Ekskluziv
3237
11 Apr 2025 | 13:55

"Kiyev hətta sülh naminə belə "qırmızı xətləri" keçməyəcək" - Ukrayna prezidentinin Ofisi

 
"Heç kim, xüsusilə işğalçı dövlət Ukraynaya hansı silahlı qüvvələrə malik olacağını diqtə edə bilməz..."
 
Kiyev Rusiya ilə sülh razılaşması çərçivəsində Ukrayna ordusunun sayı və döyüş qabiliyyətinə dair hər hansı bir məhdudiyyətə razı olmayacaq. Bu, Kiyevin sülh danışıqlarında "qırmızı xətti"dir.
 
Moderator.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Ofisi rəhbərinin müavini Pavel Palisa "Reuters" agentliyinə verdiyi müsahibəsində bəyan edib. Məlumatı "dialog.ua" nəşri yayıb.
 
"Bu, Ukraynanın prinsipial mövqeyidir - heç kim, xüsusilə də işğalçı dövlət Rusiya Ukraynaya hansı silahlı qüvvələrə malik olacağını diktə edə bilməz", - Palisa deyib. O, vurğulayıb ki, məhz Ukrayna ordusu Ukraynanın təhlükəsizliyinin əsas təminatçısı olacaq və müharibə sona çatdıqdan sonra Rusiya tərəfindən yeni hücumların qarşısını alacaq.
 
"Mən təxmin edə bilərəm ki, Rusiya Ukraynanın ordusunun sayının azaldılmasını tələb etməklə qarşısına nə məqsəd qoyur - bəlkə də gələcəkdə yeni bir hücuma hazırlıq görmək istəyir, amma yox - Ukrayna ordusunun azaldılması olmayacaq. Bizim vəzifəmiz keçmişin dərslərini yaxşı öyrənməkdir", - Palisa qeyd edib.
 
"Reuters"in qeyd etdiyi kimi, ordu sayının azaldılması məsələsindən başqa, Ukrayna heç vaxt Rusiyanın işğal olunmuş ərazilərdə suverenliyini tanımağa razı olmayacağını bildirib, baxmayaraq ki, Kiyev ictimai şəkildə bu torpaqları hərbi yolla geri qaytarmağın mümkün olmayacağını qəbul edib.
 
Bundan öncə Palisa bəyan edib ki, Kiyev amerikalı tərəfdaşları ilə əlavə yardımın təmin edilməsi məsələsini müzakirə etməyib, lakin bu məsələni atəşkəs danışıqları zamanı gündəmə gətirə bilər. 
 
O, həmçinin qeyd edib ki, hazırda ölkə öz hava hücumundan müdafiə sisteminin inkişafına sərmayə qoyur. Bir neçə ölkə artıq "müəyyən avadanlıqların istehsalı üçün lisenziyaların və texniki sənədlərin" verilməsini razılaşdırıb. "Proses irəliləyir və kifayət qədər dinamikdir", - o, əlavə edib.
 
"Rusiya Ukraynanın silahsızlandırılmasını tələb edir..."
 
Xəbər verildiyi kimi, Kreml tammiqyaslı təcavüzün başlanğıcında Ukraynanın "demilitarizasiyası"nı əsas tələb olaraq irəli sürüb. 
 
2022-ci ilin yazında Ukrayna və Rusiya danışıqlar keçirib və nəticədə, o cümlədən Ukrayna Silahlı Qüvvələrinin sayının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə bağlı müzakirələrin yer aldığı ilkin bir sülh razılaşması layihəsi ortaya çıxıb.
 
Sonradan Rusiya diktatoru Vladimir Putin davamlı olaraq İstanbul sənədinə qayıdılması tələbini və xüsusilə Ukrayna Silahlı Qüvvələrinin sayının azaldılmasını müharibənin sona çatması üçün şərt olaraq irəli sürüb. Prezident Vladimir Zelenski isə buna cavab olaraq müharibədən sonra ordu sayının azaldılmasının mümkün olmadığını bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər