Ekskluziv
1657
14 May 2025 | 15:10

"Avtopa İttifaqı Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqlədi" - "Deutsche Welle"

 
"Avropa İttifaqı rusiyalı təbliğatçılara qarşı sanksiyalar üçün hüquqi baza yaradır..."
 
Avropa İttifaqına üzv ölkələrin daimi nümayəndələri Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib. Bu paket Rusiyanın neft embarqosundan yayınmaq üçün istifadə etdiyi "kölgə donanmasına" qarşı tədbirləri sərtləşdirir.
 
Moderator.az xəbər verir ki, yeni məhdudlaşdırıcı tədbirlər mayın 14-də,  çərşənbə günü Brüsseldə 27 Avropa ölkəsinin səfirləri tərəfindən keçirilən iclasda təsdiqlənib. Məlumatı "deutsche.welle.com" nəşri yayıb.
 
Bu paket çərçivəsində Avropa İttifaqının "qara siyahısı"na Rusiyanın "kölgə donanmasına" aid daha 200 gəmi əlavə olunacaq, bununla da ümumi say 340-ı keçə bilər.
 
Bundan əlavə, sanksiyalardan yayınmada, xüsusən də ikili təyinatlı mallarla bağlı hallarda iştirakı olan təxminən 30 şirkət, eləcə də hərbi-sənaye kompleksi ilə əlaqəsi olan 75 şəxs və şirkət siyahıya salınacaq.
 
Rusiyanın Ukraynaya qarşı başladığı müharibə ilə bağlı 17-ci sanksiyalar paketinin rəsmi qəbulunun Avropa İttifaqının mayın 20-də  keçiriləcək Xarici İşlər Şurasının iclasında baş tutacağı planlaşdırılır.
 
Avropa İttifaqı rusiyalı təbliğatçılara qarşı sanksiyalar üçün hüquqi baza yaradır
 
Nəşrin müxbirinin diplomatik mənbəyə istinadla verdiyi xəbərə görə, Avropa İttifaqı hibrid fəaliyyətə qarşı ayrıca sanksiyalar rejimi çərçivəsində rusiyalı təbliğatçılara qarşı məhdudlaşdırıcı tədbirlərin tətbiqi üçün hüquqi baza yaradıb.
 
Bu tədbirlər dezinformasiya yayan 20-dən çox şəxs və təşkilatı əhatə edəcək. Həmin sanksiya rejimi həmçinin sualtı kabelləri sıradan çıxaran gəmiləri və hava limanları, serverlər və s. kimi obyektlərin işini pozan şəxsləri də əhatə edəcək.
 
Hüquq pozuntularına görə sanksiyalar rejimi çərçivəsində isə Aleksey Navalnı və Vladimir Kara-Murza ilə bağlı işlərdə iştirak edən hakim və prokurorlara qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq ediləcək.
 
Ümumilikdə siyahıya 20 nəfər daxil ediləcək. Nəşrin müxbirinin sözlərinə görə, kimyəvi silahların istifadəsinə qarşı sanksiyalar çərçivəsində isə raket istehsalında istifadə olunan kimyəvi maddələrin ixracına qadağa qoyulacaq.
 
Sanksiyalar atəşkəslə bağlı yeni tələblərlə əlaqəli deyil
 
Bu sanksiyalar paketi bir neçə həftə ərzində hazırlanıb və bu, Moskvanın mayın 12-dən etibarən Ukraynada 30 günlük atəşkəs təklifini rədd etməsindən öncə baş verib. Həmin təklif Ukrayna prezidenti Vladimir Zelenski, Almaniya kansleri Fridrix Mers, Fransa prezidenti Emmanuel Makron, həmçinin Böyük Britaniya və Polşa baş nazirləri Kir Starmer və Donald Tusk tərəfindən irəli sürülüb.
 
Brüsseldəki diplomatlar daha öncə nəşrin müxbirinə bildirib ki, bu paket Avropa İttifaqı ölkələrinin nümayəndə heyətləri arasında ciddi fikir ayrılığına səbəb olmayıb və səfirlər səviyyəsində müzakirələr sürətlə başa çatıb. Bununla belə, bəzi nümayəndə heyətləri Avropa Komissiyası tərəfindən təklif edilən yeni dəyişiklikləri araşdırmaq üçün əlavə vaxt ayırıb.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər