Ekskluziv
1514
18 Mar 2025 | 17:22

"Almaniya Suriyaya möhtəşəm hədiyyə hazırlayıb" - "The Guardian"

 
"Yalnız inklüziv siyasi proses Suriyada dayanıqlı sülh, təhlükəsizlik və sabitlik yarada bilər..."
 
Almaniya xarici işlər naziri Annalena Berbok Suriyada inklüziv siyasi prosesin vacibliyini vurğulayaraq, bu ölkəyə dəstək məqsədilə əlavə 300 milyon avro ayıracaqlarını bildirib.
 
Moderator.az xəbər verir ki, bu barədə Almaniya diplomatiyasının rəhbəri Brüsselə, Avropa İttifaqı xarici işlər nazirlərinin görüşünə gəldikdən sonra bəyan edib. Məlumatı "The Guardian" nəşri yayıb.
 
"Keçid hökuməti təkcə yüzlərlə dinc sakinə qarşı törədilmiş dəhşətli cinayətləri tam şəkildə araşdırmalı və günahkarları məsuliyyətə cəlb etməməli, həm də öz təhlükəsizlik aparatının müxtəlif qurumları üzərində nəzarəti təmin etməlidir", -
Berbok bildirib.
 
O, bu sözləri Suriyanın üç vilayətində baş vermiş son iğtişaşlara işarə edərək deyib. Həmin hadisələrdə azlıqda olan Ələvi dini icmasının minlərlə dinc sakininin həyatına son qoyulub.
 
Bununla yanaşı, Berbok kürdlərin dövlət strukturlarına və təhlükəsizlik orqanlarına inteqrasiyasını "vahid Suriya üçün son dərəcə vacib addım" adlandırıb. Onun sözlərinə görə, "yalnız inklüziv siyasi proses dayanıqlı sülh, təhlükəsizlik və sabitlik yarada bilər".
 
Nazir həmçinin bildirib ki, Suriyanın yeni hakimiyyəti- keçmiş islamçı komandir Əhməd əl-Şaranın rəhbərlik etdiyi qüvvələr "onlara verilən bu mühüm rolu bütün xalqın maraqları naminə istifadə etməlidir".
 
"Bu nəhəng vəzifənin öhdəsindən gəlmək üçün Almaniya sülh prosesinə, eləcə də Suriya və region əhalisinin ehtiyaclarına əlavə 300 milyon avro ayıracaq", - o, vurğulayıb. Bu vəsaitlər humanitar yardım, vətəndaş cəmiyyətinin dəstəklənməsi və təhsil sisteminin inkişafına yönəldiləcək.
 
Almaniya XİN və İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyinin birgə bəyanatına əsasən, 168 milyon avro Xarici İşlər Nazirliyi, 133 milyon avro isə İqtisadiyyat Nazirliyi tərəfindən ayrılacaq. Bundan əlavə, Almaniya İordaniya, Livan, İraq və Türkiyədəki suriyalı qaçqınlara və onları qəbul edən icmalara da dəstək göstərəcək.
 
Berbok xüsusilə vurğulayıb ki, bütün bu maliyyə yardımı birbaşa Suriya hakimiyyətinə deyil, yalnız BMT-nin humanitar agentlikləri və qeyri-hökumət təşkilatları vasitəsilə həyata keçiriləcək.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər