"Tehran danışıqları zorla qəbul etdirməyə imkan verməyəcək..."
ABŞ prezidenti Donald Tramp İranın Ali lideri Əli Xameneiyə göndərdiyi məktubda yeni nüvə sazişinin bağlanması üçün iki aylıq müddət təyin edib.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.
Məktub martın 6-da göndərilib və Tramp Xameneiyə müraciət edərək İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə danışıqlara başlamağa çağırıb.
İki aylıq müddətin məktubun çatdırılma tarixindən, yoxsa danışıqların başlanmasından etibarən hesablanacağı bəlli deyil. Lakin əgər İran Trampın təklifini rədd edərsə, ABŞ və ya İsrailin İranın nüvə obyektlərinə qarşı hərbi əməliyyat keçirmək ehtimalı xeyli artacaq - "Axios" qeyd edir.
Nəşrin mənbələrinin sözlərinə görə, Trampın Xameneiyə məktubu "sərt" olub: o, təkcə yeni nüvə sazişi ilə bağlı danışıqları təklif etməyib, həm də İranı konstruktiv dialoqdan imtinanın nəticələri barədə xəbərdar edib. Ağ Ev rəhbəri məktubda açıq şəkildə bildirib ki, danışıqlar sonsuz müddət davam etməyəcək.
Portalın həmsöhbətlərinin məlumatına görə, məktub iranlılara çatdırılmamışdan öncə Ağ Ev onun məzmunu barədə bir neçə müttəfiqini- Səudiyyə Ərəbistanı, BƏƏ və İsraili məlumatlandırıb.
Xamenei və İran prezidenti Məsud Pezeşkian həm Trampın yazılı təklifini, həm də onun ictimai şəkildə nüvə danışıqlarına dair çağırışlarını "aldatma və qorxutma" adlandıraraq rədd edib.
Bununla belə, iki gün öncə İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Baqai Vaşinqtona diplomatik cavabın hazırlandığını bildirib. "Hələlik, Trampın məktubunu dərc etmək üçün heç bir əsasımız yoxdur. Bu məktuba cavabımız hərtərəfli araşdırmadan sonra müvafiq kanallar vasitəsilə veriləcək", - Baqai deyib.
Eyni zamanda, dünən Tehran faktiki olaraq Vaşinqtonu özünün "1 nömrəli düşməni" elan edib. Buna səbəb ABŞ-ın Yəməndəki husilərin obyektlərinə zərbələr endirməsi və İsrailin Qəzza bölgəsində hərbi əməliyyatları bərpa etməsi olub.
Trampın İranın Ali liderinə məktubu barədə ilk dəfə martın 7-də məlumat yayılıb. Həmin vaxt ABŞ prezidenti vurğulayıb ki, ya saziş bağlanmalıdır, ya da Tehranla bağlı problem "başqa cür" həll olunacaq.
İran prezidenti isə bildirib ki, ölkə rəhbərliyi danışıqları zorla qəbul etdirməyə çalışanlarla razılaşmayacaq. O, "aqressiv hökumətlərin" israrının problemlərin həllinə yönəlmədiyini qeyd edib.
Xatırladaq ki, ötən həftə "Politico" nəşri mənbələrə istinadən yazıb ki, Tramp Rusiya prezidenti Vladimir Putindən İranla danışıqlarda vasitəçilik etməsini şəxsən xahiş edib. Həmin vaxt Rusiya rəhbərliyinin buna razılıq verdiyi də bildirilib.
Putinin Tramp ilə telefon söhbəti zamanı prezidentlər Yaxın Şərqdə gələcək münaqişələrin qarşısını almaq üçün əməkdaşlıq məsələlərini müzakirə edib. Xüsusilə, həm Tramp, həm də Putin İranın İsraili məhv etmək imkanına sahib olmamalı olduğunu bildirib.
Qeyd edək ki, Trampın ilk prezidentlik dövründə, 2018-ci ildə ABŞ İranla 2015-ci ildə bağlanmış Birgə Hərtərəfli Fəaliyyət Planından çıxıb. Bu saziş İran, Rusiya, ABŞ, Çin, Böyük Britaniya, Fransa və Almaniya arasında imzalanıb.
Saziş Tehranın nüvə proqramını məhdudlaşdırması müqabilində ona qarşı sanksiyaların qaldırılmasını nəzərdə tutub. ABŞ-ın sazişdən çıxmasına cavab olaraq İran öz texnoloji potensialını və yüksək dərəcədə zənginləşdirilmiş uran ehtiyatlarını artırıb.