Boşanmaların 70 faizinin SƏBƏBLƏRİ BUNDAN QAYNAQLANIR 
Ekskluziv
867
12 Mar 2025 | 19:16

Boşanmaların 70 faizinin SƏBƏBLƏRİ BUNDAN QAYNAQLANIR 

"Boşanmaların 70 faizinin təşəbbüskarı qadınlardır. Onlar xasiyyətlərinin uyğun gəlmədiyini əsas gətirirlər, amma təcrübə daha dərin problemlərin olduğunu göstərir"
 
Bu sözləri  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova bildirib. Onun bu çıxışı sosial şəbəkələrdə böyük narazılığa səbəb oldu. Belə ki, bir xanım tərəfindən belə bir açıqlamanın verilməsini qəbuledilməz hesab etdilər. 
 
 
 
Mövzu ilə bağlı Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Moderator.az-a danışdı. Bildirdi ki, boşanma sosial və psixoloji baxımdan kompleks bir fenomendir və statistikalar da göstərir ki, onun 70%-nin təşəbbüskarı qadınlardır:
 
"Ümumi səbəb kimi “xasiyyətimiz uyğun gəlmədi” göstərilsə də, bu, problemin səthi izahıdır. Əslində, qadınların boşanma qərarı verməsinin arxasında daha dərin psixoloji, sosial və hüquqi faktorlar dayanır.
Nəzərə almaq lazımdır ki, qadınlar ailədaxili emosional münasibətlərin əsas daşıyıcılarından biri hesab olunur. Onlar münasibətlərdə emosional bağlılığa və qarşılıqlı dəstəyə daha çox ehtiyac duyurlar. Əgər qadın öz ailəsində sevgi, diqqət və qayğının çatışmadığını hiss edirsə, zamanla bu, münasibətlərin zəifləməsinə və ayrılma qərarının qəbul edilməsinə gətirib çıxara bilər.
 
Müasir psixoloji araşdırmalar da göstərir ki, qadınların boşanma qərarı verməsinin əsas səbəblərindən biri həyət yoldaşlarının onları emosional və mənəvi baxımdan dəstəkləməməsidir. Ona görə də ailə-məişət zorakılığı qadınların boşanma qərarına təsir edən mühüm amillərdən biridir. Psixoloji, fiziki və ya iqtisadi zorakılıq qadınların öz rifahlarını və psixi sağlamlıqlarını qorumaq üçün münasibətləri sonlandırmalarına səbəb ola bilir. BMT və Dünya Səhiyyə Təşkilatının araşdırmaları göstərir ki, zorakılığa məruz qalan qadınların boşanma ehtimalı digər qadınlara nisbətən xeyli yüksəkdir.
Qeyd edim ki, keçmişdə qadınların boşanmaqdan çəkinməsinin əsas səbəblərindən biri iqtisadi asılılıq idi. Lakin müasir dövrdə qadınların əmək bazarında aktiv iştirak etməsi, iqtisadi müstəqilliklərinin artması onların ailə quruluşu ilə bağlı daha sərbəst qərar vermələrinə imkan yaradır. Onlar öz hüquq və imkanlarını daha yaxşı dəyərləndirir və münasibətləri davam etdirməkdə iqtisadi zərurət hiss etmirlər.
 
Ona görə də boşanma prosesində uşaqların psixoloji vəziyyəti xüsusi diqqət tələb edir. Araşdırmalar göstərir ki, boşanmalar uşaqlarda depressiya, həyəcan-təşviş və davranış problemlərinə səbəb ola bilir. Əgər valideynlər boşanma sonrası uşaqlara psixoloji dəstək göstərməsə, bu onların akademik və sosial həyatlarına mənfi təsir edə bilər. Buna görə də, boşanan cütlüklərin psixoloq və ailə terapevtlərinin köməyindən istifadə etməsi vacibdir.
 
Qeyd edim ki, cəmiyyətdə boşanma yalnız mənfi bir hadisə kimi deyil, bəzi hallarda sağlam bir qərar kimi də qiymətləndirilməlidir. Əsas məsələ boşanmaların qarşısını almaq deyil, ailələrin sağlam münasibət qurmasına dəstək verməkdir. Bu səbəbdən, evlilik öncəsi psixoloji məsləhətləşmələr, ailə terapiyası və cütlüklər üçün psixoloji dəstək proqramları genişləndirilməlidir.
 
Boşanmaların sayının azalması üçün yalnız hüquqi mexanizmlər deyil, psixoloji və sosial mexanizmlər də işə salınmalıdır. Dövlət və qeyri-hökumət təşkilatları tərəfindən ailə psixologiyası üzrə dəstək mərkəzləri yaradılmalı və cütlüklərə münasibətlərini sağlam şəkildə qurmaq üçün təlimlər keçirilməlidir. Gənclərin evliliyə hazırlığı ilə bağlı maarifləndirmə işləri aparılmalı, münasibətlərin idarə olunması, konflikt həlli bacarıqları və ailə dəyərləri ilə bağlı təlimlər təşkil edilməlidir. Belə proqramlar cütlüklərin gələcəkdə boşanma ehtimalını azalda bilər.
 
Evliliklərdə ünsiyyət problemləri əsas boşanma səbəblərindən biridir. Cütlüklərə effektiv ünsiyyət strategiyaları öyrədilməli və ailə daxilində dialoq mədəniyyəti formalaşdırılmalıdır.
Boşanma qərarlarının 70%-nin qadınlar tərəfindən verilməsi həm də onların ailədaxili vəziyyətdən, sosial statusdan və psixoloji amillərdən necə təsirləndiyini göstərir. Lakin əsas məqsəd boşanmaları zorla azaltmaq deyil, ailələrin sağlam münasibətlər qurmasını dəstəkləməkdir. Dövlət siyasəti, psixoloji maarifləndirmə və cütlüklər üçün psixoloji dəstək proqramlarının inkişafı bu məsələdə mühüm rol oynaya bilər. Ədliyyə Nazirliyinin nikahın pozulması zamanı psixoloji konsultasiyanı qanunvericiliyə daxil etməklə bağlı təşəbbüsü də bu baxımdan çox əhəmiyyətlidir. Bu mövzuda psixoloji və hüquqi yanaşmaların bir arada işlənməsi, sağlam ailə modelinin təşviq edilməsi və cütlüklərin münasibətlərinə dəstək verilməsi Azərbaycan cəmiyyətində ailə institutunun güclənməsinə kömək edə bilər".
 
Link kopyalandı!
Son xəbərlər