“Bütün repressiyaya məruz qalan adamların işində olduğu kimi, Allahverdi Xudaverdioğlunun da ölüm hökmünün hansı ərazidə yerinə yetirildiyi, harada dəfn edildiyi barədə heç bir məlumata rast gəlmədik...”
Mart ayı hər il baharın gəlişi, çərşənbələr, Bahar-Novruz bayramı ilə xalqımıza sevinc gətirsə də, təəssüf ki, tariximizdə bir çox faciəvi hadisələr də bu aya təsadüf edib. Bunlardan ən çox yadda qalanı, əlbəttə ki, Rusiya imperiyasının fətvasıyla daşnak və bolşevik kisvəsinə bürünmüş ermənilər tərəfindən Bakıda törədilmiş 1918-ci il 31 mart(köhnə stillə 18 mart) soyqırımıdır. Qeyd edək ki, məhz həmin soyqırım olayları paytaxtımızda rus-erməni-bolşevik ruhunun, onların gizli dayaqlarının möhkəmlənməsinə və iki il sonra Azərbaycanın ilk müstəqil demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyası tərəfindən işğalına və süquta yetirilməsinə şərait yaratmışdır. Və əslində xalqımızın milli qeyrətli övladlarına qarşı soyqırım bundan sonra çeşidli üsul və vasitələrlə daha əzmlə davam etdirilmişdir. 1920-1930-cu illərdəki Stalin-Bağırov repressiyaları da bolşevik-kommunist sovet imperiyasının ən effektiv soyqırım üsullarından biri idi. Çünki xalqın say-seçmə qeyrətli, savadlı, müstəqil və milli düşüncəli oğul-qızları “xalq düşməni” adıyla seçilib ya güllələnir, ya sürgün edilir, geridə isə əsasən əmrqulu, üzüyola, kölə xislətli, hətta təəssüf ki, bilərəkdən istibdad rejiminə yaltaqlanan, öz salamatlıqları, pul qazanmaqda, vəzifələrində irəliləmək üçün həmin rejimə qarşı çıxış edənləri ifşa edən, eləcə də Lenini, Stalini, Bağırovu mədh edənlər qalırdı... Repressiyalar yalnız Bakıda, Gəncədə və digər şəhərlərdə deyil, həm də kəndlərimizdə aparılırdı...

BDU-nun Azərbaycan tarixi (humanitar fakültələr üzrə) kafedrasının dosenti, fəlsəfə doktoru Boran Əzizin "Ağdam rayonunun Mərzili və başqa kəndlərindən repressiya edilmişlər” adlı kitabı da məhz bu mövzuya həsr edilib.
Özü də Mərzili kəndinin yetirməsi olan müəllif kitabın girişində yazır:
“Kitabda Ağdam rayonunun Mərzili və bəzi başqa kəndlərindən günahsız yerə qırmızı terrorun qurbanları haqqında geniş məlumatlar ilk dəfə arxiv materialları əsasında araşdırılaraq elmi dövriyyəyə daxil edilmişdir. Oxucuların – geniş ictimayyətin, elmi dairələrin diqqətinə çatdırılan məlumatlar yalnız istintaq materialları əsasında hazırlanmışdır. Tarixşünaslığımızda indiyə qədər repressiya ilə bağlı aparılmış araşdırmalarda kolxozçuların kütləvi şəkildə həbs edildiyi İsmayıllı rayonunun Kürdmaşı kəndinin, Şamaxı rayonunun Təklə kəndinin adı qeyd edilmişdir. Təəssüf ki, iyirmi üç nəfərdən artıq adamın güllələndiyi, onlarla günahsız şəxsin sürgünə göndərildiyi Ağdam rayonunun Mərzili kəndi diqqətdən kənarda qalmış, adı çəkilməmişdir. Monoqrafiyadakı məlumatlar həmin boşluğu aradan qaldırmaq yolunda bir cəhddir. Ayrı-ayrı elm, təhsil ocaqlarında, idarə və müəssisələrdə, rayonlarımızda və onların kəndlərində Sovet işğal rejiminin amansızlıqla həyata keçirdiyi qırmızı terror geniş və əhatəli şəkildə araşdırılmayınca, problemin tam öyrənildiyini iddia etmək mümkün deyil. Şübhəsiz ki, tarixşünaslığımızda bu sahədə indiyə qədər ciddi bir boşluq var. Bu araşdırma problemin öyrənilməsindəki boşluğu müəyyən qədər aradan qaldıra bilər. İnanırıq ki, dəyərli oxuculara təqdim edilən hər belə araşdırmalardan sonra kommunistlərin Sovet dövlət orqanları vasitəsilə Vətənimizdə həyata keçirdiyi qırmızı terrorun dəhşətli mənzərəsi daha da aydınlaşacaq...”

