“O, müstəqillik nümayiş etdirməyə cəsarət edən hər kəsi aradan götürür və yerinə sadiq insanları qoyur… İsrailin demokratiyası, təhlükəsizliyi və gələcəyi təhdid altındadır, çünki ölkədə hakimiyyət bir adamın əlində cəmləşib...”
İsrailin baş naziri Binyamin Netanyahunun daxili təhlükəsizlik xidməti -“Şin Bet”in(yaxud “ŞABAK”) rəhbəri Ronen Barı işdən çıxarmaq qərarı İsrailli siyasi və hərbi müşahidəçilər arasında gərgin müzakirə mövzusuna çevrilib.
Moderator.az bu mövzuda “İslamnews” nəşrinin İsrailin aparıcı nəşrlərinə əsaslanan icmalını təqdim edir.
"Yedioth Ahronoth" nəşrinin yazarı, hərbi analitik Naxum Barnea qeyd edir ki, Netanyahu ilə Bar arasındakı qarşıdurma İsraili vətəndaş müharibəsinə yaxınlaşdırır. Onun sözlərinə görə, İsrail cəmiyyəti iki qrupa bölünüb: baş verənləri normal hesab edən və keçmiş hadisələrlə müqayisə edənlər və Netanyahu və ətrafının bütün mövcud hakimiyyət institutlarını məhv etdiyinə əmin olanlar.
Barnea Ronen Barı ikinci qrupa aid edir. O, hesab edir ki, Bar hətta baş nazir ola biləcək görkəmli qabiliyyətə malik bir insandır. Lakin onun işdən çıxarılması ciddi böhranın başlanğıcı oldu və bu, indiyədək silahdan istifadə edilməsə də, təhlükəsizlik qüvvələrinə inamın sarsıdılmasına və qiyama doğru aparır.
Analitik Barnea xəbərdarlıq edir ki, "Şin Bet" rəhbərinin işdən çıxarılması yalnız ilk addım ola bilər. Onun ardınca hökumətin hüquq müşaviri Qali Baharav-Miara və Ali Məhkəmənin hakimi İshak Amidin də vəzifələrindən uzaqlaşdırması mümkündür.
Netanyahu diktatura qurur…
“Maariv” nəşrinin siyasi şərhçisi Ben Kaspit Barın işdən çıxarılmasını dəstəkləyən milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin roluna diqqət çəkir. O qeyd edir ki, "Şin Bet" hökumətin siyasətini dəfələrlə tənqid edib.
Kaspit hesab edir ki, Netanyahu ölkəni diktaturaya doğru aparır. Analitik onu öz ətrafında hakimiyyəti cəmləşdirməyə çalışan Donald Trampla müqayisə edir. Köşə yazarı yazır ki, Netanyahu artıq İsraildə əksər hakimiyyət institutlarını məhv edib və ölkəni öz mülahizəsinə uyğun idarə etməyə çalışır.O, baş verənləri Yaxın Şərqdəki proseslərlə müqayisə edir, burada hakimiyyət dövlət institutlarına deyil, şəxsi sədaqətə əsaslanır…
"Haaretz"-in analitiki Yosi Verter Netanyahunun İsraili diktaturaya çevirdiyini iddia edən Kaspitin fikirlərini dəstəkləyir. Verter yazır ki, Barın işdən çıxarılması qaçılmaz idi, çünki o, baş nazirə deyil, dövlətə sadiq qaldı. Onun fikrincə, Netanyahu müstəqillik nümayiş etdirməyə cəsarət edən hər kəsi aradan götürür və yerinə sadiq insanları qoyur…
O hesab edir ki, İsrailin demokratiyası, təhlükəsizliyi və gələcəyi təhdid altındadır, çünki ölkədə hakimiyyət bir adamın əlində cəmləşib. Analitik İsrail cəmiyyətini çox gec olmadan kütləvi etiraz aksiyaları keçirməyə çağırır.
"Şin Bet"i tabe etmək cəhdi…
"Haaretz"-i hərbi icmalçısı Amos Harel hesab edir ki, Netanyahu "Şin Bet"in başına sadiq bir adam qoymağa çalışır. O, qeyd edir ki, məhkəmə sistemi və ictimai rəy bu prosesi dayandıra bilər, lakin çox şey Ali Məhkəmədən və cəmiyyətin təzyiqindən asılıdır. Onun fikrincə, Netanyahu ölkədəki xaosdan şəxsi hakimiyyətini gücləndirmək üçün istifadə edir və müstəqil məmurları uzaqlaşdırmaqda davam edə bilər.
“Maariv”in hərbi müxbiri Avi Aşkenazi yazır ki, Barın işdən çıxarılması İsraildə hakimiyyət sistemini dəyişdirmək planının bir hissəsidir. Onun sözlərinə görə, normal ölkədə baş nazir 7 oktyabr uğursuzluğundan sonra istefa verərdi, lakin Netanyahu əksinə, böhrandan şəxsi hakimiyyətini gücləndirmək üçün istifadə edir. O, xəbərdarlıq edir ki, İsrail ölkədə vətəndaşların azadlığını və demokratiyanı təhdid edən konstitusiya çevrilişinə doğru gedir...
S.Laçın