“Hər üç qlobal güc, yəni ABŞ, Avropa və Rusiya çalışır ki, Azərbaycan-Ermənistan sülh sazişindən özü üçün divident qazansın. Sülh müqaviləsinin imzalanmasına vasitəçilik edəcək güc, sözsüz ki, müəyyən mexanizmləri öz xeyrinə tərbiq etməyə çalışacaq...”
Məlum olduğu kimi, xarici işlər naziri Ceyhun Bayramov martın 13-də Azərbaycan və Ermənistanın sülh sazişinin mətninin razılaşdırılması üzrə danışıqları başa çatdırdığını bəyan edib. Bundan az sonra Ermənistan Xarici İşlər Nazirliyi də "Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında" sazişin layihəsi üzrə razılaşmanın əldə edilməsi və bu ətrafda danışıqların başa çatması faktını təsdiqləyib.
Bəs görəsən, bundan sonra hadisələr necə inkişaf edəcək? Hansı şərtlər daxilində prosesin son nəticəyədək, yəni Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına qədər getməsi mümkündür? Yaxud, əksinə, hansı amillər yenə də sülh prosesini tormozlaya bilər?..
Mövzu ilə bağlı Moderator.az-a açıqlamasında siyasi təhlükəsizlik məsələləri üzrə ekspert Ərəstun Oruclu aşağıdakıları söyləyib:
“Mən Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin mətninin razılaşdırılması, guya artıq ortada heç bir ziddiyyətin olmaması məsələsinə bir az skeptik yanaşıram və düşünmürəm ki, yaxın müddətdə sülh müqaviləsi olacaqdır. Sülh sazişi iki səbəbdən baş tutmaya bilər. Özü də böyük ehtimalla... Birinci səbəb odur ki, Azərbaycan Ermənistandan öz konstitusiyasını dəyişməyi və oradakı Müstəqillik Aktına istinadla qeyd olunmuş məsələləri çıxarmağı tələb edir. Əlbəttə, haqlı tələbdir. Amma məsələ burasındadır ki, Ermənistan hökuməti konstitusiyanı dəyişmək üçün onu referenduma çıxarmalıdır. Buradan çıxan birinci sual da odur ki, Paşinyan bu məsələni referenduma çıxarıb opponentlərinin onun üzərinə gəlməsinə əsas verəcəkmi. Yüksək ehtimalla verməyəcək. İkincisi, hətta Paşinyan hökuməti bu addımı atsa belə, Ermənistan əhalisinin əksəriyyəti ölkə konstitusiyasında nəzərdə tutulan sözügedən müddəaların dəyişməsinə səs verməyəcəksə, onda vəziyyət necə olacaqdır. Azərbaycan tələbindən geri çəkiləcəkmi? Yəqin ki, yox...
Sülh müqaviləsinin imzalanmasını əngəlləyə biləcək ikinci əsas səbəb isə ondan ibarətdir ki, bir yandan sülhdən danışılır, digər tərəfdən isə Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birini silahlanmaqda, silahlanmanın qorxulu həddə çatmasında suçlayır və bunun qarşısının alınması ehtimalından danışır. Belə şəraitdə sülh olmur. Bunlar məsələnin görünən tərəfləridir...
Məsələnin görünməyən tərəfləri isə dünən – martın 14-də üç güc mərkəzindən gələn açıqlamalardan bəlli oldu. Birinci: Rusiya təklif edir ki, Azərbaycanla Ermənistan arasında sülh sazişi Moskvada Kremlin mediatorluğu və yaxud vasitəçiliyi ilə imzalansın. Sual olunur ki, bugünkü ABŞ rəhbərliyi bunu qəbul edərmi? Hesab edirəm ki, qəbul edə bilər. Çünki Tramp administrasiyasının Putin hökumətindən heç bir fərqi yoxdur, hətta deyərdim ki, onlar bir çox məsələlərdə müttəfiqdirlər...
İkinci: Avropanın məsələyə reaksiyası... Onlar Rusiyanın mediatorluğuyla sülh sazişinin imzalanmasını qəbul edəcəklərmi? Böyük ehtimalla, yox. Və avropalılar ani olaraq tərəfləri sülhə çağırmaqla məsələyə reaksiya verərək göstərdilər ki, bizim də bu məsələdə marağımız var...
Üçüncü mərkəzdən – ABŞ-dən də tərəflərə eyni çağırış gəldi ki, ziddiyyətləri buraxın, keçin sülh sazişinin imzalanmasına...
Belə görünür ki, sadalanan hər üç qlobal güc, yəni ABŞ, Avropa və Rusiya çalışır ki, Azərbaycan-Ermənistan sülh sazişindən özü üçün divident qazansın. Sülh müqaviləsinin imzalanmasına vasitəçilik edəcək güc, sözsüz ki, müəyyən mexanizmləri öz xeyrinə tərbiq etməyə çalışacaq. Məsələn, deyək ki, sülhyaradıcı missiya... Və biz bu gün artıq onun cücərtilərini görürük. Görürük ki, Birləşmiş Ştatlar Ermənistanla hansı şəkildə əməkdaşlıq edir və Zəngəzur dəhlizi məsələsinə necə münasibət bildirdi, Avropa İttifaqı öz missiyasını sərhəd boyu yerləşdirdi. Və Rusiyanın da bu məsələdə maraqlarını görürük...
Beləliklə, hər üç mərkəzin maraqları Azərbaycan-Ermənistan sülh sazişinin imzalanması məsələsində toqquşur. Hələ regional dövlətlərin- İran və Türkiyə kimi dövlətlərin maraqlarını demirəm. Bu barədə də müxtəlif açıqlamalar eşitmişik, hətta müxtəlif sərt bəyanatların şahidi olmuşuq. Ona görə də inanmıram ki, hansısa şərtlər, yaxud elə bugünkü şərtlər çərçivəsində sülh sazişinin imzalanması bu qədər asan olacaqdır. Yüksək ehtimalla, heç bu il ərzində də sülh müqaviləsi imzalanmayacaqdır. Əksinə, mən deyərdim ki... Çox təəssüf ki, tərəflərin paralel olaraq qarşılıqlı ritorikası da getdikcə sərtləşir və hərbi qarşıdurma ehtimalı da artır. Düzdü, genişmiqyaslı müharibədən söhbət getmir. Hansısa lokal qarşıdurmalar ola bilər. Bu da aydın görünür. Lakin heç kim təminat verə bilməz ki, lokal qarşıdurmadan başlanan hərbi toqquşma böyük müharibəyə keçməyəcəkdir. Və bu gün tərəflər 44 günlük müharibə ərəfəsində olduğundan da müasir silahlarla silahlanıb və daha çox hərbi potensiala malikdir. Görünən budur...”
Sultan Laçın