizinə sahibdir. Təbii qaz istehsalında dünyada birinci, neft istehsalında isə Səudiyyə Ərəbistanından sonra ikinci yerdədir. Rusiya dünya qaz ehtiyatının 27 faizinə sahib olmaqla həm də ən yaxın rəqibi İranı 2 dəfə üstələyir. Böyük kömür ehtiyatları var və buna görə ABŞ və Çindən sonra dünyada üçüncü yerdədir. Rusiya almaz ehtiyatlarına görə də dünya lideridir. Dünya almaz ehtiyatlarının 45%-i ona məxsusdur. Dəmir filizinə görə birinci, volfram ehtiyatları baxımından Rusiya Qazaxıstanla birlikdə dünyada (Çindən sonra) 2–3-cü yeri tutur. Nikel ehtiyatlarına görə də dünyada birinci yerdədir (33%). Uran xammalının ümumi sübut edilmiş ehtiyatlarına görə Rusiya dünyada yeddinci yerdədir. Proqnozlaşdırılan ehtiyatları 25 min tondan çox olmaqla qızıl ehtiyatlarına görə dünyada ikinci yerdə, gümüş ehtiyatına görə isə birinci yerdədir...
Putin məhz bu nəhəng təbii resurslara da arxayındır. O, yaxşı bilir ki, Qərbin ən kəskin sanksiyalarına rəğmən dünyada hətta, Avropanın, ABŞ-da özü kimi yetərincə tamahkar və dələduz mafiyalar var ki, onların və ən başlıcası, eləcə də Çini, Şimali Koreya, İran, Venesuelanın və s., eləcə də postsovet və postsovet məkanındakı müttəfiqlərinin vasitəsilə Rusiyadakı nefti, qazı da, qızılı, almazı, uranı da və s. satdırıb büdcəyə gəlir gətirdə biləcəkdir...
Bəs Putin Rusiyasının “SSRİ-2” planının həyata keçirilməsinin qarşısını ala biləcək real güclər hansılardır?..
Bu gün ərazisinin 20 faizindən çoxunu işğal etdiyi Ukraynadan savayı Rusiyaya az-çox müqavimət göstərən real güclər aparıcı Avropa dövlətləri və ABŞ-dır. Amma həm Avropa, həm də ABŞ-ın iqtisadiyyatı əvvəlki yüksək inkişaf səviyyəsində deyil. Üstəlik, hərbi sənayedə Rusiyadan yetərincə geri qalırlar. “CNN” hesab edir ki, Rusiya ayda təxminən 250.000 artilleriya mərmisi istehsal edir ki, bu da ABŞ və Avropanın istehsalını xeyli üstələyir. Belə ki, bu ikisi birlikdə Ukraynaya göndərilməsi üçün ildə təxminən 1,2 milyon patron istehsal edə bilir. Rusiya üç ayda bütün NATO üzvlərinin bir ildə istehsal etdiyi silahlardan daha çox silah istehsal edir... Və s.
Bu gün başda Böyük Britaniya, Fransa, Almaniya olmaqla NATO üzvləri olan dövlətlər Putin ordusunun bir gün onların da ərazilərinə hücum edəcəyi qorxusu ilə yaşayırlar. Rusiya qırıcıları və gəmiləri mütəmadi olaraq
NATO-nun hava və su sərhədlərini pozur... Belə olduğu halda isə bir sıra postsovet respublikalarında, o cümlədən Azərbaycanda Rusiya təsirinin zəifləməsindən, hətta tamamilə yox olmasından danışmaq - absurd və gülüncdən də gülüncdür... Bu mövzuda, inşəAllah, növbəti yazılarımızda danışacağıq...
Əlbəttə, əgər Çin, ardınca da Hindistan kimi nəhəng potensiallı dövlətlər Rusiyaya hər hansı gizli, açıq dəstək verməkdən çəkinərək birbaşa Ukraynaya və dolayısıyla Qərbə, Aİ-yə, ABŞ-a, NATO-ya arxa dursalar, onda dünyadakı bütün siyasi, iqtisadi və hərbi konfiqurasiya dəyişər və Putin nəinki SSRİ-nin bərpasından danışar, əksinə, yalvarar ki, Ukraynadan, Güney Qafqazdan da, bütün təcavüzkar planlardan əl çəkirəm, imkan verin, Rusiya Federasiyası özü parçalanmasın... Fəqət, belə bir sitausiyanın mümkünlüyü ehtimalı çox azdır. Çünki Rusiya və Çin, elə xeyli dərəcədə Hindistan da avtoritar, totalitar dövlətlər kimi mahiyyətcə bir-birlərinə çox yaxındırlar və bilirlər ki, onlardan biri Qərb qarşısında uduzsa, növbə digərlərinə də gələcək. Odur ki, gizli də olsa, bir-birlərinə dəstək verməyə davam edəcəklər...
