"Ümid edirəm ki, yazdıqlarım, təkliflərim bu dünyadakı bütün rüşvətxorların, korrupsionerlərin ürəyincə oldu. Amma..."
“Bu qələm var e, bu qələm... Bir də son onilliklərdə meydana çıxmış bu kompüter, onun klaviaturası, nə bilim mobil telefonlar, onların yazan yerləri... Dünyada ən zərərli, ən ziyanlı şeylər bunlardır... Aləmi qatıb-qarışdıran, ölkədə, yer üzündə sabitliyi pozan, uşaqların, cavanların beyinlərini çürüdən, boşanmaların, oğurluqların, qətllərin və s. sayını artıran elə bunlardır...”
“Bay sənin, az qala, yadımdan çıxmışdı... Öncə bütün evlərdən, mətbəxlərdən, dükanlardan, market və bazarlardan, xəstəxanalardan və s. bıçaqları, ümumiyyətlə, bütün kəsici-deşici alətləri yığışdırmaq lazımdır... Görmürsüz, son vaxtlar məktəblərdə, məhlələrdə uşaqlar bir-birini bıçaqlayır, qan tökür...”
“Bu Günəş də lap zayın çıxardıb... Bəşəriyyətə nə qədər ultra-bənövşəyi şüalar buraxıb onkoloji xəstəlikləri, dəri xərçəngini-filanı çoxaldır... Üstəlik, hər il istilərdən on minlərlə adam ölür... Bəlkə alimlər bir şey fikirləşib bu planetin üzünə bir qara pərdə çəksinlər, “vabşe” bu Günəş zəhrimarı görməyək – gözlərimizə də ziyandır...”
“Ümumiyyətlə, yaxşı olar ki, hərə başından ayağına bir futlyar, məhfəz, çexol, qılaf keçirsin və xaricdən gələn zərərli təsirlərdən qorunsun... Sovet təhsili alanların yaxşı yadında olar: rəhmətlik Çexovun çox ibrətamiz bir əsəri var idi e: “Qılaflı adam”...”
“Nə isə... Çox danışdım- başınızı ağrıtdım... Darıxmayın, sonuncu nitqimdir... Bir azdan dilimi də kəsəcəm, barmaqlarımı da... Qələmlərimi, karandaşlarımı, noutbukumu, telefonumdakı hərflər yazılan yeri – hamısını qırıb tökəcəm...”
*** *** ***
Deyirəm, bəlkə Xəzər dənizini, Kür çayını ləğv edək, qurudaq, hər il onlarla insanımız onların ağuşunda boğulub ölür... Elə Qarabağ, Mil-Muğan, Samur-Abşerob və s. kanalları da bu sıyahıya daxil edilməlidir...
Elektrik enerjisinin də kökündən kəsmək lazımdır... Görün, hər il neçə adamı, gənci, uşağı “tok” vurub öldürür...
Bu Günəş də lap zayın çıxardıb... Bəşəriyyətə nə qədər ultra-bənövşəyi şüalar buraxıb onkoloji xəstəlikləri, dəri xərçəngini-filanı çoxaldır... Üstəlik, hər il istilərdən Yerdə on minlərlə adam ölür... Bəlkə alimlər bir şey fikirləşib bu planetin üzünə bir qara pərdə çəksinlər, “vabşe” bu Günəş zəhrimarı görməyək – gözlərimizə də ziyandır...
Havadan heç danışmayın... Havamız, atmosferimiz tamam çirklənib, zərərli karbon, azot, nə bilim nə qazlarıyla doludur və hamımızı zəhərləyir, nəinki ağciyər, tənəffüs, ürək, beyin və s. xəstəliklərin də sayını artırır... Odur ki, Günəşə qarşı qara pərdə çəkdikdən sonra gəlin bir şey fikirləşək, Yer ətrafındakı hava qatını da tamam basıb çıxardaq orbitdən kənara.... Əvəzində çoxlu oksigen zavodları tikək və hər kəsi gündəlik doldurula bilən rahat və təmiz oksigen balonlarıyla təmin edək... Keçirək başımıza, sərbəst gəzək...”
