"Danışıqlar nəticə verməsə, Tramp Rusiyaya qarşı təzyiq rıçaqlarını işə salmağa hazırdır..."
ABŞ və Rusiya Ukraynada sülhə nail olmağa "on yard" məsafədədir və bu hədəf heç vaxt indiki qədər yaxın olmayıb.
Moderator.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bəyan edib. Məlumatı "rtvi.com" nəşri yayıb.
O, qeyd edib ki, əgər ABŞ prezidenti Donald Trampın Rusiya lideri Vladimir Putinlə Ukrayna mövzusunda gözlənilən danışığı nəticə verməsə, Tramp Rusiyaya qarşı "təzyiq rıçaqlarını" işə salmağa hazırdır.
"Prezident artıq bu barədə danışıb və əlbəttə ki, lazım gələrsə, bunu etməyə hazırdır. Mən prezidentin belə ciddi bir qərar qəbul etməsinə qabaqcadan şərh vermək istəməzdim. ABŞ Trampın Putinlə gözlənilən danışığının nəticələrini dərhal ictimaiyyətə açıqlayacaq", - o, qeyd edib.
Onun sözlərinə görə, Ukraynanın ərazi güzəştləri məsələsi ABŞ və Ukrayna arasında müzakirə edilib. O, əlavə edib ki, Trampın Putinlə telefon danışığı zamanı Zaporojye AES-in taleyi də müzakirə olunacaq.
Levitt əmindir ki, Ukraynada müharibənin başlamasının əsas səbəbi əvvəlki Co Bayden administrasiyası olub:
"Və prezident Trampın tez-tez qeyd etdiyi kimi, əgər o, hələ də hakimiyyətdə olsaydı, bu müharibə heç vaxt başlamazdı. Müharibə yalnız əvvəlki administrasiyanın səriştəsizliyi və zəifliyi səbəbindən başlayıb. Prezident Tramp və komandası bu qısa müddət ərzində əldə etdikləri irəliləyişlə çox fəxr edir. Biz ümid edirik ki, sabah bu irəliləyiş davam edəcək".
O, qeyd edib ki, ABŞ prezidenti və onun milli təhlükəsizlik komandası birbaşa prezident Zelenski və Ukrayna komandasının üzvləri ilə təmasda olub.
"Bu, prezidentin komandası və ukraynalılar arasında müzakirələrin bir hissəsi olub. Bu sərhədlərin harada keçəcəyi və ya digər detallarla bağlı isə bu tribunalardan danışmaq fikrində deyiləm. Sabahkı Tramp-Putin danışığına dair qabaqcadan fikir bildirmək mənim tərəfimdən düzgün olmazdı", - mətbuat katibi əlavə edib.
Tramp və Putinin söhbəti
Rusiya prezidenti Vladimir Putin bu gün ABŞ prezidenti Donald Trampla danışacaq. ABŞ lideri Moskvaya ediləcək telefon zəngini elan edib və müharibəyə son qoyub-qoymayacağını görmək istədiyini bildirib.
Putinin sözçüsü Dmitri Peskov da Kreml rəhbəri ilə ABŞ prezidenti Donald Tramp arasında telefon danışığının həqiqətən də martın 18-də, çərşənbə axşamı günü baş tutacağını təsdiqləyib.