Bir də o məqamı düşünmək lazımdır ki, məgər həmin Qərb, Avropa, ABŞ 1917-1922-ci illərdə Rusiya imperiyasının SSRİ cildində bərpasının qarşısını ala bildimi? Özü də öncə dediyim kimi, müharibədən məğlub durumda çıxmış Rusiyanın indikindən də qat-qat bərbad, zəif bir vəziyyətdə olduğu bir vaxtda...
O halda sual olunur, əgər Qərb, ABŞ müqavimət göstərə bilmirsə, biz, keçmiş sovet respublikaları olaraq nə edə bilərik bu təcavüzkar, əxlaqsız, imansız Putin Rusiyası qarşısında... Bizim ayrı-ayrılıqda nə Rusiyaya hərbi cəhətdən müqavimət göstərmək, nə də onun daxilindəki proseslərə təsir göstərmək, yəni Rusiya kütlələrini Putin rejiminə qarşı qaldırmaq üçün yetərli gücümüz var. Amma biz özümüzü Rusiyadan müstəqil hesab ediriksə, deməli, öz ölkələrimizdəki prosesləri idarə etmək, onların məcrasını dəyişmək və birləşdirmək gücümüz var. Sadalanan amillər, faktlar, bəyanatlar göstərir ki, doğrudanda Putin Rusiyası tərəfindən imperiyanın keçmiş sərhədlərdə bərpası təhlükəsi realdır. Lakin sözsüz ki, bu proses qısa müddətə yox, azı 5-6 ilə başa gələ bilər. Odur ki, bu müddət ərzində birgə Qərbi də arxamıza alaraq əks tədbirlər görmək mümkündür. Və əgər SSRİ miqyasında imperiyasının bərpasını, yəni ölkələrimizin yenidən birbaşa Rusiyanın daxilində bir subyektə, özü də artıq respublika yox, əyalət, quberniya kimi bir subyektə çevrilməsini istəmiriksə, o halda mütləq bir-birimizlə bütün keçmiş münaqişə və çəkişmələrə son qoyub(hətta Azərbaycanla Ermənistan da) öz aramızda gizli-açıq danışıqlarla birləşərək aşağıdakıları etməliyik:
1. Postsovet respublikalarındakı hakimiyyətlər öncə Çinə, yaxud Qərbə, Avropaya, ABŞ-a deyil, öz xalqlarını güvənməli, ona arxalanmalı, xalqları Moskvadan gözlənilən təcavüz təhlükələrinə qarşı səfərbər etməli, ancaq bununla belə, hamısı Qərbə, Avropaya inteqrasiya kursunu götürməlidirlər...
2. Ölkə parlamentləri tərəfindən təcili olaraq Lüstrasiya(təmizlənmə) haqda qanunlar qəbul edilməli və bunun tərkib hissəsi olaraq keçmiş SSRİ-yə məxsus xüsusi xidmət qurumlarının, xüsusən də “KQB”-nin arxivləri açılmalı, dünyasını dəyişmiş və sağ qalan bütün aparıcı agentlər üzə çıxarılaraq onların özləri və yaxud təhlükə kəsb etdikləri təqdirdə övladları, digər doğmaları hakimiyyətdəki vəzifələrindən və yaxud müxalif hesab edilən siyasi partiyaların liderliyi və digər aparıcı vəzifələrindən uzaqlaşdırılmalıdırlar.
3. Vətəndaşlarda SSRİ xiffətinin, nostalgiyasının güclənməməsi üçün keçmiş müttəfiq ölkələrdə Konstistusiya və qanunların aliliyi prinsiplərinin və insan haqlarının yüksək səviyyədə qorunması təmin edilməlidir.
4. Postsovet respublikalarında keçmiş SSRİ, yaxud Çar Rusiyası dövründə, həmçinin son müstəqillik illərində Kremldən birbaşa, yaxud dolayı əmr və göstərişlərlə, təlimatlarlar törədilmiş bütün cinayətlər yenidən ətraflı şəkildə hüquqi və siyasi cəhətdən araşdırılmalı, onlar barəsində xalqlara dolğun və dürüst məlumatlar çatdırılmalı və ən əsası, həmin cinayətləri törətmiş və onlarda iştirak etmiş bütün şəxslər(ən azı ölkə daxilindəki) barələrində cinayət işləri qaldırılaraq layiqincə cəzalandırılmalıdır...
