ABŞ və Böyük Britaniyanın Yəmənə zərbələr endirməsindən qısa müddət sonra İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Baqai kəskin bəyanatla çıxış edib.
Moderator.az xəbər verir ki, bu barədə İranın "Mehr" informasiya agentliyi məlumat yayıb.
"ABŞ və Böyük Britaniyanın hərbi təcavüzü BMT Nizamnaməsinin və beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulmasıdır", - Baqai bildirib və BMT-ni, BMT Təhlükəsizlik Şurasını "beynəlxalq təhlükəsizliyə təhdid yaradan bu cür pozuntulara qarşı mübarizəyə" çağırıb.
İran XİN-in mətbuat katibi həmçinin vurğulayıb ki, ABŞ və Böyük Britaniyanın Yəmənə qarşı birgə hərbi əməliyyatları "Gələstin xalqının soyqırımına dəstəkdir".
Bundan əlavə, Baqainin sözlərinə görə, Yaxın Şərqdəki qeyri-sabitliyin əsas səbəbi "ABŞ və Böyük Britaniyanın dəstəyi ilə Fələstində davam edən işğal və kütləvi qırğınlardır ki, bu da regional və qlobal təhlükəsizliyə misilsiz təhdid yaradır".
Baqai bütün hökumətləri, beynəlxalq təşkilatları və İslam qurumlarını "Fələstindəki soyqırım və etnik təmizləməyə qarşı hüquqi və mənəvi öhdəliklərini yerinə yetirməyə" çağırıb. Onun sözlərinə görə, bu hadisələr müsəlmanlar üçün müqəddəs Ramazan ayında daha da şiddətlənib.
Digər tərəfdən, ABŞ və Britaniyanın hava hücumlarından sonra yəmənli husilərin yüksək vəzifəli nümayəndəsi Həzəm əl-Əsəd İsrailə qarşı təhdidlərlə çıxış edib. O, sosial şəbəkələrdə ivrit dilində yazıb: "Tramp və Netanyahunun qazdığı məzarlar sionistlər üçün olacaq, başınız üçün narahat olun".
Qeyd edək ki, husilərin Yəməndəki obyektlərinə hava zərbələri barədə məlumatlar dünən axşam saatlarında yayılmağa başlayıb. Hücum Sənadakı islamçı resurslara yönəlib.
Əməliyyatdan öncə ABŞ prezidenti Donald Tramp "husilərə qarşı güclü zərbələr endirilməsi" barədə göstəriş verdiyini açıqlayıb. Amerika mediası Pentaqon və Ağ Evdəki mənbələrə istinadən bildirir ki, bu hücum husilərə qarşı planlaşdırılan bir neçə güclü zərbənin ilkidir.
Son zamanlar husilər İsrailə qarşı "dəniz blokadası" elan edərək ticarət gəmilərinə hücum etməyə başlayıb. Bundan əlavə, Yəməndəki islamçılar Qırmızı dənizdə yerləşən ABŞ hərbi qüvvələrini mütəmadi olaraq raket hücumlarına məruz qoyur və Amerika pilotsuz uçuş aparatlarını vurmağa çalışır.