“Erməni faşizminin incəsənətin köməyi ilə ifşası mühüm əhəmiyyətə malikdir”
Ekskluziv
339
08:32, Bu gün

“Erməni faşizminin incəsənətin köməyi ilə ifşası mühüm əhəmiyyətə malikdir”

Elman Məmmədov: “Bütün dünya Qarabağda törədilən vəhşilikləri bilməlidir”

Ermənistanın həm Qarabağ müharibəsi zamanı, həm də işğal müddətində Azərbaycan xalqına qarşı bir-birindən qorxunc qətliyamlar həyata keçirməklə yanaşı, işğalda saxladığı ərazilərdəki tarixi-mədəni irsi məhv etdiyi yaxın tariximizin acı həqiqətlərindəndir. 30 ilə yaxın müddət ərzində erməni faşizmi Qarabağ və ətraf rayonlardakı ərazilərdəki məscidləri, dini-tarixi abidələri, memarlıq nümunələri amansızcasına talamış, bəzilərini isə tamamilə yer üzündən silmişdir.

Ermənistanın vaxtiylə işğalda saxladığı Azərbaycan ərazilərində törətdiyi bu vəhşiliklər media və diplomatik müstəvidə uzun illərdir ki, ifşa edilməkdə, dünya birliyinin diqqətinə çatdırılmaqdadır. Lakin heç şübhə yoxdur ki, incəsənətimizin də bu prosesdə aktiv şəkildə iştirakına ciddi ehtiyac var.

Mövzu ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Elman Məmmədov, erməni vəhşiliyinin incəsənət vasitəsilə ifşasının zəruri olduğunu bildirib:

“Şübhəsiz, erməni faşizminin, onun törətdiyi saysız-hesabsız vəhşiliklərin incəsənətin köməyi ilə ifşası mühüm əhəmiyyətə malikdir. Bütün dünya Qarabağda baş verənləri, habelə kimin-kim olduğunu bilməli, ermənilərin işğal dönəmində bu ərazilərdə necə böyük vəhşiliklər törətməsindən xəbərdar olmalıdır.

Bu baxımdan şübhəsiz ki, erməni faşizminin vəhşiliyindən, Qarabağımızın zəngin tarixi-mədəni irsindən bəhs edən incəsənət əsərlərinin yaradılması, bu əsərlərin dünyanın müxtəlif ölkələrində nümayişi olduqca əhəmiyyətlidir. Doğrudur, yaradıcı insanlarımız, incəsənət nümayəndələrimiz zaman-zaman bu cür əsərlər yaradır. Həmin əsərlərdə Qarabağ həqiqətləri, xalqımızın zəngin mədəni irsi və erməni vandallarının bu irsə olan düşmən münasibəti parlaq boyalar və çox böyük dəqiqliklə öz əksini tapıb. Bu əsərlərin hər biri xalqımızın erməni faşizminin hücumuna məruz qalan böyük mədəniyyətindən, habelə Ermənistanın tarixə, incəsənət və mədəniyyətə olan düşmən münasibətindən xəbər verir. Lakin bu prosesin daha sürətli və sistemi xarakter alması vacibdir. Bu baxımdan inanıram ki, yaxın gələcəkdə bu istiqamətdə bir-birindən yeni yaradıcılıq nümunləri görəcək, erməni vəhşiliklərinin incəsənət müstəvisində daha miqyaslı ifşasına şahid olacağıq”.

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər