Təhlükəsizlik zəmanəti: Bu zəmanətə etibar etmək olarmı?
Ekskluziv
643
11:28, Bu gün

Təhlükəsizlik zəmanəti: Bu zəmanətə etibar etmək olarmı?

Rusiya-Ukrayna müharibəsi uzandıqca işğala məruz qalan Ukraynaya təhlükəsizlik zəmanətinin verilməsi məsələsi ilə bağlı müzakirələr beynəlxalq siyasi arenada daha sıx müzakirə edilməkdədir. Ukraynanın insan resursu, hərbi-iqtisadi, eləcə də mənəvi-psixoloji gücü azaldıqca bu məsələ Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən də gündəmə gətirilməkdə, ABŞ və digər dünya güclərinin diqqətinə çatdırılmaqdadır.

Bəs təhlükəsizlik zəmanəti həqiqətmi təhlükəsizdir? Bu zəmanətin çətiri altına sığınmaq həmin dövləti doğrudanmı bütün təhlükələrdən hifz edir?

Təəssüflər olsun ki, beynəlxalq siyasi müstəvidə bugünə qədər baş verən reallıqlara nəzər salsaq görərik ki, təhlükəsizlik zəmanəti əslində heç vaxt böyük təhlükələr qarşısında ciddi bir sipər olmayıb. Bu cür zəmanətlər daha çox siyasi-psixoloji baxımdan çəkindirici amil daşıyıb və  praktik baxımdan proseslərə əhəmiyyətli dərəcədə təsir göstərməyib. Bunun ən böyük nümunəsi Ukrayna dövlətidir.

SSRİ dağılan zaman Ukrayna ərazisindəki nüvə silahlarının Rusiyaya qaytarılması müqabilində üç dövlətdən – Rusiya, Böyük Britaniya və ABŞ-dan təhlükəsizlik zəmanəti aldı. 1994-cü ilin Budapeşt memorandumu çərçivəsində verilən bu zəmanət Ukraynanın hər cür təhlükədən müdafiəsini nəzərdə tuturdu. Lakin üç il bundan öncə Ukraynanın məhz ona təhlükəsizlik zəmanəti verən Rusiya tərəfindən hücuma məruz qalması bu cür təminatların kifayət qədər etibarsız olduğunu göstərdi.

Torpaqları 30 ilə yaxın müddətdə işğal altında qalan, Rusiya, ABŞ və Fransanın təmsil olunduğu Minsk qrupu tərəfindən illərlə aldadılan, təzyiqə məruz qalan Azərbaycanın 2020-ci ildə işğal problemini güc yolu ilə həll etməsi gerçəyi də göstərdi ki, ən ali təhlükəsizlik zəmanəti hər bir dövlətin öz ordusu, öz hərbi qüdrətidir. Necə ki, Azərbaycan 44 günlük Vətən müharibəsində təkbaşına – yalnız öz gücü ilə erməni işğalına son qoyaraq ərazi bütövlüyünü, suverenliyini təmin etdi.

Ölkəmizin yaşadığı təcrübə, habelə hazırda dünyada baş verən proseslər bir daha sübut edir ki, dünən olduğu kimi, bu gün də Azərbaycanın yeganə təhlükəsizlik qarantı onun Silahlı Qüvvələri, yenilməz ordusudur. Və bu ordu öz xalqını, öz dövlətini hər cür təhdid və təhlükədən qorumağa qadirdir!

Seymur ƏLİYEV

Link kopyalandı!
Son xəbərlər