Ümumiyyətlə, yaxşı olar ki, hərə başından ayağına bir futlyar, məhfəz, çexol, qılaf keçirsin və xaricdən gələn zərərli təsirlərdən qorunsun... Sovet təhsili alanların yaxşı yadında olar: rəhmətlik Çexovun çox ibrətamiz bir əsəri var idi e: “Qılaflı adam”... Heyif döyül qapalılıq...
Bay sənin, az qala, yadımdan çıxmışdı, öncə bütün evlərdən, mətbəxlərdən, dükanlardan, market və bazarlardan, xəstəxanalardan və s. bıçaqları, ümumiyyətlə, bütün kəsici-deşici alətləri yığışdırmaq lazımdır... Görmürsüz, son vaxtlar məktəblərdə, məhlələrdə uşaqlar bir-birini bıçaqlayır, qan tökürlər...
Düzdü, adama deyərlər ki, uşaqlarınızı yaxşı tərbiyə edin, onlara yüksək təhsil, mədəniyyət verin ki, davakar, söyüşcül olmasınlar... Əşşi, uşaqlarımıza düzgün tərbiyə, təhsil vermək üçün, bilirsiz, nə qədər problemi həll etmək gərəkdir... Əvvəla, bu başı batmış ata-ana babat uşaq pulu almalı, özü də yaxşı pul qazanmalıdır ki, uşağı normal yedirsin-içirsin ki, o, əqli, psixoloji cəhətdən normal böyüsün... Eyni zamanda bunun üçün dükan-bazarda ekoloji təmiz və ucuz qiymətə yağ, süd, ət, meyvə-tərəvəz, içki və s. tapılmalıdır. Sonra da uşağı elə bağçaya, ardınca da məktəbə qoymalıdırlar ki, orada düzgün təlim-tərbiyə, təhsil verilsin, rüşvət, ayrı-seçkilik olmasın... Həm də kişi müəllimlər çox olsun... Bunun üçün də müəllimlərin maaşları o həddə çatdırılmalıdır ki, kişi müəllimlər məktəblərə qayıtsınlar... Gördünüz, nə qədər problem çıxdı?.. Odur ki, elə bıçağın kökünü kəssək, yaxşı olar...
Soruşacaqsınız ki, bəs evdə, restoranda çörəyi, əti, pendiri və s. nə ilə kəsək, doğrayaq... Əşşi, ona da bir şey fikirləşərik... Sağ olsun, lazer texnologiyası... Hər şeyi lazerlə kəsərik...
Amma bıçaqların kökünü kəsməmiş, yaxşı olar ki, elə başımıza əsas bəla olan bu dilimizi kəsib ataq, çünki onu lazerlə kəsmək çətin olar... Dilimizi kəsək ki, boş-boş danışıb hər işə qarışmasın, söyüş söyməsin, korrupsionerləri pisləməsin, əxlaqsızları hədəfə almasın... Yoxsa doğrudan da başımıza bəla olar... Bu zəmanədə susmaq – qızıl yox e, almazdır, brilliantdır...
Yaxşı, dilimizi kəsdik... Bəs axı, əlimiz, barmaqlarımız işləyəcək və smartfonda, ayfonda, kompüterdə, noutbukda və s. nəsə, ağlımıza, ağzımıza gələni düşünüb yazacağıq?.. Nə bilim, “vatsap”da, “instaqram”da, “feysbuk”da, “tiktok”da- filanda, saytda, qəzetdə... Onları tapmasaq da qələmlə nəsə yazıb harasa yollayıb camaatın başını ağrıdacayıq...
Bu qələm var e, bu qələm... Bir də son onilliklərdə meydana çıxmış bu kompüter, onun klaviaturası, mobil telefonlar, onların yazan yerləri... Dünyada ən zərərli şey bunlardır... Aləmi qatıb-qarışdıran, ölkədə, yer üzündə sabitliyi pozan, uşaqların, cavanların beyinlərini çürüdən, boşanmaların, oğurluqların, qətllərin, intiharların və s. sayını artıran bunlardır... Xüsusən də, son iki onillikdə getdikcə populyarlaşan sosial şəbəkələr... Bayaq dediyim, “vatsap”, “instaqram”, “feysbuk”, “tiktok” və s...
