“Çox güman ki, həmin hədiyyələr Paşinyan hakimiyyəti ilə razılaşdırılaraq verilib...”
-FİKİR SAVAŞI...-
Mediadan bəlli olduğu kimi, mayın 20-21-də Ermənistanda səfərdə olmuş Rusiya xarici işlər naziri Sergey Lavrova duzlu kələm və futbol topu hədiyyə ediblər...
Diqqətçəkən məqam ondan ibarətdir ki, Rusiya baş diplomatına ermənilər özləri yox, Ermənistandakı nadir azlıqlardan olan malakanlar(yaxud molokanlar) hədiyyə verib.
Dünən axşam bu xəbər haqda söhbətləşdiyim dostlardan biri yadıma saldı ki, malakanlar Rusiya imperiyasına nifrət edən rus icmalarındandır...
Məsələ ondadır ki, XVIII əsrin 80-ci illərində Tambovda bir rus kəndlisi tərəfindən icad edilən bu qeyri-ənənəvi, I Pyotrun tətbiq etdiyi imperiya daxili qaydalara zidd davranan bu pravoslav sektasının baxışları Rus kilsəsinin ideologiyasına zidd olub. O zamankı çar I Aleksandr malakanlara dözümlü yanaşsa da, I Nikolay taxta çıxdıqdan sonra bu “kafir” ruslar Güney Qafqaza, o cümlədən Azərbaycan və hazırda “Ermənistan” adlanan ərazilərdə, Ukraynaya, Orta Asiyaya və Sibirə sürgün ediliblər və həmin yerlərdə icmalar şəklində indiyədək yaşamaqdadırlar.
Malakanlar hərəkatının davamçıları orucluq vaxtı süd (rus dilində "молоко" [moloko]) içdiklərinə görə belə adlanırlar.
Xülasə, İrəvandakı “Rus evi”ndə keçirdiyi görüşdə malakanlar Rusiya xarici işlər nazirinə duzlu kələmlə dolu taxta çəllək və erməni futbolunun əfsanəsi milliyyətcə məhz malakan rusu olan Roman Berezovskinin öz imzası olan top hədiyyə ediblər...
Maraqlıdır, Ermənistandakı ruslar niyə Lavrova məhz duzlu kələm hədiyyə ediblər, axı bilirik ki, Azərbaycanda, xüsusən İvanovka kəndində yaşayan malakanlar da yaxşı, keyfiyyətli süd və şirniyyat məhsulları da hazırlayırlar. O cümlədən xama və kəsmik... Adətən qonağa şirin bir şey hədiyyə edərlər...
Bəlkə də bu, malakanların vətənlərindən sürgün edildiklərinə görə Rusiya imperiyasına olan tarixi nifrətlərindən irəli gəlir...
Və çox güman ki, həmin hədiyyələr Paşinyan hakimiyyəti ilə razılaşdırılaraq verilib. Burada Ermənistanın Rusiyaya xüsusən 44 günlük savaşdan sonra artan nifrəti də ifadə olunur. Eyni zamanda Paşinyan Lavrova demək istəyir ki, get duzlu kələmini ye və uşaq kimi topunu oyna- artıq sənin oyunların Ermənistanda keçməz...
Sultan Laçın