12 mart Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının yaranması günüdür.
Bu əlamətdar gün münasibətilə Moderator.az-a açıqlama verən millət vəkili Məşhur Məmmədov, Daxili Qoşunların hərb tariximizdəki roluan diqqət çəkib, onların vətənimizin müdafiəsi, işğaldakı torpaqlarımızın azad edilməsi ilə bağlı xidmətlərini yüksək qiymətləndirib:
“DİN-nin Daxili Qoşunları respublikamızın erməni işğalından müdafiəsində mühüm rol oynayıb, ən çətin məqamlarda böyük əzm və fədakarlıq göstəriblər. Hələ Birinci Qarabağ müharibəsi dövründə vətənimizi Ermənistan və onun havadarlarından müdafiə etmək üçün ağır döyüşlərə atılan, bu döyüşlərdə böyük qəhrəmanlıqlar göstərən Daxili Qoşunlar, 2020-ci ilin 44 günlük Vətən müharibəsində də rəşadətlə döyüşdü. Daxili Qoşunlar Vətən müharibəsi zamanı bir sıra yaşayış məntəqlərinin, eləcə də Hadrutun, Cəbrayılın, Füzulinin, Şuşanın azad edilməsində xüsusi fəallıq göstərmiş, əsl qəhrəmanlıq nümunələri ortaya qoymuşdur. Əminliklə demək olar ki, Daxili Qoşunların həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsində göstərdiyi qəhrəmanlıqlar hərf tariximizə qızıl hərflərlə həkk olunub”.
Millət vəkili Daxili Qoşunların işğaldan azad edilən ərazilərdəki fəaliyyətini də yüksək qiymətləndirib:
“Ermənistan 30 ilə yaxın işğal dönəmində torpaqlarımızı minalamış, müxtəlif silah-sursat nümunələri ilə çirkəndirmiş, bu ərazilərdə böyük talanlar və dağıntılar törətmişdir. Buna görə də Azərbaycan Silahlı Qüvvələri torpaqlarımızı işğaldan azad edəndən sonra da orada çoxsaylı problemlər, ciddi təhlükə mənbələri mövcud idi. Daxili Qoşunların istehkamçıları bu istiqamətdə də böyük işlər həyata keçirdi. İşğaldan azad edilən ərazilərin mina və digər döyüş sursatlarından təmizlənməsində aktiv iştirak etdilər. Onlar bu gün də işğaldan azad edilən ərazilərimizdə təhlükəsizlik tədbirlərinin görülməsi istiqamətində uğurla fəaliyyət göstərirlər.
Mən Daxili Qoşunların yaranmasının 33-cü ildönümü münasibətilə bu qoşun növündə xidmət edən bütün əsgər və zabitləri təbrik edir, onlara xidməti fəaliyyətlərində uğurlar arzulayıram”.
Seymur ƏLİYEV