“İsrail də belə situasiyada Azərbaycanın maraqlarını nəzərə almalıdır...”
Ekskluziv
884
11:56, Bu gün

“İsrail də belə situasiyada Azərbaycanın maraqlarını nəzərə almalıdır...”

“Ola bilər ki, Amerika İranın nüvə obyektlərinə daxil olmaq üçün qısamüddətli, bir, yaxud iki günlük lokal əməliyyat keçirsin. Hipotetik variantlardan biri də budur...”
 
“ABŞ və İsrailin İranın nüvə proqramını durdurmaqla bağlı planlarında qaranlıq məqamlar çoxdur.  Amma prezident Məsud Pezeşkianın Trampla bağlı son sərt çıxışına qədər hiss olunurdu ki, İranla müəyyən razılaşmalar var. Əvvəlcə ali dini lider Əli Xamnei də sərt mövqe tutdu ki, Amerika ilə heç bir danışıqdan söhbət gedə bilməz. Lakin ondan sonrakı gediş, o cümlədən Pezeşkianın da bəyanatlarından bəlli olur ki, İran tərəfi tamamən, imperativ şəkildə danışıqlardan imtina etmir, sadəcə ABŞ-nin diktə mövqeyindən geri çəkilməsini istəyir”. 
 
Azad Azərbaycan Partiyasının sədri Akif Nağı Moderator.az-a açıqlamasında “Görəsən,  bəzi məlumatlara görə, ABŞ ilə birgə İranın nüvə proqramını durdurmaq üçün həmin ölkəyə hücuma hazırlaşan İsrail həmin savaşdan müttəfiqi Azərbaycanın da zərər çəkəcəyini nəzərə alırmı” sualını cavablandırarkən belə deyib.
 
“Təbii ki, İranın maraqları və bir çox iqtisadi çətinlikləri mövcuddur. Neft-qaz ölkəsi olmasına baxmayaraq son aylar ciddi elektrik və yanacaq böhranı yaşayır, əhaliyə işıq qrafiklə verilir.  Eləcə də digər daxili problemləri var. Həmçinin Bayden administrasiyası dövründə İranın qeyri-rəsmi, qaçaqmalçılıqla qaz-neft nəqlinə göz yummasına rəğmən Tramp hakimiyyətə gələndən bunların qarşısını birmənalı şəkildə alır. Ona görə də İran son nəticədə məcburdur ki, müəyyən razılıqlara getsin. ABŞ-nin mövqeyi də ondan ibarətdir ki, nüvə tədqiqatları dayandırılmalı və İranın nüvə silahı olmamalıdır. İran isə hələlik mövqeyini qoruyub saxlayır”, - deyə davamında həmsöhbətimiz bildirib.
 
“Lakin təbii ki, rəsmi Tehran həm Amerika, həm də İsraillə qarşıdurmaya gedərsə və İrana qarşı genişmiqyaslı əməliyyatlar başlayarsa, Azərbaycana çox böyük zərərlər dəyəcəkdir. Buna görə də, sözsüz ki, ABŞ kimi İsrail də  belə bir situasiyada Azərbaycanın maraqlarını nəzərə almalıdır. Həm müttəfiq olduğumuza görə, həm də Azərbaycan-Türkiyə tandemi var- bu tandemlə hər kəs hesablaşır. Odur ki, İsrail yalnız dostluğa, müttəfiqliyə görə yox, eyni zamanda bu tandemin gücünə görə Azərbaycanın maraqlarını mütləq nəzərə almalıdır. Və yəqin ki, elə nəticə deyilənlərə uyğun olacaqdır. ABŞ və İsrail İranla son həddə sərt qarşıdurmaya getməyəcək, genişmiqyaslı əməliyyatlar keçirilməyəcəkdir. Yəni Azərbaycanın maraqları istənilən halda nəzərə alınacaqdır. Amma ola bilər ki, Amerika İranın nüvə obyektlərinə daxil olmaq üçün qısamüddətli, bir, yaxud iki günlük lokal əməliyyat keçirsin. Hipotetik variantlardan biri də budur. Ancaq o halda da əməliyyatlar geniş miqyas almadığından Azərbaycana elə bir zərər dəyməyəcəkdir”, - deyə partiya sədri diqqətə çatdırıb.
 
Sultan Laçın
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər