Alovlar əhatəsindəki sabitlik adası: Azərbaycan mümkünsüz olanı necə bacarıb?
Ekskluziv
321
17:26, Bu gün

Alovlar əhatəsindəki sabitlik adası: Azərbaycan mümkünsüz olanı necə bacarıb?

“Global Terrorism Index 2025” (GTI) hesabatında dövlətlərin terror təhlükəsinə görə növbəti reytinq sıralanması təqdim edilib. Təqdimatda Azərbaycan 2025-ci ilin ən təhlükəsiz ölkələr sırasında yer alıb. Dövlətimiz antiterror reytinqində Norveç, Finlandiya, Yaponiya, Cənubi Koreya, Latviya, Litva və s. kimi ölkələri də qabaqlayaraq Prezident İlham Əliyevin “Azərbaycan sabitlik adasıdır, təhlükəsizlik adasıdır” ifadəsinin əsassız olmadığını təsdiqləyib.

Azərbaycanın Global Terrorism Index 2025 antiterror reytinqində ən təhlükəsiz ölkələr sırasına yüksəlməsi qürur doğurmaqla yanaşı, həm də maraqlı bir sualı aktual edir: Geosiyasi baxımdan mürəkkəb coğrafiyada yerləşən, zaman-zaman böyük dövlətlərin təzyiq və təxribatı ilə üzləşən, müstəqillik dönəmində ard-arda iki müharibə görən Azərbaycan bu uğura necə nail olub? Şimal qonşumuz Rusiyanın Ukrayna ilə uzunmüddətli müharibə içərisində olduğu, Ermənistanla sülh sazişinin hələ də imzalanmadığı, dini-ekstremist qruplaşmaların vaxt-bivaxt müxtəlif terror aktlarına cəhd etdiyi Azərbaycan ən təhlükəsiz ölkələr sırasında qərarlaşmağı necə bacarıb?

Şübhəsiz, Azərbaycanın Global Terrorism Index 2025 antiterror reytinqində ən təhlükəsiz ölkələr sırasına yüksəlməsinə səbəb ilk növbədə Prezident İlham Əliyevin faktoru və bu faktora bağlı uğurlu siyasətdir. Vətən müharibəsinə qədər və eləcə də post-müharibə dönəmində baş verən hərbi-siyasi proseslər sübut etdi ki, ölkəmiz “qaynar qazan” hesab edilən Cənubi Qafqazda nəinki öz təhlkəsizliyini təmin edə bilib, həm də bütün regionda, eləcə də beynəlxalq müstəvidə əsas söz sahibinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatlarımızın sərgilədiyi siyasi səriştə, uğurlu manevr və qeyri-adi çeviklik dövlətimizin təhlkəsizliyini təmin edən etibarlı vasitəyə çevrilib.

Azərbaycanı ən təhlükəsiz ölkələr sırasına yüksəlməsinin ikinci mühüm səbəbi isə xüsusi xidmət orqanlarımızın peşəkarlığı, onların istənilən təhdid və təhlükəni elə planlama mərhələsindəcə neytrallaşdırmasıdır. Təsadüfi deyildir ki, son illər ərzində Dövlət Təhlükəsizliyi Xidməti (DTX) ölkəmizdə onlarla terror cəhdinin qarşısını qətiyyətlə alaraq, xalqımızın təhlükəsizliyini təmin edib. 2023-cü ilin lokal antiterror əməliyyatı zamanı, habelə bu əməliyyatdan sonra Qarabağda gizlənən erməni separatçılarının DTX tərəfindən ələ keçirilərək istintaqa cəlb edilməsi, onların Bakıda məhkəmə qarşısına çıxarılması təhlükəsizliyimizi təmin edən  mühüm tədbirlər olmuş, bütün bölgədə sabitliyin bərqərar olunmasına böyük töhfələr vermişdir.

Dövlətimizin beynəlxalq antiterror siyahısında yüksəlməsinin digər bir səbəbi isə heç şübhəsiz Azərbaycan Silahlı Qüvvələridir. 2020-ci ilin 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində şanlı qələbə qazanan Azərbaycan Silahlı Qüvvələri, 30 illik işğal problemini qəti olaraq həll etmiş, erməni militarizminə ölümcül zərbə vurmuşdur. Məhz bundan sonra Cənubi Qafqazda böyük ölçüdə sülh və sabitlik təmin edilmiş, ədalət və hququn tələbi yerinə yetirilmişdir.

Onu da qeyd edək ki, Azərbaycan Ordusu bu gün də bütün regionda sülh və təhlkəsizliyin əsas qarantı rolunda çıxış edir.

Bu gün Azərbaycan dünayda baş verən müharibə və qarşıdurmalar fonunda alovlar əhatəsindəki sabitlik adasına bənzəyir. “Bu adanı” bundan sonra da belə firavan və təhlükəsiz görmək istəyiriksə, dövlətimizə dəstək olmaqda davam etməli, anti-Azərbaycan qüvvələrinə qarşı mübarizədə hər bir fərd olaraq əsl fədakarlıq sərgiləməliyik. Yalnız belə olarsa, “bu ada” dünyadakı bütün təhlükələrə meydan oxumaqda davam edəcək, hər zaman gücündən əmin şəkildə gülümsəyəcək.

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər