Ekskluziv
350
18 Mar 2025 | 22:31

"Putin Ukraynaya silah tədarükünün dayandırılmasını tələb edir" - "Bloomberg"

"Atəşkəs müddətində Putin öz ordusunu yenidən silahlandıra bilər, lakin Ukraynanın belə imkanı yoxdur..."
 
Rusiya prezidenti Vladimir Putin ABŞ lideri Donald Trampın təklif etdiyi atəşkəs rejimi dövründə Ukraynaya bütün silah tədarükünün dayandırılmasını tələb edir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" nəşri məlumat yayıb.
 
Nəşr yazır ki, Tramp və Putin bu gün telefonla danışacaq və Ukraynada müharibənin dayandırılmasını müzakirə edəcək. Əsas məqsəd Rusiya ilə 30 günlük atəşkəs barədə razılığa gəlməkdir.
 
Putin atəşkəs sazişini imzalamadan öncə Ukraynaya silah tədarükünün dayandırılmasını ilkin şərt kimi irəli sürüb. Bu barədə "Bloomberg" nəşrinə Avropa İttifaqının yüksək vəzifəli rəsmisi və üç rusiyalı məmur məlumat verib.
 
Rusiyalı rəsmilər bildirib ki, Putin ümumilikdə Ukraynaya silah tədarükünün tamamilə dayandırılmasını istəyir. Lakin ən azından ABŞ-ın hərbi yardımını müvəqqəti olaraq dayandırmaq onun minimal hədəfidir.
 
Putinin tələb etdiyi bu qadağa müvəqqəti olacaq və sonradan silah tədarükü bərpa ediləcək. Lakin bunun üçün Ukrayna sülh razılaşmasına əsasən, hərbi potensialına məhdudiyyətlər qoyulmasına razılıq verməlidir.
 
Avropa rəsmisi qeyd edib ki, Avropa İttifaqı belə bir ideyanı bəyənmir. Çünki atəşkəs müddətində Putin öz ordusunu yenidən silahlandıra bilər, lakin Ukraynanın belə bir imkanı olmayacaq.
 
Xatırladaq ki, Böyük Britaniya və Avropa İttifaqı Ukraynaya yeni hərbi yardım paketlərinin çatdırılmasını sürətləndirmək üzərində işləyir.
 
30 günlük atəşkəs planı
 
ABŞ və Ukrayna ötən həftə Səudiyyə Ərəbistanında aparılan danışıqlardan sonra atəşkəs planı barədə razılığa gəldiklərini elan edib. Bundan sonra Tramp administrasiyası Ukraynaya silah tədarükünə və kəşfiyyat məlumatlarının paylaşılmasına qoyduğu qadağanı aradan qaldırıb.
 
Lakin məlum olub ki, Tramp administrasiyası artıq Rusiyanın əsas tələblərini qəbul edib. Bunlara Moskvanın işğal etdiyi Ukrayna ərazilərinə nəzarətinin tanınması və Ukraynanın NATO-ya qoşulmaqdan imtina etməsi daxildir.
Link kopyalandı!
Son xəbərlər