“Konstitusiyaya, qanunlara zidd qərarlar verməkdə Trampın məqsədi nədir?”- Ekspert cavablandırır...
Ekskluziv
372
16:26, Bu gün

“Konstitusiyaya, qanunlara zidd qərarlar verməkdə Trampın məqsədi nədir?”- Ekspert cavablandırır...

“Və görünən odur ki, onun niyyəti Birləşmiş Ştatların dövlət strukturlarını, institutlarını çökdürmək, onları özünə tabe etmək və əlbəttə ki, media resurslarını məhdudlaşdırmaqdır...”
 
“ “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanması ABŞ cəmiyyətində ciddi reaksiya doğurmayacaq... Amma Vudro Vilson Mərkəzinin bağlanması siyasi və ekspert dairələrində daha çox reaksiya doğuracaq...”
 
“Hazırda ABŞ-də olmasam da, prosesləri diqqətlə izləyirəm və ölkənin cəmiyyətinə az-çox bələdəm. Və hesab edirəm ki, Tramp tərəfindən “Azadlıq” və “Amerikanın səsi” radiolarının bağlanması geniş anlamda Amerika cəmiyyəti tərəfindən ciddi reaksiya doğurmayacaq. Çünki həmin auditoriyalar adətən xarici auditoriyaya işləyibdir. Məsələn, ABŞ-də soruşulsa, bəlkə də  vətəndaşların çoxu bilməyəcək ki, “Azadlıq” radiosu bu ölkənin radiosudur və ümumiyyətlə, belə bir radio varmı. Yaxud “ “Amerikanın səsi” radiosu varmı və hansı məqsədlərlə fəaliyyət göstərir” sualları da eyni dərəcədə cavabsız qarşılanacaq. Ona görə də sözügedən radioların bağlanmasına reaksiya əsasən siyasi dairələrdə olacaq, xüsusən də Konqresdə... Çünki həmin radioların fəaliyyəti birbaşa Konqresdən maliyyələşibdir və həmin fəlaiyyət Amerika qanunlarına uyğundur”. 
 
Siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu bu fikirləri Moderator.az əməkdaşının “Sovet-rus imperiyasının dağıdılmasında, keçmiş müttəfiq respublikaların, o cümlədən  Azərbaycanın da müstəqillik əldə etməsində bir rupor kimi önəmli rol oynamış “Azadlıq”  və “Amerikanın səsi” radiolarının bağlanması haqda Trampın qərarına Amerika cəmiyyəti necə reaksiya verir?” sualımı cavablandırarkən dilə gətirib.
 
“Onu da deyim ki, Trampın qərarıyla  paralel olaraq bir Mərkəzin – Vudro Vilson Mərkəzinin bağlanması siyasi və ekspert dairələrində daha çox reaksiya doğuracaq. Həm də ona görə ki, həmin mərkəzin bağlanmasına prezident kimi Trampın səlahiyyəti çatmır. O səbəbdən ki, Vudro Vilson Mərkəzi qeyri-hökumət təşkilatıdır. Bu Mərkəz özünün maliyyə resurslarını daha çox qeyri-dövlət mənbələrindən, donorlardan, sponsorlardan alır. Bildiyim qədər həmin mərkəzin dövlət maliyyələşməsi təxminən 30 faizə qədərdir. Bununla belə, Vudro Vilson Mərkəzi hökumət qurumu deyil və Trampın belə bir addım atması tamamilə qanunsuzdur və qeyri-konstitusyondur”, -deyə davamında həmsöhbətimiz diqqətə çatdırıb. 
 
Analitik hesab edir ki, Trampın belə gözlənilməz və ABŞ qanunlarına zidd sərəncamlar, qərar verməsi təsadüfi deyil və məqsədyönlü xarakter daşıyır.
 
“Bəs Trampın bu cür addımları haradan qaynaqlanır və nə məqsəd güdür? Məsələ burasındadır ki, Tramp özü də bilir və onun yanındakı hüquqşünaslar da onu belə təlimatlandırırlar ki, o, Konstitusiyaya, qanunlara zidd müxtəlif addımlar atsın. Burada məqsəd ABŞ-nin məhkəmə sistemini uzunmüddətli araşdırma və proseslərə cəlb etməkdir.  Məsələn, Tramp  yarım səhifəlik bir qanunsuz sərəncam imzalayır atır ortalığa və buna görə hüququ tapdanacaq qurumlar, yaxud insanlar məcburdur ki, məhkəmədə onun qanunlara zidd olduğunu sübut etsinlər. Məhkəmə qərar çıxarır, araşdırma aparır, aylarla vaxt keçir və ondan sonra qərar verilir ki, prezidentin filan sərəncamı qanuna, Konstitusiyaya uyğun deyil. Daha sonra isə Trampın hüquqşünası, vəkili həmin işi apellyasiya məhkəməsinə verir və yenidən aylarla vaxt gedir. Bax, belə bir oyun qurublar.  Və görünən odur ki, Trampın məqsədi, niyyəti Birləşmiş Ştatların dövlət strukturlarını, institutlarını çökdürmək, onları özünə tabe etmək və əlbəttə ki, media resurslarını məhdudlaşdırmaqdır. Amma media institutlarının mütləq əksəriyyəti qeyri-dövlət qurumlarıdır. Yəni ABŞ-də Yayım Şurasına daxil olan “Amerikanın səsi” və “Azadlıq” radioları bağlandı. Lakin həmin Yayım Şurasına daxil olan bir media qurumu Amerikanın daxilində fəaliyyət göstərir. Bu, “PBC” ictimai yayım kompaniyasıdır – telekanalıdır.  Həmin telekanal daxili auditoriyaya işlədiyi üçün bağlanmayıb.  Və o, kifayət qədər tərəfsiz, etimad göstərilən bir kanaldır... 
 
Yəni Tramp elə addımlar atır ki, həmin addımlarla təhdid edir, həm də dediyim kimi, dövlət və qeyri-dövlət strukturlarını, vətəndaşları uzunmüddətli məhkəmə proseslərinə yönəldir”, - deyə ekspert vurğulayıb.
 
Sultan Laçın
 
Link kopyalandı!
Son xəbərlər