Ekskluziv
621
15:15, Bu gün

"Trampın sülh planları iflasa uğrayır, ABŞ özü ilə danışıqlar aparır" - "Financial Times"

 
"Putin gözləyirdi ki, Avropa güzəştə gedəcək və ya Ukrayna çökəcək, əvəzində ABŞ-ın mövqeyi kəskin şəkildə dəyişib..."
 
Trampın sülh səyləri uğursuzluğa düçar olub. Bununla belə, Ağ Ev bildirir ki, o, xarici siyasət hədəflərinə çatmaq yolunda, hətta bu, daha uzun vaxt alsa belə, irəliləməyə davam edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Financial Times" nəşri yazıb.
 
Nəşr qeyd edir ki, çərşənbə axşamı Rusiya prezidenti Vladimir Putinlə söhbəti zamanı Donald Tramp Ukraynada sülhün tam sürətlə bərqərar olduğunu inamla bəyan edib. Lyazır bu nikbin dəyərləndirmə reallığa ziddir.
 
"Güzəşt etmədən güzəşt"
 
Danışıqlar zamanı Putin Trampın tam atəşkəs tələbini rədd edib. Keçən həftə ABŞ və Ukrayna bu məsələ ilə bağlı razılığa gəlmişdi. Rusiya lideri yalnız enerji və infrastruktur obyektlərinə hücumların məhdud dayandırılmasına razılaşıb.
 
Bu, Trampın yenidən prezident seçilməsindən sonra Putinlə keçirdiyi ikinci telefon danışığı idi və nəticələr göstərdi ki, onun Ukraynada sürətli sülh ideyasını reallaşdırması çətindir. Trampın planlaşdırdığı razılaşma nə Moskvaya, nə də Kiyevə tamamilə uyğun gəlmir. Özünü "qlobal sülhün təminatçısı" adlandıran Tramp indi Ukrayna ilə bağlı vədlərini yerinə yetirməyə çalışır.
 
Putinlə danışıq eyni zamanda, İsrail və HƏMAS arasında Qəzzada atəşkəsin pozulmasından bir neçə saat sonra baş tutub. Qəzzadakı münaqişə yenidən alovlanıb, üstəlik, ABŞ Yəməndə husilərin obyektlərinə hava zərbələri endirib və İrandakı tərəfdarlarına xəbərdarlıqlar göndərib.
 
Karnegi Fondunun eksperti Aaron Devid Miller qeyd edir: "Tramp özünü böyük bir danışıqlar ustası kimi təqdim edir, lakin mövcud münaqişələrin acı reallıqları ilə bu təsəvvürü uzlaşdıra bilmir. Trampın şəxsi rolu onun dünyagörüşündə hər şeyin mərkəzində dayanır, lakin reallıqda bu yanaşma işə yaramır".
 
Trampın son bir ay ərzində Kiyevə göstərdiyi təzyiqlər, hətta Ukrayna prezidenti Zelenskini Ağ Evdə açıq şəkildə tənqid etməsi belə Moskva üzərində ciddi təsir yaratmayıb.
 
Trampın ilk prezidentlik dönəmində ABŞ Milli Təhlükəsizlik Şurasında Rusiya üzrə keçmiş yüksək vəzifəli rəsmisi Fiona Hill deyir: "Putin Trampa kiçik bir güzəşt etmiş kimi görünsə də, əslində heç nədən imtina etməyib. Moskva öz mövqeyindən geri çəkilməyib və ABŞ faktiki olaraq özü-özü ilə danışıqlar aparır. Putin müharibəni udmaq istəyir".
 
"Nəticə sürpriz deyil"
 
Karnegi Fondunun Berlin ofisinin rəhbəri Aleksandr Qabuyev qeyd edir ki, Tramp sürətli razılaşmaya çalışaraq Putini daha da ruhlandırıb: "Tramp Rusiyaya qarşı ciddi təsir vasitələri yaratmaq üçün çox az iş görüb, əksinə, Ukraynaya təzyiqi artırıb. Ona görə də nəticə təəccüblü deyil".
 
