“Neyləyim, deyir, palaza bürün-elnən sürün – mən də keçdim şərləməyə...”
"Adama deyən yoxdur ki, alə, noolsun ki, Bakıda doğulmusan, bakılı balasısan-Bakıda qalasısan – bu şəhər, bu Bakı hardan sənin oldu, lələ?.. Bakı da, o biri şəhərlərimiz, irayonlarımız, kəndlərimiz kimi əvvəla, Azərbaycan xalqının, sonra da Azərbaycan dövlətinindir..."
Ötən payızdan bəri Bakını və məmləkətimizin bir para bölgələrini yağış suları basandan, hətta paytaxtın Sabunçu tunelində iki vətəndaşımız dünyasını dəyişəndən sonra bu məşhur müğənnimiz Yaqub Eyyubov, üzr istəyirəm(başdan deyil e, yaşdandlr – həmişə qarışdırıram), - Eyyub Yaqubovdan bərk şübhələnmişəm... Özü də elə bakılı balasıdır, məhlə uşağıdır... Düzü səsinin tonundan da, mahnılarından da xoşum gəlir... Amma dədələrimiz boş yerə deməyiblər: “Səsin, avazın yaxşı gəlir - oxuduğun Quran ola...” Məsələ burasındadır ki, hələ ötən oktyabrda “rəhmətlik” Hacıbəla müəllim demiş, “gözəl Bakımız” yağış sularında boğulanda təsadüfən bu Eyyub qədeşin məşhur, guya çox romantik “Yağış yağır...” mahnısına diqqətlə qulaq asdım... Və gördüm ki, bu mahnıdan korrupsiya iyi gəlir... Hə, dollar haqqı, düzünü deyirəm... Şərləmirəm, şantaj-filan eləmirəm... Açığı, o vaxtdan hüquqşünaslarla bir məsləhət edib Korrupsiyaya qarşı Mübarizə İdarəsinə rəsmi ərizə də yazmaq fikrim var idi... Deyəsən, budəfəki yağış daşqınından sonra qəti qərara gəlmişəm...
Bilirsiz, mən bir köhnə yazar, jurnalist kimi, şərləməkdə, üzr istəyirəm, redaktə eləməkdə, yəni hər sözə bir “mız”, “qulp” qoymaqda peşəkaram... Və bu Yaqub, bağışlayın yenə, Eyyub müəllimin “Yağış...” mahnısının mətnini də tapıb diqqətlə oxudum... Gördüm ki, dostum elə-belə, boş yerə oxumur e – nəyəsə ilişir...
Hə, indi mən deyənlərə diqqət edin, özünüz də şahidi olacaqsınız ki, lələşiniz boş yerə danışmır... Mahnının siftəsi yaxşı başlayır:
“Yağış yağır bu şəhərə
Gör nə gözəl bir gecədir...
Bir sən, bir mən bu şəhərdə
Bir də yağışlı gecədir...”
Adam xoşallanır, elə bilir ki, elə o "indeyski" kinolardakı kimi yaz yağışı altında sevgi-mevgidən bəhs edən bir mahnıdır... Yox e, elə deyil... Hələ, axırına baxın, yoldaş vəzifə sahibləri...
Məhlə uşağı beləcə oxuya-oxuya gəlir, gəlir, kupleti bitirir və nəqəratda beqafıl qayıdır ki:
“...Bu şəhər də, bu yağış da
Bu gecə də bizimkidir,
Bu gecədən bizə baxan
O səhər də bizimkidir...”
Gördünüz?!.. Tutdunuz?!.. Eyyub müəllim, xalqdan, hökumətdən qorxmadan-çəkinmədən əlində təsbeh oynada-oynada deyir ki, “bu şəhər də, bu gecə də,... o səhər də bizimkidir...” İnanmırsız, videosunu aşağıda qoymuşam- baxın...
Özü də tez-tez "göy"dən-filandan danışır:
"Bu gün göylər nəğmə deyir
Ürəyində sözü varmış..."
...
"Bəlkə göylər bu torpağa
Sevgisindən söhbət açır"...