5. Keçmiş müttəfiq ölkələrdə rüşvətxorluq və korrupsiyaya qarşı real mübarizə aparılmalı, ölkə sərvətlərinin və onlardan əldə edilən gəlirlərin xalqlar arasında ədalətli bölgüsünü və iqtisadiyyatın müasir prinsiplərə əsasən gerçək inkişafını təmin etməli və bunlar nəticəsində vətəndaşların rifah halı yüksəldilməli, maaşlar və pensiyalar ən optimal səviyyədə artırılmalıdır...
6. Ölkələrin elm, təhsil, səhiyyə, mədəniyyət sahələrində təcili islahatlar aparılmalı, bu sahələr də rüşvətxorluq və korrupsiya, eləcə də xarici agentura şəbəkələrindən təmizlənməli və onların Qərb standartlarına uyğun inkişafı təmin edilməlidir...
7. Bu görüləcək işlər nəticəsində ölkələrin daxili sabitliyini və xarici təhlükələrdən, birbaşa təcavüzlərdən müdafiəsini təmin etmək üçün daxili orqanlar, təhlükəsizlik qurumları və milli ordular ən yüksək səviyyədə, çağdaş tələblərə uyğun gücləndirilməlidir....
Bütün bu işlərin görülməsinə qərar verildikdən sonra Baltikyanı dövlətlər başda olmaqla bütün keçmiş müttəfiq respublikalar paytaxtlardan, yaxud Avropa şəhərlərindən birində toplaşaraq birgə bəyanat verməli və rəsmən Avropa İttifaqı və ABŞ-la birgə Ukraynanın arxasında dayanaraq Rusiya təcavüzünə qarşı mübarizədə bütün vasitələrlə ona dəstək olacaqlarını bəyan etməlidirlər...
Bu anti-Rusiya birliyinə NATO-da ikinci böyük və güclü orduya malik Türkiyənin də qoşulması vacibdir... Çünki bu gün SSRİ çərçivəsində imperiya bərpa edilərsə, sabah Moskva sovet dövründən yarımçıq qalmış arzularını, yəni Türkiyədə də “inqilab” edərək onu ən azı birbaşa öz təsir dairəsinə salmağa və deməli, gələcəkdə I Pyotrun vəsiyyətinə uyğun olaraq İstanbulu(“Konstantinopol”) ələ keçirməyə cəhd edəcəkdir...
Yox, əgər biz bunları edə bilməyəcəyiksə, deməli, Moskvadan müstəqil deyilik və yaxud qorxuruq, onun ölkələrimizdəki keçmiş arxivlərini açmağa və agentura şəbəkələrini ifşa etməyə gücümüz yetmir...
O halda ümid qalır yalnız hər bir postsovet ölkəsindəki hakimiyyətlərin öz xalqlarına güvənməsinə və həmin xalqların birliyinə, qeyrətinə, təpərinə... Bir də Qərbdən gələn dəstəyə... Əks halda “modern” SSRİ doğrudan da yaradılacaq...
Gəlib çıxırıq Allahın sonsuz qanununa: “Xalq özünü dəyişmədikcə Allah da onun vəziyyətini dəyişməz...” Yəni gələcək taleyimiz hər birimizin bu günkü düşüncə, niyyət, davranış və əməllərindən asılıdır. Bununla bağlı Uca Yaradan Qurani-Kərimin “ər-Rad” surəsinin 10-11-ci ayələrində buyurur:
“Sizdən sözünü gizlədən də, onu açıqdan deyən də, gecə gizlənən də, gündüz gəzib dolaşan da (Allah üçün) eynidir.
Onun (insanın) önündə və arxasında Allahın əmri ilə onu təqib edib qoruyanlar (həfəzə mələkləri) vardır. Şübhəsiz ki, bir qövm özlərində olanı (pis xüsusiyyətləri) dəyişməyincə, Allah onlarda olanı (yaxşı xüsusiyyətlərlə) dəyişməz. Əgər Allah bir qövm üçün şər diləmişsə, artıq onu heç nə dəf edə bilməz. Onların Allahdan başqa heç bir himayədarı da yoxdur...”
P.S. Rusiyanın hər yana dürtülmüş bu “5-ci kalon”u o dərəcədə həyasızdır ki, qorxuram sabah mənim özümü şərləyib “Rusiya agenti” elan edələr...
Sultan Laçın