"Texnologiyanın inkişafı ilə hüquq-mühafizə orqanları və hərbi sahədə süni intellekt əsaslı robotların istifadəsi genişlənir. 2030-cu ilə qədər bəzi şəhərlərdə polis qüvvələrinin əhəmiyyətli hissəsinin robotlardan ibarət olacağı, münaqişə bölgələrində isə süni intellektin insan faktorunu azaldacağı proqnozlaşdırılır. Hazırda bir neçə ölkədə bu sahədə ciddi addımlar atılır"
Bu sözləri Moderator.az-a hüquqşünas Yunis Xəlilov bildirib.
"Bu sahədə üz tanıyan, informasiya toplayan və insanlarla ünsiyyət quran polis robotları diqqəti cəlb edir. Məsələn, Dubay polisi 2017-ci ildən etibarən "REEM" adlı polis robotlarından istifadə edir. Bu robotlar 24/7 fəaliyyət göstərir, üz tanıma texnologiyasına malikdir, insanlarla ünsiyyət qurur və müxtəlif dillərdə suallara cavab verə bilir, cinayətkarları və axtarışda olan şəxsləri identifikasiya edə bilir və daxili GPS və kamera sistemləri vasitəsilə məlumat toplayır.
Rəsmi məlumata görə Dubay polisi 2030-cu ilə qədər polis heyətinin 25%-nin robotlardan ibarət olmasını planlaşdırır.
Bu sahədə ABŞ təcrübəsi də maraqlıdır. Ölkədə "Knightscope" şirkətinin hazırladığı "K5" adlı robot ticarət mərkəzləri və ictimai yerlərdə patrul xidməti göstərir. Bu robotlar avtonom rejimdə işləməklə insan müdaxiləsinə ehtiyac duymur. Onlar 360 dərəcə kamera ilə ətrafı skan edir, temperatur və səs-küy dəyişikliklərini analiz edərək təhdidləri müəyyənləşdirir.
Rusiyada isə ölkə istehsalı olan "Promobot" texnologiyası isə ağıllı mühafizə sistemi kimi işləyir və insanlarla ünsiyyət qura bilir. Biometrik məlumatları toplaya və şəxsiyyətləri üz tanıma ilə təyin edə bilən bu sistemdən hazırda polis şöbələrində və dövlət idarələrində istifadə olunur.
Dünya ölkələrində tətbiq olunan hərbi robotlar da diqqəti cəlb edir. Bu gün Cənubi Koreyanın demilitarizasiya zonasında istifadə etdiyi "Samsung SRG-A1" robotu növbətçi və silahlı müdafiəçi kimi fəaliyyət göstərir. Bu robotlar hədəfləri termal və infraqırmızı kameralar vasitəsilə aşkar edir, lazım gələrsə, uzaqdan idarə olunan pulemyotla atəş aça bilir.
Hazırda hərbi robotlardan ABŞ-da müdafiə sənayesində geniş istifadə olunur. Məsələn, "Special Weapons Observation Reconnaissance Detection System" ("SWORDS") ABŞ ordusunun robotlaşdırılmış silahlı platformalarından biridir. Bu texnologiya M16 və M249 kimi atıcı silahlarla təchiz olunmuşdur və ondan münaqişə bölgələrində insan itkilərini azaltmaq məqsədilə istifadə edilir.
ABŞ-da tətbiq olunan "Ghost Robotics Vision 60" adlı robotik itlərə gəlincə, onlar hazırda patrul və təhlükəsizlik üçün sınaqdan keçirir. Bu "it"lər süni intellektlə idarə olunur və avtonom hərəkət edə bilir, çətin coğrafi şəraitdə kəşfiyyat və nəzarət üçün istifadə edilir.
Qeyd edək ki, robotlaşdırılmış polis və hərbi sistemlərin çoxsaylı faydaları olsa da, bu texnologiya ətrafında bir sıra hüquqi və etik mübahisələr də mövcuddur.
Bunlardan birincisi, süni intellektin qərarvermə hüququ ilə bağlı məsələdir. Belə ki, robot polis və ya hərbi sistemlər hansı hallarda insanlara qarşı güc tətbiq edə bilər?
İkinci problem məsuliyyət məsələsi ilə əlaqədardır. Yəni robotun səhvi nəticəsində baş verən hadisələrə görə kim cavabdeh olacaq? İstehsalçılar, hüquq-mühafizə orqanları, yoxsa operatorlar?
Üçüncü mübahisəli məqam şəxsi həyatın toxunulmazlığından qaynaqlanır. Problem budur ki, üz tanıma və biometrik məlumatların toplanması fərdi azadlıqları nə qədər məhdudlaşdırır?
Beləliklə, sonda deyə bilərik ki, robotlaşdırılmış hüquq-mühafizə və hərbi sistemlər dünya üzrə sürətlə inkişaf edir. Dubay, ABŞ, Cənubi Koreya və digər ölkələr artıq bu texnologiyaları tətbiq edirlər. Lakin bu texnologiyalar yalnız hüquq-mühafizə və təhlükəsizlik üçün deyil, həm də insan haqları və etik problemlərlə bağlı müzakirələrə yol açır".