Bizi sosial şəbəkələrdən izləyin:
“Azərbaycanın başqa seçimi yoxdur və ola da bilməz...”
“Təbii ki, Azərbaycan bütün situasiyalarda özünün dövlət maraqlarından çıxış edir... İsraillə də dövlətimizin münasibətləri xoşdur. Bu yaxınlarda Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyev həm İrana, həm də İsrailə səfərlər etdi. Həmin görüşlərdə vacib məsələlər müzakirə olundu. İsraildən də belə bir təklif gəldi ki, ABŞ-İsrail-Azərbaycan arasında növbəti bir “İbrahim” müqaviləsi imzalansın. Bununla bağlı da söhbətlər gedir. Yaxın günlərdə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovun da İsrailə səfəri gözlənilir”.
Azad Vətən Partiyasının sədri Akif Nağı bunu Moderator.az əməkdaşının “Biri ilə həm qardaş, həm strateji müttəfiq, digəri ilə isə müttəfiq olan Azərbaycan Türkiyə-İsrail münasibətlərinin gərginləşəcəyi halda necə bir mövqe tutmalıdır?” sualını cavablandırarkən söyləyib.
“Bir sözlə, İsraillə münasibətlərimiz xoşdur. Bundan bəzi dövlətlər, o cümlədən İran narahat olur. Əslində Türkiyə də narahat olmalı deyil. Çünki təcrübə göstərir ki, Azərbaycanın sözü istənilən dövlət tərəfindən eşidilir. Və əvvəla, Türkiyə və İsrail arasında sərt qarşıdurma gözlənilmir. Amma əgər belə bir şey baş verərsə, Azərbaycan, təbii ki, qardaş Türkiyənin yanında olacaq. Azərbaycanın başqa seçimi yoxdur və ola da bilməz...”
Sultan Laçın