Putinlə söhbətdən sonra verdiyi axşam müsahibəsində Tramp danışıqların çətinliyini etiraf edib: "Hazırda tərəflər bir-birinə qarşı çoxlu silah yönəldib. Bir qədər irəliləyiş olmadan atəşkəsin təmin edilməsi çətin olacaq. Bildiyiniz kimi, Rusiyanın üstünlüyü var".
 
Trampın yüksək vəzifəli rəsmiləri və tərəfdarları isə onun xarici siyasət hədəflərinə sadiq qaldığını və prosesi sona çatdıracağını bildirir. ABŞ-ın Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq yazıb: "Tramp nə dediyini bilir və dediyini yerinə yetirir. O, artıq üç ildən çoxdur davam edən bu müharibəni bitirəcək".
 
"Tramp səbrsizdir"
 
Lakin tənqidçilər Trampın xarici siyasət yanaşmasının ciddi çatışmazlıqları olduğunu bildirir. ABŞ Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru Maks Berqmann vurğulayır: 
 
"Müharibəni dayandırmaq üçün aparılan danışıqlar olduqca mürəkkəb və yorucudur. Bunun üçün səbr və kreativ yanaşma lazımdır. Tramp administrasiyası isə Ukrayna məsələsində səbrsiz görünür və sadəcə olaraq bu münaqişədən çıxmaq istəyir".
 
Dövlət Departamentinin keçmiş rəsmisi isə əlavə edir ki, Trampın siyasəti ABŞ-ın dünya səhnəsində gücünü azaldır: "O, daha çox müttəfiqlərimizi uzaqlaşdırmaqla məşğuldur. Nəticədə Vaşinqtonun qlobal təsir imkanları azalır və bu, Trampın istədiyi razılaşmaların bağlanmasını çətinləşdirir".
 
Amerikanın Müəssisələr İnstitutundan Kori Şeyk isə bildirir: "Tramp XIX əsrin böyük güclər balansı modelinə uyğun hərəkət etməyə çalışır. Lakin dostlarını cəzalandırıb düşmənlərini mükafatlandırmaqla o, təsir imkanlarının məhdudiyyətlərini açıq şəkildə göstərir".
 
Ekspertlər həmçinin Trampın yanaşmasının Putinin sərt mövqeyini gücləndirdiyini bildirir. Fiona Hill əlavə edir: "Putin gözləyirdi ki, Avropa güzəştə gedəcək və ya Ukrayna çökəcək. Ancaq bunun əvəzinə ABŞ-ın mövqeyi kəskin şəkildə dəyişib".
 
Berqmann isə Trampın Putinə daha böyük güzəştlər etmə ehtimalından narahatdır: "Əgər atəşkəs Ukraynaya ABŞ silah tədarükünün dayandırılmasına gətirib çıxararsa, bu, Putin üçün böyük qələbə olacaq. Çünki Çin, Şimali Koreya və İran Rusiyaya dəstəklərini dayandırmır".
 
Tramp-Putin danışıqları gündəmin əsas mövzusudur
 
ABŞ və Rusiya liderlərinin telefon danışığından sonra hər iki tərəf bəyanat yayıb. Kremlin məlumatına görə, Putin Kiyevə hərbi yardımı tam dayandırmağı və kəşfiyyat məlumatlarını paylaşmamağı Trampdan tələb edib.
 
Lakin Ağ Ev bu iddianı təkzib edərək belə bir razılaşmanın müzakirə mövzusu olmadığını bildirib. "The New York Times" yazır ki, Putin ilk dəfə olaraq enerji infrastrukturu hədəflərinə məhdud hücumları dayandırmağa razılaşıb. Lakin o, cəbhədə tam atəşkəsdən imtina edib.
Link kopyalandı!
Son xəbərlər