"Putin Tramp ilə söhbətdə taktiki qələbə qazanıb və indi Tramp dilemma qarşısındadır..."
ABŞ prezidenti Donald Tramp ilə Rusiya diktatoru Vladimir Putin arasında baş tutan söhbət Rusiya və Ukrayna arasında sülh sazişinin bağlanmasına uzun bir yolun olduğunu göstərir. Çünki Kreml bu prosesdə hələ də ciddi maneə olaraq qalır.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" nəşri yazıb.
Nəşrin qeyd etdiyinə görə, Tramp indi seçim qarşısındadır: ya Putinə güzəştlərə getməsi üçün real təzyiq göstərməlidir, ya da Ukraynaya təzyiq edərək Kiyevdən daha çox kompromis əldə etməyə çalışmalıdır.
Bundan əlavə, ABŞ lideri çətin bir dilemma ilə üzləşib. O, ya Rusiyaya güvənərək sülhə nail olmağa çalışmalı, ya da Kremlin güzəştə getməsi üçün ona təzyiq göstərməlidir. Lakin bu, Vaşinqton və Moskva arasındakı münasibətləri bərpa etmək istəyinə mane ola bilər.
"Tramp həqiqətən də qırğını dayandırmaq istəyir, o, bunu anlaşılmaz hesab edir. Amma o, başa düşmür ki, Putin üçün bu, nə qədər böyük görünsə də, ödəməyə hazır olduğu bir bədəldir", - Trampın ilk prezidentlik dönəmində Rusiya məsələləri üzrə keçmiş köməkçi Fiona Hill deyib.
Onun sözlərinə görə, Putin Ukraynada dominant mövqe qazanmaq və ümumilikdə Rusiyanın Avropadakı mövqeyini möhkəmləndirmək niyyətindədir.
Jurnal yazır ki, Rusiyanı güzəştə getməyə məcbur etmək son dərəcə çətin olacaq. Çünki Moskva iqtisadiyyatını hərbi rejimə uyğun şəkildə yenidən qurub, görünməmiş sanksiyalara baxmayaraq, ticarət əlaqələrini Çin və Hindistan kimi tərəfdaşlara yönləndirib və müharibədə üstünlük qazandığını hiss edir.
Kremlin Tramp-Putin söhbəti ilə bağlı açıqlamasına əsasən, Rusiya lideri güzəştlərin təkcə Ukrayna ilə məhdudlaşmamasına ümid edir. Jurnalistlər vurğulayır ki, buna sübut olaraq Yaxın Şərq və Qırmızı dənizdəki vəziyyətin, eləcə də Rusiya və ABŞ arasında beynəlxalq və ikitərəfli məsələlərdə əməkdaşlığın müzakirə edilməsi göstərilə bilər.
"Bu, Putinin açıq-aşkar qələbəsidir. O, ABŞ ilə ikitərəfli münasibətləri Ukraynadakı müharibədən ayırmağa çalışır. Ən vacibi isə odur ki, Putin tam atəşkəs təklifini rədd edərək heç bir güzəştə getmədən vəziyyəti öz xeyrinə çevirə bilib. Bu, Ukrayna üçün çox pis xəbərdir, çünki onu getdikcə daha çox danışıqlarda alver predmetinə çevrilmiş bir tərəf kimi görürlər", - Karnegi Rusiya-Avrasiya Mərkəzinin baş elmi işçisi Tatyana Stanovaya izah edib və Putinin Trampla söhbətdə taktiki qələbə qazandığını qeyd edib.
Buna baxmayaraq, bəzi analitiklər sülh sazişinin gec-tez bağlanacağına inanır. Onlar uzunmüddətli danışıqlar ideyasını yüksək qiymətləndirir, çünki bu, yanlış anlaşılmaların və səhvlərin qarşısını almağa kömək edə bilər.
Eyni zamanda vurğulanır ki, Tramp "incə bir tarazlıq" üzərində hərəkət etməli olacaq- həm Ukrayna ilə razılaşma əldə etməli, həm də daha geniş və dayanıqlı bir sülh sazişi üçün ümidləri qorumağa çalışmalıdır. Bu isə Putinə danışıqlardan istifadə edərək davamlı sülhə mane olmaq imkanı verə bilər.
"Bu, uzun bir proses olacaq. Putin hələ də öz maksimalist tələblərini qəbul etdirməyə çalışır", - Trampın Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kurt Uolker deyib.