İndi, görün, burdan korrupsiya iyi gəlir, yoxsa yox?.. Qədeş birbaşa deyir ki, gözünə görünən hamısı "bizimkidir"... Adama deyən yoxdur ki, alə, noolsun ki, Bakıda doğulmusan, bakılı balasısan – bu şəhər, bu Bakı hardan sənin oldu, lələ?.. Bakı da, o biri şəhərlərimiz, irayonlarımız, kəndlərimiz kimi əvvəla, Azərbaycan xalqının, sonra da Azərbaycan dövlətinindir... Sən kimsən, bu şəhərə, üstəlik, onun gecəsinə, səhərinə, yağışına, qarına yiyəlik eləyirsən?.. Bu elə-belə söz deyil ha? Bu, hər yerdə, hər metrdən, hər qarışda pul-para “göy”ərtməkdə peşəkar olan rüşvətxor, korrupsionerlərin jarqonudur... Deməli, bu Eyyub müəllim özü korrupsionerdir və arxasında da böyük bir şəbəkə durur ki, o belə ürəklə, açıq şəkildə deyir ki, bu şəhər, yəni Bakı da, onun gecəsi də, səhəri də, gündüzü də, yağışı da, qarı da, küləyi də "bizimki"dir... Yəni müəllimin “Bakı bizimdir” deməsi o deməkdir ki, Azərbaycan paytaxtının bütün torpağı, onun gəliri-çıxarı, yeraltı-yerüstü sərvətləri, nefti-qazı, nə bilim, badamı-püstəsi, zeytunu, zəfəranı, üstəlik, gündən-günə artan göydələn, daha düzünü desək, “göydərən” binaların tikintisi də “bizimdir”. Elə o günləri Yasamalda içərisində arvad-uşaq ola-ola evləri uçuran korrupsioner “xozeyin”lər də belə jarqonla danışırlar da camaatla: “Bilirsiz, nə var, evinizin kvadratına bu qədər pul təklif edirik, razısızsa, pulunuzu götürün, evinizdən çıxın. Yox, razı deyilsizsə, bu teritoriya bizimkidir, buranı bizə veriblər, sizi zorla gücünə olsa da bu evlərdən çıxaracağıq...”
Hələ bu şəhərin yekə-yekə ticarət mərkəzlərini-filanını demirəm, Eyyub qədeş demək istəyir ki, onlar da "bizimkidir"...
Yaxşı, soruşa bilərsiz ki, şəhəri –Bakını başa düşdük, bəs “yağış da bizimdir” deməklə məşhur müğənni nəyi nəzərdə tutur- bunun korrupsiyaya-filana nə dəxli var ki... Deyəsən, siz Marsdan gəlmisiz, azərbaycanlı döyülsüz? Məgər bilmirsiz ki, bizim yumurtadan yun qırxan, daşdan pul çıxardan fərasətli oğlanlarımız yağışdan, qardan, hətta küləkdən də “levı”, “atkat-matkat” pul çıxarır... Payızdakı, indiki yağış daşqınları zamanı gördünüz şəhərə, ölkəyə nə qədər texnika, canlı qüvvə yeridilib, deyəcəksiniz ki, hə gördük... Amma soruşsam ki, o canlı qüvvələrin, texnikaların, onların işlətdiyi yanacağın, benzinin, dizelin-filanın sayını-miqdarını-hesabını bildiniz - cavab verəcəksiniz ki, yox, bilmədik. Heç ömrünüz boyu bilməyəcəksiniz də... Bilirsiz əgər bundan sonra heç bütün Bakının demirəm, Sabunçu və Bağırov köprpülərinin kanalizasiya sistemini qaydaya salmaq, oralarda təzədən söküntü-tikinti işləri aparmaq üçün nə qədər pul-para, işçi qüvvəsi, sement, asfalt, mazut, yanacaq-filan sərf ediləcək? Hardan biləsiz?..
Nə isə... Görürəm Eyyub müəllimin bu “gecə də, səhər də bizimdir” sözləri də sizi çox düşündürür... Onun da cavabı mən də... Bəyəm, ağlınız kəsmir ki, dünyanın ən qazanclı işləri elə gecələr görülür; bunun gecə-gündüz işləyən restoranları, gecə klubları, barları var, gizli-açıq striptiz zalları, kazinoları, qumarxanaları, narkotik, nə bilim, baboş-filan yığıncaqları var... Səhərlər də kefkom adamlar oyanır, deyirlər gedək, “Tarqovı”da bir səhər yeməyi yeyık, ev darıxdırıcıdır... Arada hələ kasıb-kasub da 6-7-də durub gedir xaşxanalarda yüz-yüz gillətməyə... Adicə sübh tezdən səhərin gözü açılmamış - 5-də-6-da o enerji içkilərinin, pivələrin metal bankalarını möhkəmcə əzişdirib-üzüşdürüb yığan “jestyanşik”lərin də öz hesab-kitab mərkəzi var e... Gördünüz, dünyadan xəbəriniz yoxdur... Deyirəm, Yaqub Eyyubov korrupsionerə oxşayır, inanmırsız...
Özünüz bilin- bunun qabağın vaxtında almasanız, sabah təzə mahnısın da oxuyacaq ki, bu ölkə də, bu Günəş də, Ay da bizimkidir...
Xülasə, deyiləsi, yazılası söz çoxdu, gedim material toplamağa...
Amma bundan sonra mənim yazılarımı lupa ilə yox, mikroskopla oxuyarsız- yaxşı “yem” yerləri taparsız... Neyləyim, deyir, palaza bürün-elnən sürün – mən də keçdim şərləməyə...
Sultan Laçın