İlham Əliyevdən “İsgəndər M”-lə bağlı sual: Rusiya 5 ildir bu suala cavab verə bilmir...
Ekskluziv
2475
10:25, Bu gün

İlham Əliyevdən “İsgəndər M”-lə bağlı sual: Rusiya 5 ildir bu suala cavab verə bilmir...

Xəbər verdiyimiz kimi, martın 13-də Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevrilməsi” mövzusunda XII Qlobal Bakı Forumuna start verilib. Forumda iştirak edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı hər zaman olduğu kimi, bu dəfə də bütün dünyada böyük marağa səbəb olub. Çıxışında qlobal aləmdə, eləcə də Cənubi Qafqaz regionunda baş verən hadisə və proseslərə diqqət çəkib İlham Əliyev, 44 günlük Vətən müharibəsində Ermənistanın törətdiyi vəhşiliklərə də toxunub. Prezident qeyd edib ki, müharibə dövründə Ermənistan şəhərləri, yaşayış məntəqələrini də atəşə tutub, böyük vəhşiliklər tördib. Dövlət başçısı 44 günlük Vətən müharibəsində Ermənistanın Azərbaycana qarşı “İsgəndər M” raketlərindən istifadə etdiyini də bildirib:

“Bu gün bəzi Avropa bürokratları Ermənistanı sülh göyərçini kimi təqdim etməyə çalışırlar. Lakin onlar həmin hökumətin keçmişdə nəyi etdiyini yaddan çıxarırlar. Onlar yaddan çıxarırlar ki, İkinci Qarabağ müharibəsində ermənilər bizim şəhərlərimizi, kəndlərimizi atəşə tuturdu. Yüzdən artıq vətəndaşımızı həmin raketlərə, ixracı qadağan olunmuş “İsgəndər M” raketinə görə itirdik. Biz hələ də suala cavab almamışıq: Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib? Çünki Rusiyada bu raketin ixracı yasaqdır. İnanmayanlar isə, - buradan cəmi 5-10 dəqiqəlik yoldur, - getsinlər Hərbi Qənimətlər Parkına və Şuşada tapdığımız “İsgəndər M” raketini görsünlər. Biz onu artıq 2021-ci ilin yazında tapdıq, çünki o, qarın altında qalmışdı. Biz Şuşanı azad etdiyimiz zaman o, şəhərə atılmışdı”.

Sitatdan da göründüyü kimi, İlham Əliyev Ermənistanın xalqımıza, eləcə də xalqımızın timsalında bütün insanlığa qarşı törətdiyi cinayətləri ifşa etməklə yanaşı, Rusiyada istehsal olunan və ixracı yasaqlanan “İsgəndər M” raketlərinin işğalçı ölkənin əlinə necə, hansı yolla keçməsi məsələsini də gündəmə gətirir. Prezident qeyd edir ki, yüzdən çox Azərbaycan vətəndaşı öz həyatını bu raketlərə, eləcə də “İsgəndər M” raketlərinə görə itirib. Bu isə  o deməkdir ki, burada yeganə müqəssir Ermənistan deyil. Ortada daha bir müqəssir var ki, bu da həmin raketləri Ermənistana verən, onun “İsgəndər M” raketləri ilə mülki insanları qan gölündə boğmasına sakitcə tamaşa edəndir.

Əminliklə demək olar ki, bu raketləri Ermənistana verənlər tarix və hüquq qarşısında Ermənistandan daha çox məsuliyyət daşıyır. Çünki əgər bu raketlər Ermənistana verilməsəydi, İrəvan bu raketlərdən dinc insanlarımıza qarşı istifadə edə bilməyəcəkdi. Bu isə o deməkdir ki, yüzdən çox vətəndaşımız həyatda qalacaq, şəhərlərimiz böyük dağıntılardan əhəmiyyətli dərəcədə hifz olunacaqdı.

Bəs “İsgəndər M” raketlərini Ermənistan kim verib? Satışı qanunla yasaqlanan və Rusiyada istehsal olunan bu raketlər Ermənistanın əlinə necə düşüb?

Əlbəttə, bu suala ilk növbədə Rusiya cavablandırmalıdır. Çünki bu raketlər məhz Rusiyada istehsal olunur. Deməli, “mal sahibi” kimi bu suala Rusiya cavab verməli, onun Ermənistana, necə, nə vaxt, hansı yolla ötürüldüyünə aydınlıq gətirməlidir. Çünki burada söhbət Azərbaycan xalqına qarşı törədilən qanlı cinayətdən, beynəlxalq hüququnun kobud şəkildə pozulmasından gedir.

Rusiyanın 5 ildir ki, səslənən bu sual qarşısında susması çıxış yolu deyil və heç vaxt da olmayacaq. Kreml Ermənistana verilən “İsgəndər M” raketləri ilə bağlı çoxdan gözlənilən etirafı etməyəcəyi təqdirdə bu sual vaxt-bivaxt qəfil göy gurultusu kimi Rusiyanın qulağının dibində səslənməkdə davam edəcək: “Ermənistan ordusu “İsgəndər M” raketini necə əldə edib?”

Seymur ƏLİYEV

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər