Xankəndidə mina cəhənnəmi: Separatçılar sadə erməniləri də bu cəhənnəmdə əsir edib...
Ekskluziv
787
09:30, Bu gün

Xankəndidə mina cəhənnəmi: Separatçılar sadə erməniləri də bu cəhənnəmdə əsir edib...

Erməniəsilli şəxslərlə bağlı Bakıda keçirilən məhkəmə prosesində terrorçuların törətdiyi cinayətlərlə bağlı yeni detallar ortaya çıxıb. Şahid ifadələrindən məlum olub ki, erməni iş adamı Ruben Vardanyan vaxtiylə Xankəndə və ətraf ərazilərdə nəinki qeyri-yaşayış ərazilərini, hətta yaşayış yerlərini, ictimai əhəmiyyətli məkanları da mina tarlasına çevirib.

Qarabağda yaşayan erməniəsilli şəxs Hayrapetyan Kamo Eduardoviç Xankəndidəki minalama işlərinin Ruben Vardanyanın maliyyəsi ilə aparıldığını bildirib. O, məktəb və digər ictimai yerlərdə minalarla bağlı plakatların yerləşdirdiyinə də diqqət çəkib:

“Xankəndidə yaşayan ermənilər də Qarabağ ərazisində minalanma işlərinin Ruben Vardanyan gələndən sonra geniş vüsət aldığını biliblər. Məktəblərdə, binaların ətrafında, meşələrdə və boş ərazilərin yaxınlığında həmin minalarla bağlı məlumat xarakterli plakatlar yerləşdirilib. Halbuki 44 günlük müharibəyə qədər minalarla bağlı heç bir plakat olmayıb”.

Maraqlıdır ki, Xankəndidə mina cəhənnəmi yaradan Vardanyan, ermənilərin özünü belə minalardan qorumaq üçün heç bir tədbir görməyib. Sadəcə, bəzi nöqtələrdə  ərazinin minalanması ilə bağlı plakatlar yerləşdirməklə kifayətlənib. Ruben Vardanyanın minalama prosesinə geniş vüsət verməsinə səbəb isə Xankəndinin Azərbaycan Ordusu tərəfindən azad ediləcəyi təqdirdə şəhərin hər qarışını hərbçilərimiz üçün mina cəhənnəminə çevirmək olub. Ruben Vardanyan və onun əlaltıları öz məqsədlərinə çatmaq üçün yaşlı, uşaq, qadın demədən Xankəndidə yaşayn ermənilərin öz həyatını belə riskə atmaqdan çəkinməyib.

Bu fakt separatçıların xalqımıza, Azərbaycan insanına duyduğu nifrətin hədsiz böyüklüyü ilə yanaşı, onların sadə ermənilərin həyatına heç bir dəyər vermədiyini göstərir. Görünür, Vardaryan və ətrafındakılar hesab edib ki, Azərbaycan insanını öldürmək kimi “ali məqsəd” naminə hansısa erməni uşağının təsadüfən minaya düşüb ölməsində heç bir faciə yoxdur. Əksinə, uğur üçün müəyyən qurbanların verilməsi təbiidir və hər kəs buna hazır olmalıdır.

Bakıdakı məhkəmə prosesi və bu prosesdə səslənən şahid ifadələri göstərir ki, Xankəndidə mina cəhənnəmi yaradan separatçıların ermənilərin özünü də bu cəhənnəmə məhkum edib, onların da həyatını  risk altına alıblar. Hansı ki, bu təhlükə 2023-cü il  19-20 sentyabr tarixində Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda apardığı lokal antiterror əməliyyatı ilə ortadan qalxıb, separatçılar zərərsizləşdirilib. Bu baxımdan hazırda Bakıda keçirilən məhkəmə prosesində bütün digər cinayətlər kimi minalama prosesi ilə bağlı həqiqətlərin də ortaya çıxması, müqəssirlərin cəzalandırılması Azərbaycanla yanaşı, sıradan ermənilərin də mənafeyinə uyğundur və onlar tərəfindən də təqdir edilməlidir.

Bu gün Xankəndi hər kəs üçün ən təhlükəsiz şəhərlərdən biridir və bunun səbəbkarı isə Azərbaycan Silahlı Qüvvələri, onun Müzəffər Ali Baş Komandanıdır. Vaxtiylə bu qədim, tarixi Azərbaycan şəhərini minalayan, onu qan gölünə döndərmək istəyənlərə gəlincə, onların məhkəmə tərəfindən ədalətli şəkildə cəzalandırılacağı şübhəsizdir!

Seymur ƏLİYEV

 

Link kopyalandı!
Son xəbərlər