İctimai nəqliyyatda böyüklər və xanımlar gəldikdə ayağa qalxmaq ADƏTİNİ KİM YARADIB? - ƏSLİNDƏ İSƏ...
Ekskluziv
898
08:50, Bu gün

İctimai nəqliyyatda böyüklər və xanımlar gəldikdə ayağa qalxmaq ADƏTİNİ KİM YARADIB? - ƏSLİNDƏ İSƏ...

 
 
Bir oturacaq tarixi dəyişə bilərmi? Bir insanın sadəcə bir avtobus oturacağında ayağa durmaması dünyanı dəyişə bilərmi? Qaranlıq keçmişin divarlarını sındırıb azadlığın işığını yandıra bilərmi? Milyonlarla insanın boyun əydiyi bir qaydaya qarşı çıxmaq cəmiyyətin ən dərin köklərinə işləyən ədalətsizliyi sarsıda bilərmi?
 
Bu sualların hamısının bir cavabı vardır: Bəli, bu, mümkündür!
1955-ci ilin soyuq dekabr axşamı Alabamanın Montqomeri şəhərində avtobusda bir ağdərili qaradərili bir qadından qalxıb ona yer verməsini tələb etdi. Sürücü də həmin qadını yerindən qalxmağa çağırdı, lakin o, buna boyun əymədi və avtobusda ayağa qalxmaqdan imtina etdi. O, sadəcə oturmaq istəyirdi – insan kimi, bərabər hüquqlu bəşər övladı kimi. O qadının adı Roza Parks (Rosa Louise Parks) idi. O, qorxmadı. O, səssiz bir savaşım ilk cəsarətli addımını atdı.
 
Səssiz bir qiyam – necə başladı?
Roza Parks o gün avtobusa mindikdə heç kim onun tarix yazacağını düşünmürdü. Ağdərili sərnişinlərə yer vermək üçün qara dərili insanlar avtobusun arxa sıralarına keçməli idi. Bəlkə də yüzlərlə dəfə eyni hadisə yaşanmış və buna müqavimətsiz boyun əyilmişdi. Amma bu dəfə fərqli oldu: Roza Parks "yox" dedi. Sürücünün və polisin bütün təzyiqlərinə baxmayaraq, yerindən qalxmadı. Nəticədə isə həbs olundu. Lakin onun bu etirazı təkcə bir şəxsin həbsindən ibarət deyildi. Bu, bütöv bir xalqın azadlıq uğrunda mübarizəsinin başlanğıcı oldu. Parksın həbsindən sonra Montqomeri şəhərindəki qaradərililər avtobusları boykot edərək minməməyə başladılar. 381 gün davam edən bu boykot nəticəsində nəqliyyat sistemi çökmə həddinə çatdı və nəhayət, Ali Məhkəmə avtobuslardakı irqi ayrı-seçkiliyin qanunsuz olduğuna qərar verdi.
Sonralar bəzi mütəxəssislər Roza Parksın bu addımı atmasında həmin hadisədən üç ay əvvəl öldürülən qaradərili Emmett Tillin hadisəsindən də təsirləndiyini qeyd etmişdir.
 
Beləliklə, sadə bir qadın böyük bir miras qoydu! Roza Parks uzun illər mübarizənin önündə dayandı. O, insan hüquqları uğrunda mübarizə aparan Martin Lüter Kinq kimi liderlərlə çiyin-çiyinə dayandı. O, heç vaxt məşhur olmaq üçün deyil, ədalət naminə mübarizə apardı. Parksın cəsarəti sayəsində Afrika əsilli amerikalılar üçün yeni bir dövr başladı.
Onun həyatı sübut etdi ki, bəzən böyük dəyişikliklər üçün nəhəng güclərə ehtiyac yoxdur. Sadəcə bir insanın inadı, vicdanı və qətiyyəti bəşəriyyəti dəyişdirə bilər.
Təsadüfi deyil ki, 1999-cu ildə "Time" jurnalı onu XX əsrin insan hüquqları müdafiəçisi seçdi. Bundan başqa, Parks 1996-cı ildə Prezident Azadlıq Medalı ilə təltif olundu. 1999-cu ilin əvvəlində isə Konqresin Qızıl Medalına layiq görüldü və bu mükafatı sabiq prezident Bill Klintonun əlindən aldı. ABŞ Konqresi onu həmçinin "vətəndaş hüquqlarının birinci xanımı" və "azadlıq hərəkatının anası" kimi təltif etmişdir.
 
 Yunis Xəlilov
Hüquqşunas 
Link kopyalandı!
Son xəbərlər