"Bütün əsassız ittihamlar bu ölkələrin İsrailin Qəzza və digər bölgələrdə fələstinlilərə qarşı soyqırım və hərbi cinayətlərini ört-basdır etmək cəhdidir..."
ABŞ prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq İran Vaşinqtonu "bir nömrəli düşmən" elan edib. Artıq regiondakı vəziyyətin gərginləşməsinə görə İsrail deyil, Ağ Ev administrasiyası məsuliyyət daşıyır.
Moderator.az xıbər verir ki, bu barədə İranın BMT-dəki daimi nümayəndəsi Səid İrəvaninin BMT-nin baş katibi Antoniu Quterrişə və bu ay Təhlükəsizlik Şurasına sədrlik edən Danimarkanın təşkilatdakı səfiri Kristine Lassenə ünvanladığı məktubda bildirilir.
İranlı diplomat məktubda ABŞ rəsmilərinin, o cümlədən prezidentin "əsassız ittihamlar irəli sürdüyünü" və "İrana qarşı güc tətbiq etməklə açıq şəkildə hədələdiyini" bəyan edib. O, bu cür bəyanatları "məsuliyyətsiz və təxribat xarakterli" adlandıraraq rədd edib.
Məktubda vurğulanır ki, Vaşinqton Tehrana qarşı hər hansı təcavüz aktına görə bütün məsuliyyəti daşıyacaq və İran beynəlxalq hüquqa uyğun olaraq, öz suverenliyini, ərazi bütövlüyünü və milli maraqlarını qətiyyətlə müdafiə edəcək.
"İran BMT Təhlükəsizlik Şurasını aydın və prinsipial mövqe nümayiş etdirməyə, ABŞ-ın təxribat xarakterli bəyanatlarını pisləməyə və Vaşinqtonu BMT Nizamnaməsinə uyğun davranmağa çağırır", - məktubda qeyd olunur.
Bundan əlavə, İrəvani ABŞ, Böyük Britaniya və Fransanın İrana qarşı irəli sürdüyü ittihamları qətiyyətlə rədd edib və Yəməndə güc tətbiqini qanunsuz adlandırıb.
Məktubda bildirilir ki, İrana qarşı silah embarqosunu pozmaq və ya regionda destruktiv fəaliyyətlərdə iştirak etmək ittihamları tamamilə əsassızdır və heç bir etibara layiq deyil. İran bu iddiaları sözügedən üç dövlətin İsrailin Qəzza və digər bölgələrdə fələstinlilərə qarşı həyata keçirdiyi soyqırım və hərbi cinayətlərdə iştirakını ört-basdır etmək cəhdi kimi qiymətləndirir.
Bundan əlavə, İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai İsrailin Qəzza bölgəsinə qarşı hücumlarını pisləyib və baş verənlərə görə ABŞ-ın məsulliyyət daşıdığını bəyan edib.