Tanınmış psixoloqdan Taliyə İbrahimovaya CAVAB:
Ekskluziv
1223
09:40, Bu gün

Tanınmış psixoloqdan Taliyə İbrahimovaya CAVAB: "Kişi qadının güzgüsü deyil, qadın kişinin güzgüsüdür"

Dünən sosial şəbəkələrdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimovanın  "Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır"- fikri böyük narazılığa səbəb oldu. Belə ki, vəzifəsindən asılı olmayaraq bir qadının öz həmcinsi haqqına bu fikirləri səsləndirməsi qəbulolunan məsələ olmadığı bildirildi. 

 Bəs görəsən reallıq necədir? Həqiqətənmi boşanmaların əsas təşəbbüskarı qadınlardır? 

 

Mövzu ilə bağlı tanınmış psixoloq Samirə Bağırova Moderator.az-a danışdı. Bildirdi ki, Taliyə İbrahimova boşanmaların təşəbbüskarı qadınlar olduğunu deyərək  qadınları günahlandırmış olur. Çünki bu yanaşmanın kökündə yenə keçmişlə müqayisə dayanır:
 

"Ümumiyyətlə biz bir millət olaraq, istənilən sahədə həmişə kimisə günahlandırmağa çalışırıq. Bu da genetik kök salmış yanlış tərbiyənin qalıqlarıdır ki, virus kimi hələ də yayılmaqda davam edir. Birini günahlandırmaq vərdişi, ya valideynin övladı çox danlamağından, ya da uğursuz kişinin hər şeydə arvadını günahlandırmasından başlayar və qarşısındakının özünü günahkar hiss etdirmək tərbiyəsi zamanla ölkənin bütün qurumlarından tutmuş, boşanmalarına qədər virus kimi yayılaraq idarə edər. Heç kimin ağlına gəlməz ki, “ biz harda yanlış etmişik ? “, sualına fokuslansın. Kişi arvadını, arvad övladını, övlad gələcəkdə həyat yoldaşını, əhali məmuru, məmur daha üst məmuru, beləcə zəncirvari şəkildə hamı bir- birini günahlandırar, amma bir çarə qılınmasına baxılmaz.

Boşanmalar demək olar ki,  çox halda hər iki tərəfin yanlışları ucbatından baş verir.  Taliyə İbrahimova boşanmaların təşəbbüskarı qadınlar olduğunu deyərək, elə o da qadınları günahlandırmış olur. Çünki bu yanaşmanın kökündə yenə keçmişlə müqayisə dayanır. İnsanlar nədənsə heç bir şəkildə  keçmişdən qopa bilmirlər. İllah da, günahlandırmağa bir fiqur axtarırlar. Hər məsələdə yanlış olan da məhz  budur. Bu söz bir qurum tərəfindən məsələni düzəltmək, yaxud  dəyişmək üçün  ideya deyil. Heç kim “ nə etməliyik, yaxud bunu etməliyik ” kimi yeni bir fikir, təklif  irəli sürmür. Hamı ya keçmişdən misal çəkir, ya müqayisə edir, ya da günahlandırır. Bu gün hər şey, hətta qadınlar da başqadır. Bu günün qadını xəyanətə göz yummağı, narsistə tab gətirməyi, qaynana sözü götürməyi, ac qalmağı, çətinliyə dözməyi seçmir. Çünki bu günün Azərbaycan qadını artıq özünə güvənir və özündən başqa da heç kimə güvənə bilmir. Həm təhsil alır, həm də çalışıb pul qazanmağı bacarır. Bir çox məsələlərdə kişidən üstünlüyü nümayiş etdirir. Bəli bu şəkildə də, kişi özünü kişi kimi  sübut edə bilmir və qadının yanında avtoriteti zəif düşür. Qadınlar həm intellekt, həm bacarıq baxımından inkişaf edirlər, kişilər isə inkişafdan geri qalırlar. Çünki hələ keçmişdən kişi yalnız pul qazanmağa fokuslanır və “ çəkilin atanız işdən gəlir “ deyəndə hamı çörək gətirəni hörmətlə qarşılayırdısa, bu gün qadınlar hər şeyi çatdırır, üstəlik pul da qazanır və kişi inkişafdan geri qalmış kimi görünür. Əxlaq, ədəb məsələsinə gəlincə isə hər bir qadın şüuraltı atasına bənzər kişi seçir. Bir ata qızının tərbiyəsində necə, hansı davranışları ilə  nümunə olubsa, qızının gələcək seçimi də eynisi olur. Kişi qadının güzgüsü deyil, qadın kişinin güzgüsüdür. “ Dostunu göstər deyim kimsən “  məsəli yanlışdır. Qadınını, qızını göstər deyim kimsən".

Link kopyalandı!
Son xəbərlər