Bizi sosial şəbəkələrdən izləyin:
“İbrahim Tatlısəs Şəfiqə xanımın “Nədən oldu?” mahnısını ondan icazə almadan ifa etmişdi. Özü də anonim yazmışdı. Şəfiqə xanım buna əsəbləşmişdi. Onsuz da o İbrahim Tatlısəsdən qonorar almayacaqdı ki.. İbrahim Tatlısəs Bakıda konsert verəndə Şəfiqə xanım Heydər Əliyev adına sarayın liftinin qarşısında onu gözləyirdi. Ordan keçəndə Şəfiqə xanım deyib ki, İbrahim bəy, “Nədən oldu?” mahnısı mənimdir. İbrahim bəy onun bu sözünü eşitdi amma önəmsəməyib çıxıb getdi. Bəlkə də İbrahim Tatlısəs Şəfiqə xanımı tanımamışdı. Sonra taleh elə gətirdi ki, İbrahim Tatlısəs Nüşabə Ələsgərlinin oğlunun toyuna gəldi. Şəfiqə xanımı orada gördü və ondan üzr istədi. Hətta başının üstündə dayandı və əlini də öpdü. Orada heç bir qonorardan söhbət də gedə bilməzdi”
Bunu Moderator.az-a açıqlamasında mərhum bəstəkar Şəfiqə Axundovanın bacısının gəlini Svetlana Nəzərli bildirib. O daha sonra əlavə edib:

“Şəfiqə xanım heç bir mahnısına bir manat da pul almayıb. Heç kim deyə bilməz ki, Şəfiqə xanım kimdənsə mahnıya görə qonorar istəyib, pul tələb edib. Bu gün müğənnilər var ki, efirə çıxır, mahnısını oxuyur heç adını da çəkmir. O gün Kəmalə Günəşli “Neyçün gəlməz”i oxudu. İndi mən də öz səsimi ona eşitdirəcəm. Zəng edib deyəcəm ki, mahnını adam oxuyanda bir icazə alar. Şəfiqə xanımın varisi mənəm, amma məndən icazə alınmayıb. Şəfiqə xanım ömrünü, uşağlığını musiqiyə həsr edib. Bilirsiniz ki, o böyük qadağalara baxmayaraq bu sənəti seçib. Atası uşaqlıqda pianonu qıfıllayıb ki, qızı ifa edə bilməsin, amma istedadı boğmaq olmaz. Şəfiqə xanım kimi bir qadın, bəstəkar, ana yox idi. Çox mülayim insan idi. Şəfiqə xanım o vaxt bəzi müğənniləri efirdə görəndə həmişə deyirdi ki, onlar yaddan çıxıb gedəcək, amma mən tarixdə qalacam. Həqiqətən də elə oldu. Bir bəstəkar kimi xoşbəxt olsa da, qadın kimi xoşbəxt olmadı. Şəfiqə xanım özünü incəsənətə qurban verdi. Hətta ailəsinə vaxt ayıra bilmədiyi üçün həyat yoldaşı onu tərk etmişdi” deyə bəstəkarın qohumu bildirib.