"Avropa İttifaqı Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edib, buna görə də avropalılar bu prosesə cəlb olunmalıdır..."
ABŞ prezidenti Donald Tramp Avropanı Ukrayna və Rusiya ilə apardığı danışıqlardan hələlik kənarda saxlayır.
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
Nəşr qeyd edir ki, ABŞ Avropadakı tərəfdaşlarına bildirib ki, əsas prioritet döyüş əməliyyatlarının dayandırılmasına nail olmaq, həmçinin bundan sonra Ukraynanın təhlükəsizliyi ilə bağlı mümkün razılaşmaları müzakirə etməkdir.
Bu açıqlama Avropa liderlərinin iştirakı olmadan ABŞ-ın Rusiya ilə razılıq əldə edə biləcəyindən narahat olan müttəfiq ölkələri sakitləşdirməyə kömək edə bilər. Belə bir ssenari Ukraynanın və ya Avropanın təhlükəsizliyini zəiflədə bilər. Hazırda Tramp Avropanı Ukrayna və Rusiya ilə danışıqlardan kənarda saxlayır.
Bu narahatlıqlar çərşənbə axşamı daha da artıb, çünki Tramp Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Putin Trampın Ukraynada 30 günlük atəşkəs təklifini rədd edərək, yalnız ölkənin enerji infrastrukturuna hücumların məhdudlaşdırılmasına razı olub. O, həmçinin ABŞ və digər ölkələrdən silah və kəşfiyyat məlumatları verməyi dayandırmalarını tələb edib.
"Bu proses tam gücü və effekti ilə davam edir və biz ümid edirik ki, bu işi bəşəriyyət naminə tamamlayacağıq", - Tramp "Truth Social" şəbəkəsində yazıb.
Rusiya 2022-ci ildə Ukraynaya hücum etdikdən sonra Ukraynanın müttəfiqləri Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib. ABŞ rəsmiləri dəfələrlə bildirib ki, razılaşmaya nail olunana qədər bu sanksiyalar qüvvədə qalacaq və Kremlə təzyiqləri artırmaq üçün, xüsusilə enerji sektorunda əlavə tədbirlər görməyə hazırdır.
ABŞ Milli Təhlükəsizlik Şurasının və Dövlət Departamentinin nümayəndələri bu mövzuda şərh verməkdən imtina edib. Dövlət katibi Marko Rubio isə ötən həftə "Böyük Yeddilik" sammitində jurnalistlərə çıxışı zamanı bu məsələni dolayı yolla vurğulayıb.
"Avropa İttifaqı Rusiyaya və Rusiyadakı şəxslərə qarşı ciddi sanksiyalar tətbiq edib", - Rubio bildirib. "Buna görə də, onlarla məsləhətləşmələr aparılmalı və onlar bu prosesə cəlb olunmalıdır. Odur ki, gəlin əvvəlcədən qərar verməyək və hər şeyə sıfırdan başlamayaq".
Ötən həftə Tramp ilə görüşdən sonra NATO Baş katibi Mark Rütte "Bloomberg"ə bildirib ki, Ukraynada döyüşlər dayandırıldıqdan sonra Rusiya ilə münasibətlərin normallaşdırılması labüddür. O, atəşkəs danışıqlarında irəliləyiş əldə etmək üçün Moskvaya təzyiqlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Bununla belə, Litvanın xarici işlər naziri Kestutis Budris bazar ertəsi verdiyi müsahibədə Rusiyayla münasibətlərin bərpasını "hətta nəzərdən keçirməyin belə zərərli" olacağını deyib. Onun sözlərinə görə, bu baş verməzdən öncə Rusiya uzun bir güzəşt siyahısını yerinə yetirməlidir, o cümlədən müharibəni dayandırmalı, işğal olunmuş Ukrayna ərazilərini geri qaytarmalı və Ukraynaya reparasiyalar ödəməlidir.
Avropa İttifaqı və ABŞ arasında münasibətlər böhranı
Donald Tramp faktiki olaraq Avropanı Ukrayna üzrə sülh danışıqlarından kənarlaşdıraraq, ABŞ və Rusiya arasındakı müzakirələrə Avropa liderlərini daxil etməyib. O, Vladimir Putinlə telefon danışığında döyüşlərin dayandırılmasını müzakirə etsə də, avropalı müttəfiqləri ilə məsləhətləşməyib.
Bu isə Avropa ölkələri arasında ABŞ-ın Avropasız Rusiya ilə razılığa gələ biləcəyi və bunun Ukraynanın və Avropanın təhlükəsizliyini zəiflədə biləcəyi barədə narahatlıqları artırıb.
Bundan əlavə, Tramp Avropaya faizlik polad və alüminium idxal rüsumları tətbiq edəcəyi ilə hədələyib. Buna cavab olaraq Avropa İttifaqı ABŞ-dan idxal olunan mallara 28,33 milyard dollar dəyərində gömrük rüsumları tətbiq edəcəyini elan edib.
Üstəlik, Trampın Rusiya prezidenti Vladimir Putinlə yaxınlaşması və ABŞ-ın NATO-dan çıxmaqla hədələməsi fonunda Avropa ölkələri müdafiə xərclərini əhəmiyyətli dərəcədə artırmağa, eləcə də texnoloji və sənaye bazasını gücləndirməyə dəstək verib.
"Financial Times"ın məlumatına görə, indi Avropa İttifaqı ölkələri müdafiə xərclərini artırmaq üçün sosial təminat sisteminin xərclərini azaltmaq məcburiyyətində qala bilər.