Dünən XI siniflər üçün buraxılış imtahanlarının ikinci hissəsi (uyğun rayon və şəhərlər üzrə) təşkil edildi. 58 mindən çox abituriyent ölkənin müxtəlif ərazilərində həm də qəbul prosesinin birinci mərhələsi hesab edilən və onlara maksimal 300 ballıq göstəricilərlə biliklərinə uyğun nəticə ilə təmin edən imtahanlarda iştirak etdi. Amma az qala, hər dəfəsində olduğu kimi budəfəki imtahandan sonra da bəzi sosial şəbəkə hesablarında, xüsusən də TikTok və Teleqram kanallarında kobud dildə desək “buraxılış nağılları” səsləndirilməyə başlanıldı. Onlardan biri müəyyən ixtisaslarda keçid ballarının qalxması, digəri isə guya 9 mart imtahanlarının 2 martdakı buraxılış imtahanlarından daha qəliz təşkili.
Ardıcıllıqla hər iki məsələyə toxunaq:
Keçid balları necə qalxa bilər?
Təbii ki, indi bu fikirləri səsləndirmək kökündən yanlışdır. Amma biz bunu edirik. Təsəvvür edin, hələ buraxılış imtahanları dünən bitib, amma biz indidən hansısa ixtisaslarda keçid balının qalxacağından danışırıq. Təbii ki, nəzəri olaraq ehtimal etmək mümkündür ki, məsələn, İT profilli ixtisasların keçid balları bu il də arta bilər. Bunu yalnız əmək bazarının tələb-təklif mexanizmi və getdikcə artan maraq rakursundan demək olar, başqa nəyəsə görə yox! Hansısa ixtisaslar üzrə keçid ballarının artıb-azalması üçün isə əlimizdə lazım olan dataların heç 10 %-i də yoxdur və indidən olması da mümkün deyil.
Bunun üçün biz:
1)Buraxılış imtahanlarının nəticələrini və onun ümumi gedişata təsirini;
2)Hər iki cəhd blok imtahanlarının nəticələrini;
3) İxtisaslar üzrə ayrılan plan yerlərinin sayını;
4) Həmin plan yerlərində "dövlət sifarişli" üçün ayrılan payı;
5)İxtisas seçiminə buraxılacaq abituriyentlərin sayını;
6)İxtisas seçimində hər hansı x ixtisasa olan müraciət sayını bilməliyik. (Bu isə yalnız sonrakı etapda qismən mümkündür)
Yaxşı, bəs elədirsə, əlimizdə bu 6 ardıcıllıq üzrə datalar yoxdursa, biz "keçid balı artdı, ya azaldı"nı tam dəqiqliyi ilə necə deyə bilərik ki?!
Təbii ki, heç cürə! Bunu ciddi mənada söyləmək, datalar əsasında incələmək sadəcə mümkün deyil. Amma keçid balları hər zaman valideyn və abituriyentlərin həssas yeri olduğundan, 7-dən 77-yə hər kəsi maraqlandırdığından bəzi səhifələr “like” izləyici toplamaqdan ötrü bu cür yanlışlıqlara yol verirlər. Amma məsələnin kölgədə qalan bir başqa etik tərəfi – insanların həssaslığını nəzərə almaq isə təbii ki, unudulub.
Hörmətli valideyn və onların abituriyent övladları, yuxarıda göstərilən sıralamaya uyğun olaraq keçid balların hazırda artıb-azalacağını bilməyimizin hazırda qeyri-mümkün olmasının fərqinə vardıq. Bu cür amillər yalnız və yalnız fokuslanmanı aradan qaldırmağa, hazırlıq zamanı diqqətin paylanmasına səbəb olur. Odur ki, keçid balı ilə bağlı söylənilən nağıllara qətiyyən inanmaq olmaz. Yuxarıdakı sıralamaya əsasən, keçid balları ilə bağlı yekdil olmasa da, müəyyən əsaslara söykənən fikirlər yalnız və yalnız plan yerləri açıqlanandan sonra deyilməlidir. Ümumiyyətlə, universitetə qəbulun ümumi siması, bu prosesin taleyini həll edən əsas məsələ məhz plan yerləridir. DİM-in “Abituriyent” jurnalının universitetlərə ayrılan plan yerlərinin sayı ilə bağlı xüsusi nömrəsi ilə yalnız və yalnız ixtisas seçimindən bir müddət əvvəl həyata keçirmək mümkündür. Əks halda, artıq bir müddətdir ki, təhsildən zərrə qədər də anlayışı olmaya-olmaya kommersiya məqsədilə TikTok platformasiya üzərindən dezo videolar yayanların toruna düşə bilərsiniz.
“9 Mart daha çətin keçdi”
Buraxılış imtahanları ilə bağlı səsləndirilən ikinci absurd fikir isə 9 Martdakı 2 Martda təşkil olunan imtahandan daha çətin olmasıdır. Əgər keçid balları ilə bağlı deyilən fikirlərin nəzəri, səthi şəkildə də olsa əsaslandırılması var idisə, ikinci məsələdə heç bu amil də yoxdur. Əvvəla söhbət burada qəbul prosesinə aid olan iki fərqli mərhələnin (buraxılış və blok) yox, eyni imtahanın müxtəlif zamanlarda keçirilən məzmun xətlərindən gedir. Eyni imtahan daxilində isə bunun tətbiqi sadəcə mümkün deyildir.
Bilməliyik ki, eyni imtahan çərçivəsində DİM-in test bankında tapşırıqlar mürəkkəblik dərəcələrinə görə kateqoriyalara ayrılır və imtahanlarda istifadə olunan bütün testlər standart alqoritm vasitəsilə eyni prinsiplə formalaşdırılır.
Hər bir test blokuna daxil edilən tapşırıqların mürəkkəblik dərəcələri üzrə paylanması eyni olur.
Mart ayında buraxılış imtahanları 2 istiqamət üzrə keçirildi və nəticələr əsasında dünyada qəbul olunmuş elmi-statistik metodlar vasitəsilə test variantlarının müqayisəli təhlili aparılacaq və digər məlumatlarla birlikdə ictimaiyyətin diqqətinə çatdırılacaq.
Orta təhsil səviyyəsi üzrə martın 2-də və 9-da keçirilən imtahanların məzmununu müqayisə etdikdə mürəkkəblik səviyyəsinin oxşar olduğunu görmək mümkündür.
Göründüyü kimi, buraxılış imtahanları yenə də öz arxasınca bəzi iddiaları səsləndirmədən getmədi. İndi qalır nəticələri gözləmək. Nəticələr isə imtahanın keçirildiyi vaxtdan 6 həftə müddətində ictimaiyyətə elan olunur. Beləliklə də 2 Mart tarixində imtahan verən şəxslərin buraxılış nəticələri 13 aprel, dünən imtahan verənlərin nəticələri isə 20 aprel tarixindən sonra təqdim ediləcək.
Elmin Nuri
Təhsil məsələləri üzrə tədqiqatçı