Bizi sosial şəbəkələrdən izləyin:
Türkiyə Ukraynada ədalətli sülhün əldə olunmasında mühüm rol oynaya bilər.
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, bunu “Ukrinform”a açıqlamasında Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Andrey Sibiqa deyib.
"Türkiyənin rolu (Rusiya Federasiyasının Ukraynaya qarşı müharibəsinin dayandırılması məsələsində - "UNİAN") həm bu ölkənin potensialını, həm də regionda, xüsusən də Qara dəniz regionunda oynadığı rolu nəzərə alsaq, son dərəcə vacibdir... Türkiyə Avropa qitəsində ən böyük ordulardan birinə malikdir. Və təbii ki, gələcək razılaşmalar kontekstində Ukraynada ədalətli və hərtərəfli sülhə nail olmaq üçün bu rol mütləq şəkildə özünü göstərəcək", -diplomat izah edib.
Onun sözlərinə görə, məhz Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə 2022-ci ildə Qara dənizdə “taxıl dəhlizi” yaradılıb.
"Türkiyə də hərbi əsirlərin azad edilməsi prosesində fəal iştirak edib, buna görə minnətdarıq", - Sibiqa əlavə edib.
Türkiyə və Ukrayna münasibətləri haqda son xəbərlər
Bundan əvvəl “The Telegraph” nəşri Türkiyənin Ukraynaya sülhməramlı kimi qoşun göndərə biləcəyini yazıb. Nəşrin məlumatına görə, bu məsələ regional sabitliyin və sülhün təmin edilməsi üçün zəruri hesab ediləcəyi təqdirdə baxılacaq.
"Reuters" Türkiyənin Ukrayna və Rusiya arasında sülh danışıqları aparmağı təklif edəcəyini də yazıb. Nəşr xatırladıb ki, Türkiyə genişmiqyaslı müharibə başlayandan bəri Ukrayna və Rusiya ilə yaxşı münasibətlər saxlayır.
S.Laçın