Bu günlər mediada-filanda təkliflər səslənir ki, bəlkə bu sosial şəbəkələri ləğv edək, qapadaq... Çox gözəl təklifdir- lap ürəyimizdən xəbər verir...
Əvvəla, sosial şəbəkələri ləğv etmək, bloklamaq gərəkdir, sonra da qələmlərin, kompüterlərin hamısını qırıb, sındırıb yollamaq lazımdır tarixin zibilliyinə... Hətta hansısa idarənin anbarında 80-ci illərdən yazı makinaları qalıbsa, onları da təcili xurd-xəşil eləmək lazımdır ki, yaza bilən heç kəs və heç nə qalmasın...
Ümumiyyətlə, bu interneti-filanı- hamısını bu cəmiyyət, yəni kasıb-kusub üçün bağlatmaq lazımdır... Camaatın tərbiyəsini pozur...
Və yaxşı olar ki, bu yazanların, yazarların, jurnalistlərin, “demaqoq”ların hamısının qələmini qıraq... Qoy özlərinə ayrı iş tapsınlar, ya da onları da yollayaq o tərəfə... Özümüz də barmaqlarımızı heç olmasa baş falanqalarından kəsək ki, birdən hansısa zibillikdən qələm, kompüter qırığı tapıb yenə nəsə yazarıq...
Nə isə... Çox danışdım- başınızı ağrıtdım... Darıxmayın, sonuncu nitqimdir... Bir azdan dilimi də kəsəcəm, barmaqlarımı da... Qələmlərimi, noutbukumu, telefonumdakı hərflər yazılan yeri də – hamısını qırıb tökəcəm...
Amma məndən soruşa bilərsiz ki, müasir həyatda insana lazım olan rabitə, ünsiyyət, yazı-pozu, nitq vasitələrinin hamısını qırıb, kəsib atdıq- bəs nə qaldı, nə ilə yaşayaq, əylənək, nədən zövq alaq...
Bilirsiz, dostlar, doğmalar, çox düşünüb-daşındım və belə qənaətə gəldim ki, bu dünyada, bu həyatda ən təhlükəsiz, zövq və ləzzət alınası əməl, iş rüşvətdir, korrupsiyadır... Bəli, bəli... Məhz rüşvət və korrupsiya... Təəssüf ki, bunlara səhvən xəstəlik, mərəz deyirlər... Amma əksinə, rüşvət və korrupsiya insanın və cəmiyyətin bütün dərd və problemlərinin çarəsi, dərmanıdır, dərmanı, məlhəmidir, məlhəmi...
O imperiya deyilən gözəl sovet dövründən bəri bu məlhəm canımıza o qədər işləyib, yayılıb ki, artıq onu gündəlik azı bir doza qəbul etməsək, yaşaya bilmərik... Yəni ya verməliyik, ya almalıyıq, ya da sənədlərlə düzüb-qoşub nəyisə çırpışdırmalıyıq... Bu yaşımadək oxuduğum ali məktəbdə, işlədiyim dövlət və qeyri-dövlət qurumlarında da şahidi olmuşam ki, bu Adəm əhli rüşvətsiz, yeyintisiz, “çak-çuk”suz, korrupsiyasız yaşaya bilməz...
Öz aramızdı, bir yaxşı düşünün, rüşvət həyatımız üçün nə qədər rahatlıq yaradır və o olmasa, nə qədər çətinliklərə ürcah olarıq... Doğum evindən başlayaq... Körpən doğulursa, rahat, problemsiz doğulmasını istəyirsənsə, pulunu verirsən – sənin uşağın sağ-salamat gəlir dünyaya, amma o biri pul verməyənin körpəsi də o dünyalıq olur, anası da... Uşağı bağçaya qoymaq istəyirsən – müdir deyir, yer yoxdur – amma “yüzlüyün” ucunu görən kimi deyir, yer tapdım- gətir uşağı... Məktəbdə müəllim uşağının dərs oxumasına yaxşı fikir vermir- cibinə ayda bir “əlli”də-“yüz”dən basırsan- uşağın olur alim... Ancaq orta məktəbi bitirəndə problem olur... Bu imtahanlarda testi çıxardana nə deyim?... Lakin fərasətli oğullar onun da yolunu tapır... Və övladlarına heç hazırlığa-filana qoymadan oturdurlar hansısa ali məktəbdə... Universiteti-filanı bitirəndən sonra da rüşvətlə işə düzəlmənin türlü yolları var... Elə ki işə düzəldin, həm yağlı dilini işə salırsan, müdirə, direktora, rəisə yaltaqlanırsan, paralel olaraq əlin cibində olur və günlərin bir günü ayılırsan ki, həmin müdirin, direktorun yerində özün oturmusan...
