Bizi sosial şəbəkələrdən izləyin:
“Opera və Balet teatrına 1985-ci ildə görkəmli sənətkarımız Şövkət Ələkbərovanın dəstəyi ilə gəlmişəm. 40 il olur ki, teatrdayam. “Leyli və Məcnun” tamaşaçı çox ağırdır. Bu günə qədər 146 dəfə Məcnun kimi səhnəyə çıxmışam. Hər dəfə elə bilmişəm ki, Üzeyir bəyin ruhunun qarşısında imtahan verirəm. Məsuliyyət, həyəcan var. Çünki tamaşaçı qarşısına çıxırsan. Tələbələrimə də həmişə deyirəm ki, çalışın formada olun. Çünki tamaşaçının nəyinə lazımdır ki, sən yorğunsan, gecə toydan gəlmisən, qripsən? Sən gərək özünü gözləyəsən. Tamaşaçı səndən zövq almağa gəlib. Sən onun zövqünü korlaya bilməzsən. Artıq son illər ildə bir tamaşa oxuyuram. Meydanı gənclərə vermişik. 30-a qədər Muğam müsabiqəsinin gəncləri artıq mənimlə birlikdə teatrda çalışır. Onların da bir çoxu baş rol oxuyurlar. Onlara dəstək verirəm, tamaşalarına gedirəm. Bu zəncir qırılmamalıdır”
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Mənsum İbrahimov bildirib. Aktyor son illərdə bütün sahələrdə süni intellektin izinin olduğunu da açıqlayıb:
“Süni intellekt yaxşı bir şeydir ki, ondan faydalansınlar. Amma çox təəssüf ki, son günlər ancaq bundan faydalananların dələduzlar olduğunu görürük. Onlar insanları aldadırlar. Süni intellektlə, kompyuterlə səs düzəltməyin gələcəyi yoxdur. Götürək elə texnika inkişaf etdi, başladılar qidaları, meyvə-tərəvəzləri kodlaşdırmağa.. Amma insanlar təbii qidalar axtarırlar. Çünki hamısı zərərli şeylərdir. Süni intellekt normal insanın səsini verə bilməz. Bu mümkünsüz bir şeydir. Normal insan səsi hər zaman hər şeydən üstün olacaq” deyə sənətkar bildirib.