TÜRKSOY-un BAŞ KATİBİ Moderator.az-a danışdı:
Ekskluziv
578
09:08, Bu gün

TÜRKSOY-un BAŞ KATİBİ Moderator.az-a danışdı: "TÜRKSOY bütün türk dünyasının ortaq mədəniyyət evidir"

"Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı -TÜRKSOY türk dövlətləri başda olmaqla, bütün türk dünyasının beynəlxalq səviyyəli ortaq mədəniyyət evidir. Ötən dövrdə böyük inkişaf yolu keçən TÜRKSOY bu günümüzə kimi tarixi nailiyyətlərə imza atıb. Hesab edirəm ki, yeni-yeni layihələri reallaşdırmaqla TÜRKSOY bütün türk dünyasının ortaq etimadını bundan sonra da doğruldacaqdır"
 
Bu fikirləri Moderator.az-a açıqlamasında Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi, Qırğızıstanın Xalq yazıçısı Sultan Rayev bildirib.
 
"Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün Azərbaycana gəldiyini bildirən, qədim Qarabağı, bütövlükdə Azərbaycanı mədəniyyət beşiyi kimi dəyərləndirən Baş katib əminliyini ifadə edib ki, bundan sonra da türk dövlətləri daha sıx birləşərək, qədim tarixə malik olan ortaq mədəniyyətlərinin dünyada tanıdılması istiqamətində birgə addımlar atacaqlar.
 
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə müştərək görülən işlərin müsbət nəticələrini diqqətə çatdıran Baş katib hal-hazırda Azərbaycanda Mahmud Kaşqari adına Beynəlxalq Fondla yaxından əməkdaşlıq etdiklərindən  məmnuniyyətini dilə gətirib. Kaşğarinin ana vətəninin İssık-kul gölünün sahilində Barskan şəhəri olduğunu bildirən Sultan Rayev məhz Kaşğarinin adını daşıyan Fondla əməkdaşlığın onun üçün həm simvolik, həm də mənəvi dəyəri olduğundan söz açıb. 
Baş katib vurğulayıb ki, Mahmud Kaşqari adına Beynəlxalq Fondun Prezidenti, Milli Məclisin deputatı Cavanşir Feyziyevin milli təəssübkeşliyi və təşəbbüskar fəaliyyəti, rəhbərlik etdiyi yaradıcı kollektivin  məsuliyyətli iş birliyi bizim birgə icra edəcəyimiz mədəniyyət layihələrinin, akademik nəşrlərin həyata keçirilməsi üçün böyük imkanlar yaradır. Fondun oxuculara yenicə təqdim edilən  Virtual kitabxanasında görmə imkanları məhdud olan insanların mütaliəsinə dəstək məqsədilə yaradılan "danışan kitab" projesinin, kitabxanada oxuculara səsli təqdim olunan audio kitabların təkcə sosial layihə deyil, insani keyfiyyət  üstünlüyünü vurğulayan Baş katib bu cür ali vətəndaşlıq borcunu kütləviləşdirməyi digər kitabxana və ictimai birliklərə də tövsiyə edib. "Müşahidələrimdən çıxış edərək əminliklə inamını ifadə etmək istəyirəm ki, Cavanşir Feyziyevin başqanlığında Kaşqari Fondu çox yaxın gələcəkdə öz loqosunu Türk mədəniyyəti aləmində brendə çevirəcəkdir", - deyə Sultan Rayev əlavə edib.
 
"Beynəlxalq konfransda iştirak üçün Azərbaycana dəvət olunduğunu bildirən Baş katib iki gün davam edən konfransda bir sıra ölkələrdən elm adamları, tədqiqatçılar, ekspertlər, eləcə də qeyri-hökumət təşkilatlarının təmsilçiləri və media nümayəndələrinin bir araya gəldiyi haqda danışıb. O qeyd edib ki, konfransa dəvət alan iştirakçılar əvvəlcə Azərbaycan ərazisindəki qədim yaşayış məskənlərindən aşkar olunan eksponatlardan ibarət sərgi ilə tanış olublar.
Konfransın gedişatında qədim insan məskənlərinin ortaq tədqiqi və təbliği ilə bağlı vahid platformanın təsis edilməsi məsələsinin də nəzərdən keçirilməsi təklif edilib.  Belə ümumdünya əhəmiyyətli tədbirlər vasitəsilə beynəlxalq və regional əməkdaşlığı gücləndirmək, mədəni irsin qorunması üçün yeni strategiyalar hazırlamaq və onların tətbiqinə dair mexanizmlər yaratmaq məqsədilə mühüm addımların atılması hədəflənir." deyə Sultan Rayev fikirlərini yekunlaşdırıb.
 
Xatırladaq ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı 1993-cü il iyulun 12-də Azərbaycan, Türkiyə, Qırğızıstan, Özbəkistan və Qazaxıstan mədəniyyət nazirlərinin Almatı şəhərində keçirilən təsis iclasında imzaladıqları saziş əsasında yaradılıb. Təşkilatın ali idarəetmə orqanı TÜRKSOY-a üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasıdır. TÜRKSOY-un mərkəzi qərargahı Ankara şəhərində yerləşir.
Link kopyalandı!
Son xəbərlər