Rüşvət olmasa, bütün bu işləri belə rahat görmək olar? Yox.. Əsla...
İndi, təsəvvür edin ki, artıq özün, yaxud övladın neçə illərdir rüşvət payladığın, direktorun müdirin, baş həkimin, rəisin yerindəsiniz... Bundan sonra əks proses başlayır...Yəni verdiklərinin 5-10 qatını aşağılardan, işçilərdən, kasıb-kusubdan yığmaq... Daha sonra da lap yuxarılara, başçılığa, nazirliyə cürbəcür yollar, kanallar açılıq sənin üçün... Bax, əsil ləzzətli iş budur e...
Bəs birdən yuxarılarda, yaxud aşağılarda kiminsə xoşuna gəlmədin, kimisə yaxşı yemləmədin və iş başında ilişdin... Onda nə edəcəksən? Heç zad... İndiyədək qazandıqlarının -5-10 faizini verib canını qurtaracaqsan... Və beləcə bu fani dünyada ləzzətli yaşamını davam etdirəcəksən...
Ona görə də bu sosial şəbəkələri, saytları-filanı ləğv edib əvəzində korrupsiya şəbəkələrini gücləndirsək, əla olar... Həyatımız daha da gözəlləşər... Özü də sən rüşvətxor, yaxud korrupsionersənsə, öz həmkarlarının təqibə, təzyiqə, repressiyaya məruz qalmasına, işdən çıxarılmasına, həbsinə imkan verməməlisən. Haradasa, dünyanın hansı guşəsindəsə bir rüşvətxor, yaxud korrupsioner tutulursa, dərhal onun azadlığını tələb etmək, ümumiyyətlə, rüşvət və korrupsiyaya azadlıq tələb etmək lazımdır... Təsəvvür edin ki, milyonlar meydana toplaşıb və hayqırır:
“Filan rüşvətxor, korrupsioner müdirə, rəisə, başçıya, nazirə azadlıq! Rüşvətə, korrupsiyaya azadlıq!..” Bundan gözəl və əsas azadlıq var bu dünyada?.. Çırpışdır ki, çırpışdırasan, tala ki, talayasan...
Ancaq öz aramızdı, bu sosial şəbəkələri pisləyirik, amma bunların da ləzzətli tərəfləri var axı... Bir təzə maşın, geyim, ev alan kimi o saat fotolarını paylaşırsan, özünü göstərirsən, gözü götürməyən qohum-əqrəbanı, tanış-tunuşu, kasıb-kusub yandırıb-yaxırsan... Nə bilim, birdən gecələr yuxun gəlməyəndə maraqlı kinolara, nə bilim, o “əxlaqsız” deyilən ləzzətli şeylərə-filana baxırsan... Bəs “tik-tok”-filan, “yutub” olmasa, biz nə qayırarıq... Yaxşısı, budur gəlin, ümumi cəmiyyət üçün qadağan edək, lakin özümüz kefimiz istəyəndə girək işlədək bunları... Yoxsa, darıxarıq...
Ümid edirəm ki, yazdıqlarım, təkliflərim bu dünyadakı bütün rüşvətxorların, korrupsionerlərin ürəyincə oldu... Amma bilmirəm, hansısa ölkənin cinayət məcəlləsində rüşvət, korrupsiya şəbəkələrini gücləndirməyə çağırışa görə cinayət maddəsi var, yoxsa yox...
P.S. Eşitdim... Yazılarımızı lupa ilə oxuyan yekə hüquqşünaslardan bir neçəsi ürəklərində dedilər ki, CM-lərdə belə bir maddə yoxdusa da, sizin üçün bir şey düzüb-qoşarıq, narahat olmayın...
Sultan Laçın