Moderator.az Rusiya imperiyasının özünün Azərbaycandakı canişinləri, casusları vasitəsilə xalqımızın kəndlərdə yaşayan sadə, zəhmətkeş başına gətirdikləri müsibətlərin bir daha və daha dərindən anlanılması üçün sözügedən kitabın ən maraqlı parçalarını oxucularımızın nəzərinə çatdırır:
Qeyd:
Kitabdan verdiyimiz ötən parçada böyük alimimiz Xudu Məmmədovun əmisi olan Allahverdi Xudaverdioğlunun Müsavat Partiyasının Mərzili özəyinin rəhbəri olması və AXC-nin süqutundan sonra Məhəmməd Əmin Rəsulzadənin xaricdən silahdaşlarına yolladığı məktubda Mərzilidən Allahverdi Xudaverdioğluna etibar etməsi və hətta onun evində iclasları keçirməyin mümkünlüyünü bildirməsi haqda bəhs edilmişdi. Bu dəfə isə məhz Müsavat fəalı olduğuna görə 1930-cu illərdə sovet-Rusiya hakimiyyəti tərəfindən həbs edilərək repressiyaya məruz qalması barədə danışılacaq.
*** *** ***
“...Məmmədov Allahverdi Xudaverdi oğlu.
Keçmiş kulak, istismarçı, əmlakı müsadirə olunmuş, səsvermədən məhrum olunmuş, əks-inqilabçı fəaliyyətə görə keçmişdə həbs olunmuş, keçmişdə 8 muzduru olub. Kolxoza bu yaxınlarda girib. Mənimlə söhbətində bildirdi ki, keçmişdə bundan da yaxşı yaşayıb: “İstəyəndə, qonağıma bütöv qoyun kəsə, bağışlaya bilirdim. Ancaq siz kolxozçular bunu edə bilməzsiniz. Çünki siz yoxsulsunuz”. O, bir neçə dəfə kolxoz əleyhinə təbliğat aparıb. Çoxdan olduğuna görə ayın tarixi yadımdan çıxıb”.
Vaxtilə Mərzili kənd sovetinin sədri olmuş, orada yaşayan insanları yaxşı tanıyan, əslən Xındırıstan kəndindən olan, Üçoğlan kənd sovetinin sədri vəzifəsində çalışan İsmayılov Şirinin istintaqa 1938-ci il fevralın 16-da verdiyi ifadə də diqqəti cəlb edir:
“Sual: Sən XDİK Ağdam rayon şöbəsi tərəfindən həbs olunan Mərzili kənd sakinləri haqqında nə deyə bilərsən? Cavab: Mən orada kənd sovetinin sədri olduğum üçün onları yaxşı tanıyırdım:
1. Məmmədov Allahverdi Xudaverdi oğlu. Keçmiş kulak, səsvermədən məhrum olmuş, əvvəllər bir il həbsdə yatıb. Yəhya adlı oğlu var. Ziyankarlıq edərək, kolxoz heyvanlarını zəhərləyib öldürdüyünə görə 1935-ci ildə kolxozdan xaric edilib. Qardaşı Surxay indi “xalq düşməni” kimi həbs olunub. Onun tapşırığı ilə digər qardaşı Məmmədov Əbdüləli də kolxozdan çıxıb. Təktəsərrüfatçıdır. Daim kolxoz quruluşu və Sovet hakimiyyəti əleyhinə təbliğat aparmışdır. Kəndliləri kolxoza girməyə qoymur;
2. Muradov Murad Gülməmməd oğlu. Keçmiş kulak, səsvermədən məhrum olunmuş, ...bir neçə dəfə kolxoz əleyhinə təbliğat aparıb... Gizli kulak təsərrüfatı yaradıb. Qardaşını qorumaq üçün onun heyvanlarını öz adına yazdırıb. Ədil yüzbaşı ilə yaxındır. Qohumu, yeznəsi Hüseyn Səmədoğlu və digərlərini kolxozdan çəkindirir;
