“Azərbaycan Ermənistanın əvvəlki və indiki hərbi-siyasi rəhbərliyində təmsil olunan, xalqımıza qarşı ağır cinayətlər törədən şəxsləri məhkəməyə cəlb etmək üçün bütün beynəlxalq təşkilatlara müraciət etməlidir”.
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Asim Mollazadə bildirib. Millət vəkili qeyd edib ki, törətdikləri cinayətlər bu şəxslərin məsuliyyətə cəlb edilməsini zəruri edir:
“Xalqımıza qarşı ağır cinayətlərə yol verən və bu gün də Ermənistanda yaşayan bəzi şəxslər vaxtiylə Xocalı soyqırımı kimi dəhşətli cinayətlərin törədilməsində iştirak etsələr də, müxtəlif yollarla məhkəmə qarşısına çıxmaqdan yayınıblar. Lakin bu, sonsuza qədər belə davam edə bilməz. Bu şəxslər də məhkəmə qarşısına çxıarılmalı və törətdikləri cinayətlərə görə cavab verməlidirlər. Buna nail olmaq üçün isə Azərbaycan beynəlxalq təşkilatların imkanlarından istifadə etməlidir”.
Seymur ƏLİYEV