Bizi sosial şəbəkələrdən izləyin:
“Toy bizim elimizin adətidir. Toyda oxumaq isə özü bir məktəbdir. Mənim toy sferasında olmamağıma səbəb isə yaradıcı işlərə daha üstünlük verməyimdir. Bu gün təəssüf ki, savadlı musiqiçilərə ehtiyac olsa da, tələbat bayağı musiqilərədir”
Bunu Moderator.az-a açıqlamasında müğənni Mehin Hümbətova deyib. O daha sonra canlı korifeylərdən dərs aldığını bildirib:
“Bülbül adına məktəbdə ustadım, Allah rəhmət eləsin SSR Xalq artisti Əlibaba Məmmədov olub, daha sonra bu sənətə bir çox peşəkar ifaçılar yetişdirən müəllimim, xanəndə Qəzənfər Abbasovdan dərs almışam. Muğam teatrında Respublikanın Xalq artisti Aygun xanım Bayramovdan dərs almışam. Bakı Musiqi Akademiyasında vokal müəllimim Xalq artisti Xuraman xanım Qasımova olub. Mən canlı korifeylərdən dərs almışam. Bu səbəbdən də hər zaman Azərbaycan dinləyicisinə keyfiyyətli mahnılar təqdim edirəm” deyə sənətçi bildirib.
Mehin Hümbətova fəaliyyətini teleaparıcı olaraq davam etdirmək istəmədiyini də bildirib:
“Məqsədim nə yolla olur-olsun, məşhur olmaq deyil. Həm veriliş aparıb, həm muğənni kimi fəaliyyət göstərsəm daha çox tanınaram bəlkə də. Amma mən keyfiyyətli işlər təqdim etmək istəyirəm. Düşünürəm ki, insan bir istiqamətə köklənib, enerjisini yalnız o yöndə sərf etsə daha uğurlu olar. Bu səbəbdən də ən yaxşı bacardığım və təhsilim olan istiqaməti seçdim” deyə müğənni bildirib.
Müğənni qazancının haradan gəlməsi ilə bağlı suala da cavab verib:
“Artıq bir çoxlarına məlumdur ki, mənim iaşə obyekti bizneslərim var” deyə müğənni bildirib.