3. Xanlar Namazoğlu. Mərzili kolxozunun keçmiş sədri, kolxoz əmlakını dağıtdığına görə 1931, yaxud 1932-ci ildə həbs olunub. İki kulak qardaşı var. Digər kulak, məsələn, Allahverdi, Surxay Xudaverdioğlu, Ədil yüzbaşı və başqaları ilə qohumluq və dostluq əlaqələri var. Onların əhatəsindədir;
4. Oruc Hüseynoğlu. Keçmiş varlı, vaxtilə kulak edilib. Onu səsvermədən məhrum etməyə çalışmışdılar. Ancaq necə oldusa, xilas oldu. Cəzadan canını qurtardı. İnqilaba qədər yüzbaşı yanında, o cümlədən Ədil yüzbaşının yanında yasavul olub. Kirli kulakdır. 60-a qədər qoyunu var. Oğlunu kolxoza girməyə qoymur. Kulaklarla sıx əlaqəsi var
Pambıq yığımı işinə getmir. Məsuliyyətsizdir. Kolxozda tarla işlərinin qızğın vaxtında üç ay müddətində yoxa çıxdı. Haraya getdiyi məlum olmadı. Əlavə etmək istəyirəm ki, 1937-ci ildə kulakların antikolxoz təbliğatı nəticəsində kənddəki 400 həyətdən cəmisi 210-u kolxoza daxil olmuşdur. Mane olanlar: Hümbətalıyev, Məmmədov Allahverdi, Muradov Murad və digərləri, Behbudov, Quliyev, Məhəmmədəli, İsmayıl Şirinov...”.
1938-ci il fevralın 18-də müstəntiq Allahverdi Xudaverdioğlu ilə İsmayılov Şirin arasında üzləşmə keçirmişdir.
Şirin İsmayılov müstəntiqin: “Allahverdi Xudaverdioğlu haqqında nə bilirsən?”, – sualına o, istintaqdakı cavabını demək olar ki, sözbəsöz təkrar etmişdir. Təqsirləndirilən isə deyilənləri yalan adlandıraraq, rədd etmişdir. O, yalnız keçmişdə həbs olunduğunu, kulak edildiyini, Surxay Məmmədovun qardaşı olduğunu qəbul etmişdir. Amma qardaşının həbs olunması səbəbini bilmədiyini söyləmişdir. Başqa bir üzləşmə 1938-ci il fevralın 21-də Fətiş Hüseynoğlu ilə aparılmışdır. Üzləşmə üçün ənənəvi olan sual-cavabdan sonra müstəntiq Fətiş Hüseynoğlundan: “Sənə Məmmədov Allahverdi Xudaverdi oğlunun əiqmt(ək-inqlilabçı müsavat təşkilatı)-in üzvü olması ilə bağlı nə məlumdur?”, – deyə soruşmuşdur. “Cavab: Mənə məlumdur ki, Məmmədov Allahverdi Xudaverdi oğlu əiqmt-in üzvü olub. Bunu mənə təşkilatın rəhbəri Seyid Rəsul və Molla Mustafa Quliyev deyib. Keçmişdə o, həbs olunub, səsvermədən məhrum edilib. Kolxoza ziyan vurub, heyvanları öldürüb. Belə işlərinə görə kolxozdan çıxarılıb”. Müstəntiq Allahverdi kişidən: “Bunu təsdiq edirsənmi?”, – deyə soruşduqda, o: “Rədd edirəm, doğru deyil”, – deyə cavab vermişdir. Əvvəlki üzləşmədəki kimi o, yalnız əvvəllər həbs olunmasını, Surxay Məmmədovun onun qardaşı olmasını təsdiq etmişdir.
