Sərhədlərimizdə eşidilən “atəş nəğməsi” məğlub ölkənin sabahı haqqında nə deyir?
Son günlər Ermənistan müxtəlif istiqamətlərdə Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda, təxribatlar törətməkdədir. Bu təxribatların sülh sazişi ilə bağlı danışıqlarının uğurla başa çatmasından sonra da davam etməsi, İrəvanın hələ də revanşist niyyətlərdən əl çəkmədiyini, son anda belə proseslərin hansısa şəkildə onun xeyrinə dəyişəcəyinə ümid etdiyini göstərir. Halbuki, istər iki dövlət arasında hərbi-iqtisadi baxımdan mövcud olan nəhəng fərq, istərsə də primitiv məntiq və analiz Ermənistanın belə bir şansa malik olmadığından xəbər verir. Bu isə o deməkdir ki, İrəvanın mövcud reallıqları qəbul etmək istəməməsinin yaxın gələcəkdə bütün Ermənistanın faciəsinə çevrilməsi ehtimalı yüksəkdir.
Bu mənada ermənilərin əsgərlərimizə açdığı hər bir atəş Ermənistan üçün əcəl zəngi hesab edilə bilər. Çünki hər belə atəş Azərbaycanın səbr kasasını dolduran bir damla olmaqla yanaşı, Ermənistan üçün sonun başlanğıcını da yaxınlaşdırmaqdadır.
Şübhəsiz, sərhədlərimizdə eşidilən atəş nəğməsi Ermənistanın sabahına, onun təhlükəsizliyinə yaxşı heç nə vəd etmir. Əksinə, İrəvan törətdiyi hər təxribatla Ermənistanı məhvə doğru daha bir addım yaxınlaşdırmaqda, bununla da öz yaşam şansını azaltmaqdadır.
Hələliksə, Ermənistan sərhədlərimizdə təxribata cəhd etməklə var olduğunu, 44 günlük Vətən müharibəsindən sonra regionda formalaşan yeni status-kvo ilə faktiki olaraq barışmadığını göstərməyə çalışır. İrəvan həmçinin, ordumuzun mövqelərinə açılan hər atəş səsindən ruhi-mənəvi baxımdan güc almağa, özü-özünü təsəlli etməyə cəhd edir. Lakin unudur ki, Azərbaycan Ordusu “danışmağa başlayanda” bu səslər şir nəriltisində itib-batan çaqqal ulartısı kimi eşidilməz olacaq və əbədi kəsiləcəkdir.
Seymur ƏLİYEV