Bir həftədən sonra yaz fəslinə daxil olacağıq. Qışın son günləri yazın əvvəllərində havanın qeyri-stabil keçməsi insanlarda da bir çaşqınlıq yaradır. Belə ki, soyuq qış günlərindən birdən-birə isti havanın müşaiyət olunması insanların sağlamlığına da təsirsiz ötüşmür. Ən önəmlisi isə insanlar necə geyinəcəyini qərar verməkdə çətinlik çəkir. Belə ki, qalın geyindikdə hava çox isti, nazik geyindikdə isə soyuq olur.
Bəs mart ayında necə geyinək ki, sağlamlığımıza mənfi təsir göstərməsin?
Mövzu ilə bağlı tanınmış fitoterapevt Elnur Eldaroğlu Moderator.az-a danışdı.
"Yazın ilk başlanğıcında tempratur fərqinin belə dəyişməsi nəticəsində insan nə geyinəcəyini bilmir. Çünki bəzən çox qalın geyinib, istiyə, çox nazik geyinib soyuğa düçar oluruq.
Bəzən də insanlar oturduğu yerdən belə tərləyə bilir. Onun üçün geyim seçimi daha fərqli olmalıdır. Bəzi insanların soyuğa qarşı allergiyası var. Anemiyası olan insanların geyimi tamamilə fərqli olmalıdır ki, misal üçün onlar daha xəfif geyimlərə müraciət etməlidir.
İndiki vəziyyətdə yağmurlu hava olmadığına görə qalın geyimlərə ehtiyac yoxdur. Üst geyimin pambıq olması kifayət edir. Bu şərt deyil ki, mart ayında havaların stabil olmadığı bir zamanda hər kəs pambıq geyinsin. Məsələn bəzi insanlar daha nazik geyinməlidir. Hava tempraturunu avromobildə və iş şəraitində eyni tempraturda nizamlamaq lazımdı. Çünki otaqdakı tempratur həddən artıq isti olub çöldəki tempraturdan ciddi fərqli olursa bu zaman insanın nə geyinməsinin heç bir fərqi olmur. Çöldəki tempratur daha yaxşı, evdəki tempratur fərqlidirsə bu zaman aşırı tərləmə və halsızlıq kimi hallar yarana bilər. Belə dövrlərdə bədənin maye tələbatını qoruyub saxlamaq lazımdı. Eyni zamanda qan dəyərlərinin yaxşı olması mütləqdir. Yazın başlanğıc dövrlərində belə hallar baş verə bilir. Tövsiyyə edirəm ki, mart ayında qidaya, gündəlik içilən mayeyə, geyimə daha çox diqqət edilsin.
Ən önəmlisi isə bu dönəmlərdə yuxunu nizamlamaq lazımdı. Belə hava yuxululuq yarada bilər".