Bununla da müstəntiq, DT serjantı Palqunov fevralın 21-də istintaqın başa çatması ilə bağlı qərar qəbul etmişdir. Protokolda yazıldığına görə, Allahverdi kişi qərarla tanış edilmiş və onun istintaqa əlavəsinin olmadığı bildirilmişdir. Saxta, heç bir konkret fakta əsaslanmayan, cəmisi bir dəfə dindirilən Allahverdi Xudaverdioğluna verilən ittiham aktında yazılmışdır:
“11995 №-li cinayət işi. Məmmədov Allahverdi Xudaverdi oğlu. 50 yaş, Ağdam rayon Mərzili kənd sakini, kolxozçu, keçmiş kulak, səsvermədən məhrum edilmiş, ailəli, savadsız, bitərəf, 1932-1933-cü illərdə həbs olunmuşdur. Müsavat Partiyasına mənsub olduğuna və I dərəcə, 6 №-li siyahı əsasında həbs olunaraq, ittiham olunur:
1. Sovet hakimiyyətinə düşmən münasibət bəslədiyinə, qarşısına silahlı üsyan yolu ilə Sovet hakimiyyətini devirməyi qoyan əiqmt-in üzvü olduğuna, kənd təsərrüfatı sahəsində ziyankarlıq işləri apardığına, sovet, partiya işçilərinə və fəallarına qarşı terrorçu təxribat əməlləri törətdiyinə;
2. Sovet hökumətinin və kənddə kolxoz quruluşunun əleyhinə əks-təbliğat apardığına görə. İttiham şahid ifadələri və əyani üzləşmələrlə tam sübut olunmuşdur. Təqsirləndirilən özünü günahkar hesab etmir. Azərbaycan SSR CM-nin 72 və 73-cü maddələri ilə təqsirli bilinir”.
Çox qəribədir ki, ittiham aktının sonunda “11 dekabr 1937-ci il” sözü yazılmışdır. Bu, onu göstərir ki, hələ istintaq başlamamış onun ittiham aktı hazır olmuşdur. Sadəcə olaraq istintaq, şahid ifadələri, üzləşmələr və s. yalnız formal şəkildə, başdansovdu, tələsik formada yekunlaşdırılmışdır.
1938-ci il fevralın 4-də Azərbaycan SSR XDİK Üçlüyünün iclası keçirilmişdir. İclasın katibi Şevçenkonun verdiyi protokoldan çıxarışda göstərilir ki, Allahverdi kişi, əmlakı müsadirə edilməklə güllələnməyə məhkum edilmişdir.
Dövlət Təhlükəsizliyi İdarəsinin I xüsusi şöbəsinin rəisinin imzaladığı aktda göstərilir ki, güllələnmə hökmü martın 19-dan 20-nə keçən gecə yerinə yetirilmişdir . Bütün repressiyaya məruz qalan adamların işində olduğu kimi, Allahverdi Xudaverdioğlunun da ölüm hökmünün hansı ərazidə yerinə yetirildiyi, harada dəfn edildiyi barədə heç bir məlumata rast gəlmədik. DTİ-nin daxili həbsxanasının rəisi güllələnmiş şəxsin sənədləri haqqında məlumat vermişdir.
Sənədlərin içərisində olan əmək kitabçası diqqəti cəlb edir. Orada Allahverdi Xudaverdioğlunun işlədiyi işlər qrafasının qarşısında “öküz otarmaq”, “qoruqçuluq” yazılmış, hər birinin qarşısında neçə əməkgünü aldığı qeyd edilmişdir. Bundan başqa, maşın-traktor stansiyasının muzdurlar ittifaqının arxivinin yoxlanması haqqındakı arayışında göstərilir ki, Allahverdi Xudaverdioğlunun muzdur olması haqqında sənədə rast gəlinmir.
Digər bir sənəd onun səsvermə hüququnun bərpa edilməsi haqqında vəsiqədir. 1989-cu il avqustun 31-də Azərbaycan SSR Prokurorluğu Allahverdi Xudaverdioğluna bəraət verilməsi ilə bağlı vəsatət qaldırmışdır. 1990-cı il mayın 10-da Azərbaycan SSR DTK-nın Ağdam rayon şöbəsinin rəisinə məlumat göndərilmişdir:
“...Məmmədov Allahverdi Xudaverdi oğlunun həyat yoldaşı, oğlanları və qızlarından birinə onun bəraət alması və 20 mart 1938-ci ildə güllələnməsi haqqında məlumat verilsin. Onlara bildirilsin ki, ölüm haqqında müvafiq sənədi VVAQ-ın Ağdam şöbəsindən ala bilərlər”. Belə bir arayışa Allahverdi kişidən başqa heç bir repressiya olunmuşların sənədlərinin içərisində rast gəlinmir...”
(Davamı var)
Boran Əziz, BDU-nun dosenti.
Təqdim etdi:
Sultan Laçın