Cinayətin törədilməsini öncədən təxmin etmək mümkündürmü?
Ekskluziv
588
13:25, Bu gün

Cinayətin törədilməsini öncədən təxmin etmək mümkündürmü?

 Süni intellektin hüquq-mühafizə sistemində rolu..
 
Cinayətlərin qarşısının alınması hüquq-mühafizə orqanlarının əsas hədəflərindən biridir. Ənənəvi metodlar proaktiv yox, daha çox reaktiv yanaşmaya əsaslanır – yəni cinayət baş verdikdən sonra araşdırmalar aparılır. Lakin son onilliklərdə süni intellekt (SI) və məlumat analitikası hüquq-mühafizə sistemlərinə yeni imkanlar təqdim edir. Cinayətləri öncədən təxmin etməyə çalışan alqoritmlər məhz bu kontekstdə ortaya çıxıb.
Ümumiyyətlə, cinayətlərin təxmin olunması üçün istifadə olunan texnologiyalar keçmiş cinayət məlumatlarını analiz edərək gələcəkdə oxşar halların baş vermə ehtimalını təxmin edir.
 
Bundan başqa, belə texnologiyalar cinayətlərin daha çox hansı ərazilərdə baş verdiyini müəyyənləşdirir və "risk zonaları" yaradır. Kriminoloji məlumatları və sosial-iqtisadi faktorları analiz edərək müəyyən bölgələrdə və ya fərdlər arasında cinayət riskini proqnozlaşdırır. Təsadüfi deyil ki, 2010-cu ildə Kaliforniya Universitetindən George Mohler və Jeffrey Brantingham tərəfindən hazırlanan "PredPol" (Predictive Policing) adlı alqoritm məhz cinayətlərin coğrafi və statistik analizi əsasında onların baş verəcəyi ehtimal olunan yerləri təxmin edirdi. Bəzi hallarda bu alqoritm polisdən on qat daha effektiv nəticələr göstərsə də, sonralar irqçilik və qeyri-obyektiv yanaşmalarla bağlı tənqidlərə də məruz qalmışdır.
PredPol alqoritmi əsasən seysmik aktivlik modellərinə bənzər şəkildə işləyirdi. Məsələn, bir bölgədə cinayət baş veribsə, yaxın zamanda eyni və ya oxşar cinayətin yenidən baş vermə ehtimalı yüksək olur. Buna görə də  sözü gedən alqoritm polisə həmin ərazilərə daha çox nəzarət etməyi tövsiyə edirdi.
 
Cinayətlərin törədilməsini öncədən təxminən etməyə hesablanan bu və buna bənzər alqoritmlər hazırda ABŞ, Böyük Britaniya, Çin, Almaniya və bəzi digər ölkələrdə sınaqdan keçirilib. Məsələn, ABŞ-da, xüsusən Los-Anceles, Çikaqo, Nyu-York şəhərlərində "PredPol" və digər oxşar sistemlərdən istifadə edilməkdədir. Bəzi araşdırmalara görə bu tətbiqlər cinayətlərin azaldılmasında müəyyən müsbət nəticələr əldə olunmasına səbəb olub.
 
Böyük Britaniyada Kent və London polisi hazırda "National Data Analytics Solution" (NDAS) adlı sistemi cinayət riskini müəyyən etmək üçün tətbiq edir.
Çində də istintaq orqanları süni intellekt əsaslı "Sharp Eyes" və "Skynet" sistemləri vasitəsilə potensial cinayətkar davranışları proqnozlaşdırmağa çalışılır.
 
Almaniyada isə polis "Precobs" adlı proqnozlaşdırma alqoritmdən faydalanır.
 
Cinayət proqnozlaşdırma alqoritmlərinin üstünlükləri ilə yanaşı, onun aşağıdakı hüquqi və etik problemləri və çatışmazlıqları da mövcuddur:
1. İrqçi və sosial önyarğılar (Bias Problem) – Əgər alqoritm tarixi məlumatlardan istifadə edirsə və həmin məlumatlar sistematik diskriminasiyanı əks etdirirsə, bu, irqi və sosial önyarğıları gücləndirir. Məsələn, əgər müəyyən bir etnik qrupun yaşadığı bölgədə polis patrulu daha çox cəmləşibsə, bu, həmin qrupun daha çox cinayət törətdiyi təsəvvürünü yarada bilir.
 
2. Səhv məlumatlar və haqsız günahlandırma – Süni intellektin verdiyi qərarlar bəzən səhv ola bilər. Məsələn, bəzi şəxslər yanlış olaraq yüksək riskli hesab edilə bilir.
 
3. Şəxsi məlumatların məxfiliyi və qanunvericilik problemləri – Bu cür sistemlər böyük həcmdə şəxsi və ictimai məlumatlardan istifadə edir. Bu isə məxfilik hüququnun pozulması riski yaradır.
 
4. "Polis dövləti" tənqidi – Cinayət proqnozlaşdıran sistemlər hökumətə və hüquq-mühafizə orqanlarına geniş nəzarət imkanları verə bilər ki, bu da insan haqları və vətəndaş azadlıqları baxımından ciddi suallar doğurur.
 
Qeyd edək ki, bir sıra mütəxəssislər bu alqoritmlərdən istifadənin etik və hüquqi problemlərini azaltmaq üçün müəyyən təklif irəli sürürlər. Onlar şəffaflıq və monitorinq prizmasından yanaşaraq alqoritmlərin necə işlədiyini ictimaiyyət və müstəqil təşkilatlar tərəfindən yoxlanılmalı olmasını təklif edirlər. Mütəxəssislər həmçinin qeyd edirlər ki, tarixi məlumatlarda mövcud olan diskriminasiyanı 
 
azaltmaq üçün müxtəlif sosial qruplardan obyektiv məlumatlar toplanmalı, süni intellektin hüquq-mühafizə sistemlərində istifadəsinə dair beynəlxalq və milli hüquqi çərçivələr müəyyən edilməlidir.
Fikrimizcə, cinayətlərin öncədən təxmin edilməsi zamanı istifadə edilən alqortlərin obyektivliyinin təmin olunması üçün digər səmərəli təklif insan faktoru ilə süni intellektin kombinasiyası məsələsidir. Hesab edirik ki, bu zaman tamamilə avtomatlaşdırılmış qərarvermə əvəzinə, polis əməkdaşlarının və hüquqşünasların süni intellektin verdiyi qərarları yoxlaması təmin edilməlidir.
 
Beləliklə, cinayətlərin proqnozlaşdırılması hüquq-mühafizə sisteminin effektivliyini artırmaq üçün böyük potensiala malik olsa da, onun etik, hüquqi və sosial problemləri diqqətdən kənarda qalmamalıdır. Süni intellekt və alqoritmik sistemlər polislə birlikdə işləyən köməkçi vasitə kimi istifadə olunmalıdır, lakin onların üzərində ciddi nəzarət və tənzimləmə aparılmalıdır. Əks halda, hüquq sistemində ədalətsizliyə və vətəndaş azadlıqlarının məhdudlaşdırılmasına səbəb ola bilər.
 
 
 
 
Yunis Xəlilov
 Hüquqşünas
Link kopyalandı!
Son xəbərlər