"ABŞ-ın hazırkı siyasəti Fransanın müdafiə etdiyi azadlıq ideallarına daha uyğun gəlmir..."
Avropa Parlamentinin deputatı Rafael Qlyuksman ABŞ hakimiyyətindən Azadlıq Heykəlini Fransaya qaytarmasını tələb edib.
Moderator.az xəbər verir ki, Qlyuksman bu fikirləri sol-mərkəzçi "Place Publique" partiyasının üzvləri qarşısında çıxışı zamanı səsləndirib. Onun nitqindən parçaları Fransanın "Le Figaro" qəzeti yayımlayıb.
Qlyuksmanın sözlərinə görə, hazırkı administrasiya və ABŞ prezidenti Donald Tramp qəbul etdikləri qərarlarla azadlıq dəyərlərinin onlara yad olduğunu nümayiş etdirir. ABŞ-ın hazırkı siyasəti Fransanın müdafiə etdiyi azadlıq ideallarına daha uyğun gəlmir.
Ukraynanı fəal şəkildə dəstəkləyən Qlyuksman Vaşinqtonu Moskva ilə yaxınlaşdığı üçün tənqid edib. "Biz onu sizə hədiyyə etdik, amma görünür, siz ona nifrət edirsiniz. O halda burada, öz evində daha yaxşı vəziyyətdə olacaq", - deputat "zülmkarların tərəfinə keçməyə qərar verən amerikalılara" müraciət edərək bildirib.
Fransa Azadlıq Heykəlini ABŞ-a 139 il öncə- 1886-cı il oktyabrın 28-də hədiyyə edib. Onun layihəsini fransız heykəltəraşı Ogyust Bartoldi hazırlayıb. Heykəl ABŞ-ın Müstəqillik müharibəsinin 100 illiyi münasibətilə Fransanın amerikalılara dəstəyinin rəmzi kimi təqdim edilib.
46 metr hündürlüyündə olan mis heykəl Nyu-Yorkdakı Azadlıq adasında ucaldılıb. Vaxtilə qonşuluqdakı Ellis adasında ABŞ-a giriş icazəsi gözləyən milyonlarla immiqrant üçün o, daha yaxşı həyata ümid rəmzi olub. Parisdə Azadlıq Heykəlinin kiçik ölçülü bir nüsxəsi də var. O, Sena çayındakı kiçik bir adada yerləşir.
Qlyuksman ABŞ-da elmi tədqiqatlar üçün maliyyələşdirilmənin azaldığını da vurğulayıb. Xüsusilə, tibbi araşdırmalara ixtisaslaşmış Con Hopkins Universitetində 2 min nəfər işini itirib, universitet 800 milyon dollarlıq federal maliyyələşdirmədən məhrum edilib.
O, Fransanı ABŞ-da maliyyələşdirilmənin dayandırılması səbəbindən işini itirən alimləri qəbul etməyə çağırıb. "Əgər siz azad düşüncələri və innovativ yanaşmaları sayəsində ölkənizi dünya liderinə çevirən insanları qovmaq istəyirsinizsə, biz onları məmnuniyyətlə qəbul edərik, - siyasətçi əlavə edib.
Ukraynaya dəstəyin qızğın tərəfdarlarından biri kimi tanınan Rafael Qlyuksman Donald Trampı artıq dəfələrlə tənqid edib, xüsusən də onun Ukraynadakı müharibəyə münasibətini sərt şəkildə qınayıb. O, həmçinin Avropa İttifaqını Rusiyanın dondurulmuş aktivlərini müsadirə edərək Kiyevə yönəltməyə çağırır.
Qlyuksman ABŞ-ın xarici siyasətindəki dəyişikliklərə cavab olaraq Avropanın mövqeyinin gücləndirilməsinə çağırıb. Onun fikrincə, Avropa İttifaqı Ukraynanı dəstəkləməkdə daha fəal olmalı və Vaşinqtonun qərarlarına etibar etməməlidir.
AFP agentliyinin istinad etdiyi partiya flayerində Avropada ifrat sağçıların təsirinə qarşı çıxmaq üçün "demokratik müqavimət" yaradılması təklif edilir. Qlyuksman hesab edir ki, Fransa və Avropa İttifaqı demokratik dəyərlərin müdafiəsində liderlik etməli və "Donald Tramp, Vladimir Putin və Marin Le Penin daxil olduğu beynəlxalq ifrat sağçı alyansa" qarşı durmalıdır.
Donald Trampın yenidən prezident seçilməsi Fransanın siyasi səhnəsində parçalanma yaradıb. Onun inauqurasiyasında Fransanın tanınmış siyasətçilərindən yalnız ifrat sağçı "Reconquete" partiyasının lideri Erik Zemmur və Avropa Parlamentinin keçmiş vitse-prezidenti Marion Mareşal Le Pen iştirak edib.
"Le Monde" qəzetinin yazdığına görə, Avropa Parlamentində "Milli Birlik" qrupunun rəhbəri Marin Le Pen əvvəlcə Donald Trampın, xüsusilə də qeyri-leqal immiqrasiyaya qarşı mübarizə siyasətini dəstəkləyib. Lakin o da ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırmaq qərarını tənqid edib.
"Heç kim ABŞ-ı Ukraynaya dəstəyini davam etdirməyə məcbur edə bilməz, əgər ölkə bunu artıq istəmirsə. Ancaq Ukraynaya yeni tərəfdaşlar tapması üçün ağlabatan vaxt verməmək çox şübhəlidir", - Marin Le Pen "Le Figaro" qəzetinə müsahibəsində bildirib.