"Tərəflər beynəlxalq ictimaiyyəti, BMT Təhlükəsizlik Şurasını beynəlxalq hüquqa riayət etməyə, İsrailin pozuntularına son qoymağa və onun işğal etdiyi Suriya ərazilərindən çıxmasını təmin etməyə çağırıb..."
Dünən, martın 9-da İordaniyanın paytaxtı Ammanda Türkiyə, İordaniya, İraq, Livan və Suriya nümayəndələrinin diplomatik, hərbi və kəşfiyyat dairələrinin iştirakı ilə görüş keçirilib.
Moderator.az xəbər verir ki, bu barədə "Anadolu" informasiya agentliyi məlumat yayıb.
Məlumata görə, görüşün yekununda ortaq bəyanat dərc olunub. Sənəddə vurğulanır ki, "Suriyanın təhlükəsizliyi və sabitliyi bütün bölgənin təhlükəsizliyi və sabitliyi üçün vacibdir".
Bəyanatda Suriyanın suverenliyinə, sülhünə və təhlükəsizliyinə qarşı yönəlmiş bütün hərəkətlər pislənir, həmçinin yeni hökumətə "Suriyada ictimai nizamın möhkəmləndirilməsi və xalqın təhlükəsizliyinin qorunması üçün atılan bütün addımlarda" dəstək ifadə olunur.
Bəyanat müəllifləri həmçinin İsrailin Suriya ərazisinə təcavüzünü və bu ölkənin daxili işlərinə müdaxilə cəhdlərini qınayıb. Onlar bunu "beynəlxalq hüququn və beynəlxalq humanitar hüququn açıq şəkildə pozulması, Suriyanın suverenliyinə və ərazi bütövlüyünə təcavüz, eləcə də yeni münaqişəyə gətirib çıxaracaq addım" kimi xarakterizə edib.
Tərəflər beynəlxalq ictimaiyyəti və BMT Təhlükəsizlik Şurasını "beynəlxalq hüquqa riayət etməyə, İsrailin pozuntularına son qoymağa və onun işğal etdiyi Suriya ərazilərindən çıxmasını təmin etməyə" çağırıb.
BMT: Suriyadakı qırğın dayandırılmalıdır
BMT də Suriyada baş verən qırğını diqqətə alıb. BMT-nin insan haqları üzrə ali komissarı Folker Türk mülki əhalinin öldürülməsinə son qoyulmasını tələb edib.
"Bizə son dərəcə narahatedici məlumatlar daxil olur. Qadınlar, uşaqlar və yaralı döyüşçülər də daxil olmaqla bütöv ailələrin qətlə yetirildiyi bildirilir. Həmçinin dini zəmində edamlar, müvəqqəti hakimiyyət orqanlarının təhlükəsizlik qüvvələri tərəfindən və ya keçmiş hökumətlə bağlı qruplar tərəfindən törədilmiş qanunsuz edamlar haqqında xəbərlər alırıq", - Türk vurğulayıb.
O, əlavə edib ki, "bütün qətllər və digər hüquq pozuntuları sürətli, şəffaf və qərəzsiz şəkildə araşdırılmalı, günahkarlar beynəlxalq hüquq normalarına uyğun olaraq məsuliyyətə cəlb olunmalıdır". "Dinc əhalini terrora məruz qoyan qruplar da cavab verməlidir", - BMT rəsmisi bildirib.
Suriyada vəziyyət gərginləşir
Xatırladaq ki, ötən həftə Suriyanın sahil bölgələrində mərkəzi hökumət qüvvələri ilə öz ərazilərinə islamçıları buraxmayan yerli silahlı dəstələr arasında döyüşlər başlayıb. Yeni hakimiyyət orqanları həmin silahlı qrupları "Əsəd rejiminin sağ qalmış qalıqları" adlandırır.
Döyüşlər nəticəsində Latakiya və Tartus sahil vilayətlərində yüzlərlə mülki sakin evlərini tərk edib. Bu bölgələr devrilmiş prezident Bəşər Əsədin vətəni hesab edilir. Əsəd isə Suriyanın əhalisinin cəmi 10 faizini təşkil edən, şiəliyin bir qolu olan ələvilərin nümayəndəsidir. Ölkə əhalisinin əksəriyyəti isə sünni müsəlmanlardır.
Dünən Böyük Britaniyada yerləşən Suriyanın İnsan Haqları Müşahidə Mərkəzi Suriyadakı döyüşlərlə bağlı son məlumatları yayıb. Məlumata görə, ələvilərin "müstəqil ərazi" elan etdiyi sahil qəsəbələrində cümə və şənbə günləri təxminən 745 mülki şəxs həlak olub. Ümumilikdə, dörd gün ərzində yeni hakimiyyətin tərəfdarları ilə ələvilər arasındakı şiddətli döyüşlərdə min nəfərdən çox insan ölüb.