"Rusiya Krımı özündə saxlayacaq və hazırda nəzarətində olan bütün əraziləri əldə edəcək..."
ABŞ prezidenti Donald Tramp Odessa limanını Rusiyanın nəzarətinə verməyə razı ola bilər.
Moderator.az xəbər verir ki, bu barədə "The New York Times" nəşri Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçilərinə istinadən yazır.
"Ukrayna prezidenti Vladimir Zelenskinin köməkçiləri keçən ay bildirib ki, onlar Trampın Putinin Ukraynanın bəzi hissələri ilə bağlı digər istəklərini də yerinə yetirə biləcəyindən, bəlkə də həyati əhəmiyyət kəsb edən Odessa limanını da ona verəcəyindən narahatdır", - məqalədə qeyd olunur.
Bu məlumat ABŞ və Rusiya prezidentlərinin martın 18-də, çərşənbə axşamı baş tutacaq danışıqlarına hazırlıq fonunda yayılıb. Xəbərlərə görə, bu görüşdə ərazi məsələləri müzakirə olunacaq.
Nəşr xatırladır ki, Tramp bazar günü axşam Floridadan qayıdarkən "Air Force One" təyyarəsində jurnalistlərlə söhbətində "çox aydın şəkildə bildirib ki, onun Putinlə çərşənbə axşamı baş tutacaq telefon danışığında əsas diqqət atəşkəs müqabilində Rusiyanın hansı torpaqları və aktivləri özündə saxlayacağına yönələcək".
"Ağ Ev köməkçiləri açıq şəkildə bildirib ki, Rusiya Krımı özündə saxlayacaq, - tarixdə qəribə bir ironiya kimi, bu, 1945-ci ilin fevralında Yalta konfransının keçirildiyi yerdir, - və demək olar ki, hazırda nəzarətində olan bütün əraziləri əldə edəcək", - nəşr yazır.
Həmçinin qeyd edilir ki, ABŞ administrasiyası "artıq Rusiyanın hərbçilərinin nəzarət etdiyi əraziləri, yəni Ukrayna ərazisinin təxminən 20 faizini öz idarəçiliyində saxlayacağını gözlədiyini" açıq şəkildə bildirib.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Maykl Uoltsa mümkün güzəştlərlə bağlı sual verilib. Lakin o, Rusiya ilə praqmatik danışıqların aparılacağını gözlədiyini bildirib və Rusiyanın öz təcavüzü qarşılığında hansısa mükafat alıb-almayacağı barədə müzakirəni rədd edib.
Son çıxışlarında Uolts "danışıqların ən vacib nəticəsinin üç il davam edən xəndək və pilotsuz uçuş aparatları ilə aparılan amansız müharibədən sonra qətllərin dayandırılması olması lazım gəldiyini" vurğulayıb.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası yanında Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko nəşrin bu məlumatına münasibət bildirib və "heç kimin Rusiyaya heç bir limanı verə bilməyəcəyini" vurğulayıb.
"Yenə də naməlum mənbələr, daxili məlumatlar, ajiotaj. Belə məlumatlar çoxdur və gələcəkdə də kifayət qədər olacaq. Amma reallıqla bu cür məlumatların əksəriyyətinin heç bir əlaqəsi yoxdur", - deyə Kovalenko qeyd edib.
Ukraynanın mümkün ərazi güzəştləri - bəlli olanlar
Daha öncə xəbər verilib ki, müharibəni dayandırmaq naminə ərazi güzəştləri məsələsi ABŞ və Rusiya prezidentlərinin 18 martın 18-sə baş tutacaq telefon danışığında müzakirə olunacaq. Ağ Evdən verilən məlumata görə, ABŞ və Rusiya Ukraynada sülhə nail olmağa "on yard" məsafədədir.
Ağ Evin mətbuat katibi Kerolayn Levitt martın 17-də təsdiqləyib ki, Tramp və Putin telefon danışığında, xüsusilə, Zaporojye AES-in taleyini müzakirə edəcəklər.
ABŞ və Rusiya prezidentlərinin görüşü ərəfəsində KİV-lər yazıb ki, ABŞ administrasiyası Ukraynanın Krım üzərində Rusiya hakimiyyətini tanımaq variantını nəzərdən keçirir. "Bu cür təklif Tramp administrasiyasının mövqeyini Rusiya prezidenti Vladimir Putinin baxışı ilə uzlaşdıra bilər, çünki o, uzun müddətdir Krımı Rusiyanın ərazisi hesab edir", - nəşr yazır.